Azərbaycanlığımız və Türklüyümüz-3.yazı
Bütün hallarda “Azərbaycan” kəliməsinin dövlət adı kimi seçilməsi, onun Türk milli kimliyi üzərində ifadəsi təsadüfdən çox, məntiqli bir “yol xəritəsi”dir. Çünki “Azərbaycan” sözü yunan, fars, suriyani mənbələrə görə zahirən coğrafi və ölkə-vətən anlamında Türklüyə yad kimi görünsə belə (halbuki “Azərbaycan” kəliməsi yerli mənbələrdə birmənalı olaraq türklük, oğuzluq, xəzərliklə ifadə olunur), onun xalqının mahiyyət etibarilə Türklüklə bağlı olması Azərbaycan Cümhuriyyəti meydana çıxana qədər əsasən heç kəsdə şübhə doğurmamışdır. Ancaq Azərbaycan Cümhuriyyətinin meydana çıxmasından sonra yeni dövlətin yaşayanlarının türksoylu, irandilli, qafqazdilli ya da digər xalqlardan biriylə bağlı olması barədə fikirlər ortaya çıxmışdır. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, əvvəllər tək-tük hallarda Azərbaycan türk xalqının kimliyilə bağlı səsləndirilən fikirlər Cümhuriyyətin quruluşundan sonra özünün kuluminasiya nöqtəsinə çatmış, bu günə qədər də həmin məsələ ətrafında müzakirələr davam etməkdədir.
Şübhəsiz, bu məsələnin günümüzə qədər aktuallığını qoruyub saxlamasında Rusiya (çar Rusiyası, Sovet Rusiyası, Rusiya Federasiyası), İran (Qacarlar, Pəhləvilər və İİR) və Tükiyə (Osmanlı, Türkiyə Cümhuriyyəti) kimi 3 dövlətin ideoloqlarının, dövlət xadimlərinin də əhəmiyyətli dərəcə də rolu olmuşdur. Özəlliklə, Sovet Rusiyası və Pəhələvilər İranının yetkililəri, ideoloqları 1920-1930-cu illərdə “Türk Azərbaycanı”nın “Türksüz Azərbaycan”a çevrilməsi yolunda böyük bir yol qət etmişlər. Belə ki, bu dövrdə Sovet Rusiyasında Poxomov kimi yarırus yarıyəhudi tarixçilər, Pəhləvilərdə isə Ə.Kəsrəvi, H.Tağızadə tək yarıtürk yarıiranlı alimlər Türk-Oğuz-Turan ruhlu, mahiyyətli Azərbaycanı istər hərfiyyən, istərsə də mahiyyətcə təhrif edərək “Azəri” anlamında irandilli, ya da “Azərbaycanlı” mənasında qafqazdilli (əslində rusdilli) “xalq” yapmağa başlamışlar.
Bu baxımdan zərrə qədər də şübhə etmirik ki, Sovet Rusiyası və Pəhləvi İran ideoloqları tərəfindən milli kimliyin ifadəsi kimi ortaya atılan “Azəri” və “Azərbaycanlı” anlayışları “Azərbaycan” kəliməsinin Türk-Oğuz-Turan mahiyyətindən uzaqlaşdırmaq üçün öncədən düşünülmüşdü. Amma onlar ilk dövrlərdə çalışırdılar ki, mümkün olduğu qədər “Azəri” və “Azərbaycanlı” anlayışları Azərbaycan türk aydınlarının özləri tərəfindən irəli sürülsün, əsaslandırılsın. Bu məqsədlə “Azərbaycan” sözünün orta əsr müəlliflərinin əsərlərinə istinadən türklükdən, oğuzluqdan uzaq yeni-yeni şərhləri ortaya atılırdı. Çox təəssüflər olsun ki, əsil türk ruhlu aydınlarımızda bir çox hallarda bunun fərqinə varmadan “Azərbaycan” kəliməsinin fars, suriyani, yunan anlamındakı təfsirlərinə uymuşlar. “Azərbaycan” kəliməsinin bu dillərdəki yozumu isə onu türklükdən daha da uzaqlaşdırmışdır.
Halbuku “Türk” sözünün milli kimlik və dövlət adı kimi əsasən 4-7-ci əsrlərdə yayğınlaşdığını nəzərə alsaq, o zaman görərik ki, “Azərbaycan” kəliməsi daha əskilərdə “Türk”lükdən çox Oğuzluğu, Xəzərliyi, Q(K)azaxlığı ifadə etmişdir. Əlbəttə bu o demək deyil ki, daha əskilərdə “Türk”, “Turan” anlayışları olmayıb. Sadəcə, Azərbaycan və ona həmhüdud ölkələr daha əskilərdə Turan-Türk və Oğuz-Xəzər anlayışları arasında yer dəyişdirmiş, ancaq onlardan bizə dörd əsas ad qalmışdır: 1) Oğuz; 2) Turan; 3) Xəzər; 4) Azərbaycan. Şübhəsiz, Azərbaycan ya da Xəzərbaycan məhz Oğuzluğun və Turanlılığın ən çox bu bölgədə yayılmasının, eyni zamanda Azərbaycanın ən əski dövrlərdən türklərin-turanların ölkəsi olmasının bariz örnəyidir. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Oğuzların-Xəzərlərin davamçısı kimi “Azərbaycan” və “Xəzər” kəlimələrinə sahib çıxmaları təbiidir. Bir sözlə, indi bütövlükdə Türk adlananlar vaxtilə Oğuz, Xəzər, Qazax, Bulqar, Hun, Suvar, Baharlı, Qacar, Əfşar və başqa isimlərlə tarixdə adını qoymuşlar ki, onların hər biri bizim, yəni “Azərbaycan Türk xalqının tarixi”nin bir hissəsidir.
