Xalq yazıçısı Bağırovdan arvadına nələr yazıb?
Mənim sevimli Saram! Sənin məktublarını kravatımın yanına qoymuşam. Dəfələrlə oxuyuram. Axı ayın 18-dən mən işə çıxıram. Malyariya atama od vurub. Həkimlərin dediyinə görə, əsəb xəstəliyi də vardır. Bütün bunlar səni narahat etməsin. Kefim çox yaxşıdır.
Axar.az xəbər verir ki, bu sözlər mərhum xalq yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma yazdığı məktubdandır. Mirzə İbrahimov məktublarında Azərbaycan tarixində ən ziddiyyətli şəxsiyyət kimi tanınan Mir Cəfər Bağırov haqda maraqlı sözlər yazıb:
“Bir iynə vurmuşlar. Hər gün dərman qəbul edirəm. Sabahı da evdə qalıb, o birisi gündən çıxacağam. Həkimlərin dediyinə görə, ay yarım, iki ay mənə müalicə lazımdır (əlbəttə, sənin yanında). Bu gün Ordubadi yoldaş Bağırovun yanına getmişdi. O, mənim xəstəliyimi danışmışdır. Bağırov ay yarım mənə məzuniyyət vermələrini tapşırmışdır (biləsən ki, o, nə qədər həssas adamdır!) Beləliklə, sessiyadan sonra ayın 25-də Kislovodskiyə çıxacağam. Ən geci avqustun əvvəllərində orada olaram. Ah, səninlə nə gözəl günlər keçirəcəyiz.
…Öpürəm səni, Saracan. Anaya və qızlara salam. Adiləyə deginən, bizi saysın…
Sənin, ancaq sənin Mirzən”.
Mirzə İbrahimov növbəti məktubunda Bağırovu qəhrəman adlandırır“Mənim Saram! Dünən sənin məktubunu aldım. Dünən də ayağa durmuşam. Sessiyaya getmişdim. Özümü xeyli zəif hiss edirəm. Bir çox xırdaçı adamların əsəbiləşdirici və payız milçəyi kimi zəhlətökücü hərəkətlərinə baxmayaraq, əhvalım yaxşıdır. Dünən axşam sessiya üçün Filarmoniyada konsert təşkil etmişdik. Əsgərlə Çəmşid və mən getmişdik. Sonradan yoldaş Bağırov gəldi və mən onlardan ayrılmalı oldum. Yoldaş Bağırov mənə “tez ol, müalicəyə çıx get”, – dedi. Beləliklə, yaxın günlərdə gələcəyəm. Konsert saat birə yaxın qurtardı. Bütün bu müddətdə bizi yoldaş Bağırov buraxmayır, müxtəlif məsələlər haqqında danışırdı. Bütün danışıqlardan sonra həmişə olduğu kimi məndə yüksək əhval-ruhiyyə əmələ gəlmişdi və mən özüm-özümə deyirdim: Azərbaycan xalqı belə bir qəhrəman oğul yetişdirdiyi üçün fəxr edə bilər, onun nə qədər həssas, kəskin ağıllı, mərd və qəhrəman adam olduğunu təsəvvür edə bilərsən, Saracan”.
Xalq yazıçısı başqa bir məktubunda isə Mir Cəfər Bağırovun onu necə qoruduğunu qeyd edir:
“Saracan, hələ Süleymandan bir xəbər yoxdur. Ayın 5-də, xalq yaradıcılarının iştirakı ilə düzülmüş konserti partiya və hökumət rəhbərlərinə göstərilməsi üçün bizi Moskvaya göndərəcək. Yoldaş Bağırov da orada olacaqdır. Saracan, yaxınlarda yenə yanında idim. Kişi məni o qədər ləkələrdən saxlayır ki… “Heç bir ata öz oğlunu mən səni istəyən qədər istəməz. Özünü gözlə. Səni aldada bilərlər”, – deyirdi. Bəlkə, bundan sonra Kislovodskiyə gələm. Onda sizin gəlməniz və ya qalmağınız məsələsini həll edərik. Məncə, Saracan, pula qısqanmayaraq iki otaqlı yaxşı bir ev tutsanız, pis olmaz. Nə qədər istəyirlər verin. Ağıllı-başlı və şəraitliklə dincəlin. Mən gələndə də rahat olaq”.
Xatırladaq ki, Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.
17 dekabr 1993-cü ildə Bakıda vəfat edib.