ABŞ-ın Havay Ştat Senatında ermənipərəst qətnamələrin qarşısı alınıb. Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, ABŞ-ın Havay Ştat Senatı erməni lobbisinin təhriki ilə gündəliyə gətirilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd edib.
Ştat Senatında irəli sürülmüş bu qətnamələr qəbul olunacağı təqdirdə, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ respublikasının müstəqil dövlət kimi tanıyacaq və onun “müstəqilliyinin güclənməsi” üçün ABŞ-ın Federal Hökumətinə və ABŞ Konqresinə çağırış edəcəkdi.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bu barədə məlumat əldə etdikdən dərhal sonra Havay Senatının rəhbərliyi, qətnamələrin müəllifləri və digər senatorlar ilə əlaqə saxlamış, bütün qanunvericilərə rəsmi məktublar ünvanlamış, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, həmçinin, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın mövqeyi barədə onları məlumatlandırıb.
Bunun nəticəsində, