“Qiymətli dostlar”–“Türkiyə-Rusiya müharibəsi boş iddia deyil”
“Hörmətli Putinə “Bizi Şanxay beşliyinə qəbul edin, biz də Avropa Birliyinə xudahafiz deyək” dedim. Şanxay beşliyi daha yaxşı, daha güclüdür” (24 İyul 2012. Bənzər ifadə bir neçə il ərzində bir neçə dəfə təkrarlanmışdı).
“Hörmətli dostum Putinə xüsusilə təşəkkür edirəm” (23 sentyabr 2015, Moskvada məscid açılışı).
“Sevimli dostum, təyyarə qəzası barədə öyrənəndə dərin kədər hiss etdim” (31 Oktyabr 2015, Rusiya təyyarəsinin Misirin Sinay yarımadasında vurulması ilə əlaqədar başsağlığı).
Sözlərin sahibi təxmin etdiyiniz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Publika.az xəbər verir ki, Türkiyə prezidentinin Rusiya prezidenti Vladimir Putinə söylədiyi bu fikirlər “t24.com.tr” saytının yazarı Hasan Aksayın yazısında yer alıb.
“Bütün bu “hörmətli”, “dəyərli”, “sevimli” dostlar tarixə qarışdı, dostluqlar çox geridə qaldı. 24 noyabrdan bu yana yalnız 3,5 ay keçdi. Amma , Aytmatovun dediyi kimi, bəzən “gün uzanar əsrə çevrilər”. 24 noyabr inanılmaz dərəcədə uzun bir gündür. Tarixdə Moskva ilə o qədər təhlükəli gərginlik yaşadıq… Məsələn, 1940-cı illərdə… Ya da 1990-cı illərdə… Əllər silaha uzanmamışdı heç… 24 noyabr 2015-ci ildə “bir əl” silaha uzandı… Və atəş açdı… Ardınca külli miqdarda silah toplandı, hazırda minlərlə əl silah xəttində gözləyir. “Qiymətli dostlar” Putin və Ərdoğan bu gün bir-birləri ilə döyüşə hazırlaşır”, – türkiyəli yazar qeyd edib.
İki ölkənin qəzetləri, internet saytları və televiziyalarını diqqətlə izləməyə çalışdığını deyən Hasan Aksay Rusiyanın bir nömrəli düşməninin artıq Türkiyə olduğunu və Türkiyə baxımından da Rusiyanın eyni vəziyyətə gəldiyini bildirib: “Rusiyada keçirilən bir sorğu Türkiyənin Ukrayna və ABŞ-ı geridə qoyaraq “bir nömrəli düşmən ölkə” olduğunu ortaya qoydu. Türkiyədə də cəmiyyətin 64,7 faizi Rusiyanın Türkiyə üçün təhdid olduğunu düşünür. 2014-cü ildə bu göstərici 28,2 faiz idi. İki tərəfin jurnalistləri və siyasətçiləri bir-birinə döyüş elan ediblər. Putin və baş nazir Dmitri Medvedev son zamanlar Türkiyə ilə bağlı daha az danışır, amma tənqidlər eyni sərtlikdədir. Prezident Ərdoğan da daha az danışır. Amma “zirvənin ən çox danışanı” baş nazirimiz Əhməd Davudoğludur. Rusiyanı ABŞ-a, Avropa Birliyinə, İrana, ərəb ölkələrinə davamlı şəkildə şikayət edir, bəzən də “terrorçu” adlandırır”. Rus milliyyətçiliyinin artıq yaşlanan nümayəndəsi Jirinovski birbaşa olaraq “Türkiyəni bombalamaq”, “Ayasofyanı ələ keçərmək” kimi hədəfləri müəyyənləşdirir”.
Suriyada beşinci ilini tamamlayan vətəndaş müharibəsinin son ilində vəziyyətin çox dəyişdiyini bildirən yazarın fikrincə, hazırda ən çətin vəziyyətdə olan ölkə Türkiyədir: “Bəşər Əsəd rejimini uzun müddətdir dəstəkləyən Kreml ABŞ-ı addım-addım özünə yaxın bir xəttə çəkməyi bacardı. Əvvəllər “Əsəd mütləq getməlidir” deyən qrupun sıraları getdikcə seyrəldi və sayı bir neçə dövlətə qədər düşdü. Onların da ən başında hazırda Türkiyə dayanır. Səudiyyə Ərəbistanı və Qətər belə Rusiya ilə “ünsiyyət”dədir. Moskvanın yalnız Ankara ilə təması yoxdur. Ürküdücü bir vəziyyətdir. Suriyada bu gün yaxşı-pis bir atəşkəs rejimi qüvvədədir. Amma atəşkəs sülh anlamına gəlmir. Onsuz da hər kəs atəşkəsin bir “nəfəs almaq” üçün fürsət və döyüşün sonrakı mərhələsinə hazırlıq dövrü olacağını düşünür. Atəşkəs razılaşması hər kəs tərəfindən məmnuniyyətlə qarşılandı. Bağışlayın, bir dövləti məmnun olmayanların yanına əlavə etmək lazımdır: Türkiyəni, daha doğrusu Ərdoğan-Davudoğlu rəhbərliyini… Ankarada da atəşkəs razılaşmasının “müsbət qarşılandığı” barədə bir şeylər deyildi. Ancaq çoxlu sayda “amma” ilə birlikdə… Yəni, Ankara “vəziyyətə görə” fərqli davrana biləcəyinə işarə vurur. Hazırda Türkiyə-Suriya sərhədindəki qarşılıqlı top atəşları narahatlıq yaradır. Görəsən, Türkiyə İŞİD-ə qarşı bir əməliyyatamı hazırlaşır? Atıla biləcək hərbi addımları ən çox “gözləyən” tərəf Rusiyadır”.