Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Rusiya silahlarının alınmasına dair müqavilələr üzrə həll olunmamış maliyyə məsələlərinin olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.
ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.
“Ödənişlərlə bağlı heç bir problem yoxdur, Rusiya və Azərbaycan arasında həll olunmamış maliyyə məsələlərinin olması barədə məlumat həqiqətə uyğun deyil. Biz sazişlərə uyğun şəkildə bütün ödənişləri vaxtında edirik. Sazişlərin icrası ilə bağlı isə problemlər var: o mənada ki, Azərbaycana tədarük olunan silah müqavilələrdə qeyd olunan parametrlərə uyğun olmalıdır. Dmitri Roqozinin Bakıya səfəri məhz bu parametrlərlə bağlı problemlərə aydınlıq gətirmək məqsədi ilə baş tutmuşdu. Hazırda məsələ ilə bağlı bütün suallara aydınlıq gətirilib”, – deyə nazir qeyd edib.
Nazir qeyd edib ki, Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələri kommersiya prinsiplərinə uyğun şəkildə və qarşılıqlı sərfəli əməkdaşlıq əsasında uğurla inkişaf edir.
XİN rəhbəri Ermənistana silah satışı ilə bağlı Rusiyaya notanın verilməsi ilə bağlı suala isə belə cavab verib.
“Rusiya bir tərəfdən ATƏT Minsk Qrupunun həmsədri qismində çıxış edir. Digər tərəfdən isə hər bir dövlətin lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var, biz bunu qəbul edirik. Rusiyaya bir müddət əvvəl təqdim olunan notada xahiş olunub ki, Rusiya Ermənistana silahları tədarük edərkən nəzərə alsın ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir”.
Nazirin sözlərinə görə, bu tip tədarüklərdə “sonuncu istifadəçi” qaydası var: “Sonuncu istifadəçi Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda bu artıq tam başqa məsələyə çevrilir”.
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur: “Rusiya XİN-ə təqdim etdiyimiz notanın tonunun düzgün qəbul edildiyi Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.
Azərbaycan fevralın 24-də Rusiyaya nota verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə bildirib ki, kütləvi informasiya vasitələrində Rusiya tərəfindən Ermənistana silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları dəyərində kredit sazişinin 10 fevral 2016-cı il tarixində qüvvəyə minməsi barədə məlumat verilib. Məsələ ilə əlaqədar AR XİN tərəfindən RF-in XİN-nə nota ünvanlanıb.