Birlik və gözəllik bayramı
Novruz dünyanın ən qədim bayramlarından biridir. Tarixi mənbələrdə hələ e. ə. VII əsrə qədər İranda və Orta Asiyada bu bayramın qeyd olunmasına dair məlumatlara rast gəlinir. Yazın gəlişinə, təbiətin oyanmasına həsr olunan Novruz Şərq və türk xalqları içərisində ta qədimdən çox məşhurdur. Bu bayramın gəlişini hər xalq öz etnik və milli xüsusiyyətlərinə uyğun, özünəməxsus şəkildə keçirsə də, onun əsas ideyası- insanları birliyə, mehribanlığa, paklığa çağırmasıdır. Bu mənada Novruz yalnız təbiətlə bağlı qədimdən qalma mərasimlərin təkrarı deyil, mənəvi, etik və fəlsəfi əsaslara söykənən dəyərlər sisteminin bir parçasıdır. Novruz təbiətin yenilənməsi ilə yanaşı, həm də insanın mənən, ruhən təmizlənməsini, yeni həyatın başlanğıcını təcəssüm etdirir. Elə bu səbəbdəndir ki, Novruz sözünün farscadan tərcüməsi “yeni gün” mənasını verir.
Novruz Azərbaycanda da böyük coşqu və sevinclə qeyd olunur. Azərbaycan xalqının tarixi kökləri ilə sıx bağlı olan bu bayram milli adət-ənənələrin zənginliyi ilə diqqəti cəlb edir. Novruz bayramı martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi bir gündə qeyd olunur. Lakin azərbaycanlılar üçün o, bir qədər əvvəldən-Novruz çərşənbələrindən başlanır. Bayram ərəfəsində qeyd olunan bu çərşənbələr kainatın yarandığı 4 ünsürü təmsil edərək su, od, torpaq və külək çərşənbələri adlanır. Ümumiyyətlə, Novruz bayramı yarandığı gündən əkinçiliklə bağlı olduğu üçün onun bütün atributları və adətləri torpağı və təbiəti təcəssüm etdirir. Məsələn, bayramda cücərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının rəmzidir. Çərşənbələr isə bütünlüklə təbiət hadisələrinin insanların dünyagörüşünə, dərkinə uyğun olaraq mərasimlərdə ifadəsindən ibarətdir.
Su çərşənbəsi adlanan birinci çərşənbə buzların əriyib çaylara tökülməsini, torpağın islanmasını təmsil edir. Su çərşənbəsində səhər tezdən bulaq üstə gedib əl-üzünü yumaq və sərin su gətirib evə çiləmək adət sayılır.
İkinci-od çərşənbəsi günəş istiliyinin get-gedə torpağı qızdırıb onu əkin üçün hazırlanması ilə bağlıdır. Bu çərşənbənin əsas fiquru günəş olduğu üçün onun atributlarından geniş istifadə olunur. Süfrələrdə ailə üzvlərinin sayına görə şamlar yandırılır, həyətlərdə tonqallar qalanır. Od çərşənbəsinə aid edilməsinə baxmayaraq, digər çərşənbələrdə də tonqallar qalanır. İnsanlar tonqalların üzərindən tullanan zaman “ağırlığım-uğurluğum odda yansın” deyərək il boyu yığdıqları azar-bezarın odda yandığını zənn edirlər.
Üçüncü çərşənbə yel çərşənbəsi adlanır. Bitkilər aləminin oyanmasında böyük rol oynayan və inkişafına təkan verən yeli-küləyi təcəssüm etdirir. Yel çərşənbəsi şər qarışanda evlərin qapı və pəncərələrini açırlar ki, təzə bahar küləyi künc-bucağa dəysin və uzun qışın ətalətindən, soyuqluğundan sonra evlərə təravət və yeni ruh gətirsin.
Axırıncı çərşənbə torpaq çərşənbəsi adlanır. El inanclarına görə torpaq ən sonda oyandığı üçün onu belə adlandırmışlar. Qədimdə insanlar məhz axır çərşənbə günü torpağı şumlayar, onu əkin-biçinə hazırlayardılar. Novruz çərşənbələri içərisində axır çərşənbəyə ayrıca önəm verilir. Hər çərşənbədə olduğu kimi, axır çərşənbədə də xüsusi hazırlıq görülür, süfrələrə bayram şirniyyatı, paxlava, qoğal, şəkərbura və şəkərşörəyi düzülür. Bayram xonçalarının ortasına Novruz bayramının əsas atributlarından olan səməni qoyularaq ətrafı müxtəlif çərəzlər, boyanmış yumurtalar və bəzəkli şamlarla bəzədilir . Bəzi bölgələrdə axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bunun üçün bayram süfrəsində yeddi növ çərəzin olması vacib sayılır.
Axır çərşənbəyə aid olan adətlərdən biri də yeddi sin süfrəsinin açılmasıdır. Yeddi sin süfrəsinə “s” hərfi ilə başlayan yeddi ərzaq düzülür. Süfrəyə düzülən bu yeddi sehrli təam qədimlərdə Günəşə ünvanlanan rəmzi hədiyyə sayılırdı. İnsanlar inanırdılar ki, Günəş bu hədiyyəni qəbul edərsə, onlara bol məhsul və bərəkət bəxş edəcəkdir.