Bunu, bizdən daha yaxşı bilən Sovet-Rus və İran-Fars ideoloqları da daima Xəzərləri, Hunları, İskitləri-Oğuzları, Qazaxları, Baharlıları, Bayandurları, Qacarları “Türk Azərbaycan”ından, Azərbaycan Türk tarixindan uzaq tutmağa çalışmışlar. Beləliklə, onların “Azərbaycan” kəliməsi üzərində apardığı ideoloji oyunlar 1930-cu illərin sonlarına doğru həm “Sovet Azərbaycanı”, həm də “İran Azərbaycanı”nda öz “bəhərsini” verməyə başlamışdır. Özəlliklə, “Sovet Azərbaycanı” və “İran Azərbaycanı”nda milli ruhlu aydınların repressiyaya cəlb olunmasıyla yalnız Türk millətinin milli ruhlu başbilənlərinin həyatlarına son qoyulmamış, eyni zamanda onun Oğuz-Türk-Turan ruhlu milli dilinin (Türk dilinin), milli kimliyinin (Türk kimliyinin), milli vətəninin (Türk Azərbaycanın) üstündən də amansızcasına xətt çəkilmişdir. Bununla da, Dərbənddən Kəngər körfəzinə, Bakıdan Ərzuruma qədərki Türk Azərbaycanında vahid millət, vahid dil, vahid mədəniyyət, vahid tarix, vahid vətən anlayışları aradan qaldırmağa çalışaraq, onun yerini irandilli azərilər, irandilli kürdlər, irandilli talışlar, irandilli tatlar, qafqazdilli udinlər, qafqazdilli albanlar, qafqazdilli ləzgilər, dağ yəhudiləri, rusdilli malakanlar və bu kimi “xalqlar”a, “millətlər”ə parçalmaqla doldurmaq istəmişlər. Guya, bugünkü Azərbaycan xalqının əcdadları da, hazırda əsasən türk dillərindən birində danışan irandilli “azərilər” ya da qafqazdilli albanlar, udinlər və başqalarıdılar.
Bu baxımdan “Azərbaycan tarixi”, “Azərbaycan xalqının tarixi” anlayışlarına 1930-cu illərin sonlarına qədər olan baxışla sonrakı baxışlar arasında kəskin fərqlərin, daha doğrusu az qala alternativsiz müddəaların ortaya atılması təsadüfi olmamışdır. Sovet Rusiyası və Pəhləvilər İranı demək olar ki, eyni dövrdə 1930-cu illərin ortaları və sonlarına doğru hər iki Azərbaycanda düşünülmüş siyasəti həyata keçirirdilər. Doğrudur, bəzi məslələrdə heç də onların maraqları kəsişmirdi. Amma bütövlükdə hər ikisinin ortaq niyyəti hərfi mənada “Azərbaycan” kəliməsindən Türk anlamını, mahiyyətcə isə Azərbaycan ölkəsindən Türk Azərbaycanı izini silmək, bunun əvəzində “Rus-Sovet Azərbaycanı” ya da “Fars-İran Azərbaycanı” ortaya qoymaq idi.
Maraqlıdır ki, onların ideoloqları “Rus-Sovet Azərbaycanı” ya da “Fars-İran Azərbaycanı”nı əsaslandırmaq üçün yalnız yeni yazdıqları kitablarda saxtakarlıqlarla kifayətlənməmiş, eyni zamanda vaxtilə Azərbaycan türklərinin tarixinə, ədəbiyyatına, fəlsəfəsinə aid yazılmış kitablara da ciddi şəkildə əl gəzdirmişlər. Məsələn, A.A. Bakıxanovun 1951-ci ildə Azərbaycan türkcəsində nəşr olunmuş “Gülüstani-İrəm” əsəri çoxlu təhriflərə məruz qalmışdır. Çünki o, bu əsərində Türk, Türk dili, Türk Azərbaycanı, Xəzər Azərbaycanı kimi anlayışlardan geniş şəkildə istifadə etmiş, bu anlamda Sovet Ruisyası ideoloqlarına lazım olan “Azərbaycan tarixi”, “Azərbaycan dili” kimi ifadələrə yer verməmişdir. Sovet ideoloqları da Bakıxanovun əsərinə əl gəzdirərək “Türk milləti” “Türk dili” sözlərini “azərbaycanlı”, “azərbaycanca” kimi təhrif etmiş, ya da ümumiyyətlə həmin hissələri kitabdan çıxartmışlar.
