Füzulidə ümumrayon şənliyi keçirildi
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayram münasibətilə Hordiz şəhərində ümumrayon şənliyi keçirilib.
Bayram şənliyində Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova və rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və deputat Bahar Muradova əvvəlcə Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə bax;blar. Milli adət-ənənələrə uyğun olaraq meydanda yun daranıb, nehrə çalxalanıb, sacda yuxa bişirilib.
Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayıb, Novruz tonqalı alovlandırılıb.
İcra başçısı Alı Alıyev Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.
Alı Alıyev milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən danışıb, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən bəhs edib.
“Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq altı ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib”.
Milli Məclis sədrinin müavini Bahar Muradova da tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Bildirib ki, Novruz bayramı arzuların, niyyətlərin həyata keçməsi bayramıdır.
“İnanıram ki, yaxın günlərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq”.
Sonra Novruzun qəhrəmanları olan Kosa və Keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüblər. Kosa və Keçəlin zarafatları, rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət işçilərinin konsert proqramı tədbir iştirakçılarında xoş bayram əhval-ruhiyyəsi yaradıb.