Baş katib: “Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əllərimizdə deyil”
Cənubi Qafqazdakı situasiya həm yaxşı , həm də pisdir deyə bilərik. Dünyanın digər regionları ilə müqayisədə Cənubi Qafqazda vəziyyət pis deyil, hətta daha yaxşıdır.
Bunu Azadinform-a açıqlamasında Madrid Klubunun baş katibi Karlos Vestendorp deyib.
O bildirib ki, hazırda Suriya, Liviyada vəziyyət daha gərgindir: “Cənubi Qafqaz regionuna gəlincə Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın isə Osetiya problemi var. Bunlar dondurulmuş münaqişələrdir, yeni yaranmış münaqişə hesab edilmir. Ona görə də hesab edirəm ki, indi regiondakı situasiya əvvə l olduğu qədər mənfi deyil”.
Vestendorp vurğulayıb ki, regionda bəzi problemlər mövcuddur: “Neftin qiymətinin düşməsi bu problemlərdən biridir. Lakin Azərbaycan iqtisadiyyatını şaxələndirib. İqtisadiyyat tək neftdən asılı deyil və bu yaxşıdır”.
Dağlıq Qarabağ münaqişəsinin həllinə Madrid klubunun hansı töhfəni verə biləcəyindən danışan baş katib bildirib: “Biz istərdik ki, bu problemi həll edək. Lakin çox az şey edə bilərik, çünki bizim əllərimizdə deyil. Madrid klubu sülh, demokratiyanı təqdis edir. Sabiq liderlərdən ibarət qrup hazırkı liderlərin nə edib-etməməli olduqlarını deyə bilər. Bu məsləhət xarakteri daşıyır.Lakin sabiq liderlərin indiki liderləri nəyisə etməyə məcbur edə bilməz. Təəssüf ki, biz Qarabağ münaqişəsini həll edə bilmərik”.