Gördüyümüz kimi, Sovetlər Birliyi dönəminin 70 ili ərzində “Sovet Azərbaycanı” daha çox sovetləşmədən-ruslaşma qismən iranlılaşma, “İran Azərbaycanı” isə əsasən iranlılaşma-farslaşma qismən ruslaşma ideoloji prosesinin içində olmuşdur. Bununla da 20-ci əsrin sonlarına qədər hər iki Azərbaycanda “Azərbaycan tarixi”, “Azərbaycan fəlsəfəsi”, “Azərbaycan ədəbiyyatı” anlayışları Sovet Rusiyası və Pəhləvilər İranının (daha sonra Rusiya Federasiyası və İİR-in) təsiri altında mümkün olduğu qədər ilkin Türk mahiyyətindən uzaq tutulmuşdur. Ancaq 1990-cı ilin başlarında “Sovet Azərbaycanı”nın SSRİ-nin tərkibindən çıxaraq yenidən Türk kimliyinə və Türk dilinə sahib çıxaraq Türk Azərbaycanına dönüş etməsi Azərbaycan türklərinin yenidən bütövləşməsi yolunda mühüm bir mərhələ olmuşdur. Doğrudur, Rusiya Federasiyası SSRİ-nin dağlmasından sonrakı ilk illərdə Şimali Azərbaycanda məcburi olaraq buraxdığı boşluğu doldurmaq yolunda bir sıra addımlar atmışdır. Bizcə, bu anlamda Şimali Azərbaycanın müstəqilliyinin ilk illərində təbii şəkildə ortaya çıxmış “Türk Azərbaycanı” ruhunun bir qədər sonra zəifləməsi, hətta Türk dilinin yenidən “Azərbaycan dili” kəliməsiylə əvəzlənməsi, özəlliklə Konstitusiyada bu cür təsbitini tapması təsadüfi olmamışdır. Deməli, SSRİ-nin varisi olan Rusiya Federasiyası Sovetlər Birliyi dönəmində olduğu kimi, Azərbaycanda baş verən hər bir prosesi ciddi şəkildə təqib etməklə kifayətlənmir, eyni zamanda onun milli kimliyinin, milli dilinin, milli mədəniyyətinin, milli fəlsəfəsinin, milli tarixinin, milli ədəbiyyatının bir sözlə milli ideyasının hansı istiqamətdə formalaşmasına və inkişafına bacardığı qədər təsir göstərməyə çalışır. Təbii ki, Rusiya Federasiyasının ideoloqları bunu edərkən də “Sovet Azərbaycanı” dönəmi məktəbinin yerli yetirmələri olan tarixçi, dilçi, fəlsəfəçi, ədəbiyyatçı və başqa ziyalılardan, özəlliklə də bu sahələrdə etnik azlıqları təmsil edənlərin təmsilçilərindən kifayət qədər yararlanmağa çalışmışıdr, çalışmağa da davam edir.
Rusiya Federasiyasının bu xəttini Pəhləviləri devirərək “İran”da onun yerinə hakimiyyətə gəlmiş Fars-Şiə rejimi izləməkdədir. Çünki 1990-cı illırin başlarında “Sovet Azərbaycanı”nın SSRİ-nin tərkibindən çıxaraq müstəqilliyini bərpa etməsi, eyni zamanda ilk dövrlərdə əsasən, daha sonra qismən Türk ruhunu ifadə etməsi “İran Azərbaycanı”nda geniş əks-səda doğurmuşdur. Belə ki, “İran Azərbaycanı” kəliməsindəki “İran” kimliyinə və vətəninə etiraz olaraq Azərbaycanın güneyində yaşayan soydaşlarımız iki vacib şüar irəli sürməkdədirlər: 1) “Haray, haray mən Türkəm!”; 2) “Azərbaycan var olsun, istəməyən kor olsun!”. Gördüyümüz kimi, hər iki şüar birmənalı şəkildə “İranlı” ya da onun kiçik forması olan “azəri” milli kimliyinə, eyni zamanda “İran” adlı vətən-ölkə kimliyinə qarşı ortaya atılmışdır. “İranlı-azəri” etnik, “İran” vətən-ölkə kimliyinə qarşı isə dəqiq şəkildə Türk etnik kimliyilə Azərbaycan vətəni kimliyi qoyulur. Çünki “Mən Azərbaycanam”, “Mən Türkəm” ikiliyi vətən və millət ya da millət və vətən anlayışlarının milli düşüncədə daşlaşması, monolitləşməsidir. Deməli, Güney Azərbaycan türklərinin əsas yolu Güney Azərbaycanın vətən və milli kimlik baxımdan “İran”a bağlı olmadığını isbat etmək, bu anlamda “İran Azərbaycanı” anlayışının yerinə də “Türk-Turan Azərbaycanı” düşüncəsini formalaşdırmaqdır. Bizcə, son zamanlarda bu yolda Güney Azərbaycan Türk aydınlarından M.Şəhriyar, Səhənd, M.Zehtabi, M.Çöhrəqanlı və başqaları böyük əmək sərf etmişlərdir.
Faiq Ələkbərov