Əliyevlə Sərkisyanı Vaşinqtonda necə görüşdürməli
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.
Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanın “Aykakan Jamanax” qəzeti yazır.
Nüvə təhlükəsizliyi sammiti martın sonunda, aprelin əvvəlində keçiriləcək. Azərbaycan və Ermənistan prezidentləri də bu sammitə dəvət alıb. “Diplomatik mənbələr bildirir ki, həmsədr ölkələr, xüsusən də ABŞ Vaşinqtonda İlham Əliyevlə Serj Sərkisyanın görüşünü təşkil etmək üçün səylərini əsirgəmir”-qəzet yazır.
Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən ilin dekabrında İsveçrənin Bern şəhərində keçirilib. Daha sonra İlham Əliyev bu görüşün formal xarakter daşıdığını, Ermənistanın münaqişəyə dair qeyri-konstruktiv mövqeyində dəyişiklik olmadığını deyib.
Hazırda Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi dalana dirənmiş vəziyyətdədir. Bu baxımdan Vaşinqtonda prezidentlərin görüşünün baş tutması ehtimalı o qədər də yüksək deyil. Son günlər təmas xətti boyu gərginlik yenidən artmaqdadır və Ermənistan ordusunun itkiləri artır. İrəvanda hesab edirlər ki, gərginliyin artması Vaşinqton sammiti ilə bağlı ola bilər.