Axır çərşənbənin sevilən adətləri içərisində qulaq falının xüsusi yeri var. Odur ki, axır çərşənbədə küsülülər barışmalı, evlərdə mehribanlıq, şənlik hökm sürməlidir. İnsanlar bir-birinə xoş sözlər deməlidirlər ki, niyyət edib qulaq falına çıxanlar eşitdikləri ilk sözə uyğun olaraq istəklərinin baş tutub-tutmayacaqlarını müəyyənləşdirə bilsinlər.
Novruzun ən qədim və maraqlı adətlərindən biri də papaqatmadır. Azərbaycanın bəzi bölgələrində, xüsusilə də Qarabağ bölgəsində buna torbaatma da deyirdilər. Bu məqsədlə evlərdə xüsusi bəzəkli, ya da ağ parçadan kiçik torbalar tikilərdi. Elə bölgələr də var ki, bunu qurşaqatma adlandırırlar. Axır çərşənbədə əsasən uşaqlar və yeniyetmələr qapıları döyərək papaqları, yaxud torbaları qapının kandarında qoyub gizlənirlər. Adətə görə, papaqları boş qoymaq olmaz. Ona görə də ev sahibləri onlara müxtəlif bayram şirniləri yığaraq geri qaytarırlar.
Ta qədimdən Novruz bayramı günlərində “Sayaçı”, “Yuğlama”, “Cütçü şumu”, “Qaravəlli”, “Yel baba” və s. kimi müxtəlif oyun və tamaşalar keçirilmişdir. Xalq tərəfindən sevilən belə oyunlardan biri də “ Kosa-kosa” oyunudur. Odur ki, hər bayramda bu oyun xatırlanır, kosa ilə keçəlin gəlişi bayram təntənəsinə xüsusi rəng qatır. Əyninə tərsinə çevrilmiş kürk geyinən, başına kəllə qənd kağızından uzun şiş papaq qoyan kosa keçəlin müşayiəti ilə şənliyə daxil olur. Cavanlar onu aşağıdakı mahnı ilə qarşılayırlar:
A kosa-kosa gəlsənə,
Gəlib salam versənə
Çömçəni doldursana
Kosanı yola salsana.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər
Yığar bayram xonçasın
Hər yerdə düyün eylər.
Kosa ilə keçəl isə öz duzlu-məzəli sözlərilə, oyunları ilə ətrafdakıları əyləndirir, şənliyi daha da coşdururlar. Bu oyunun yadda qalan epizodlarından biri də kosa ilə keçəlin şənliyə toplaşanlarla yumurta döyüşdürməsidir. Ümumiyyətlə, yumurta döyüşdürmək Novruzun sevimli oyunlarından biridir. İnsanlar boyanmış yumurtaları döyüşdürür və qırılmayan yumurtanın sahibi qalib sayılr. Qırmızı, yaşıl, göy və narıncı rəngə boyanmış yumurtalar həm də bayram xonçalarına xüsusi gözəllik verir.
Novruz bayramı bolluq, xeyirxahlıq və gözəllik bayramı olmaqla yanaşı, həm də insanlar arasında birliyin və mehribanlığın rəmzidir. Novruz bayramında küsülülər barışır, incikliklər unudulur. El inanclarına görə, Novruz günlərində xeyirxah mələklər yalnız niyyəti təmiz, ürəyi işıqlı insanlara bol ruzi və rifah bəxş edir. Bu təmizlik təkcə insanın iç aləminə deyil, onu əhatə edən xarici məkana da aiddir. Təsadüfi deyil ki, Novruz bayramına ilk hazırlıq evlərin, həyətlərin təmizlik işlərindən başlanır. Ona görə də bayram günlərində hər tərəfdə firavanlıq, şənlik, təmizlik hökm sürür. İnsanlar özlərinin yalnız ən müsbət keyfiyyətlərini göstərməyə çalışırlar. Qohum-qonşu, dost-tanış bir-birinin evinə qonaq gedir, qocalara və kimsəsizlərə baş çəkərək onlara bayram sovqatları aparırlar. Novruz bayramında, həmçinin qəbiristanlığı gedərək ölənləri yad edirlər.
Əsrlərdən keçib gələn Novruz adət-ənənələri zamanın sərt sınaqlarına baxmayaraq, öz mövcudluğunu qoruyub saxlamış, universal bəşəri dəyərləri, nəcib insani duyğuları özündə ehtiva edərək günümüzə qədər gəlib çıxmışdır. Hər il planetin 300 milyona yaxın əhalisi Novruz bayramını qeyd edir. Dünyanın bir çox ölkələrində, o cümlədən də Azərbaycanda, dövlət bayramı elan olunan Novruz 2009-cu il sentyabrın 30-da UNESCO tərəfindən qeyri-maddi irs siyahısına daxil edilmiş, 2010 -cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur.
yknews.az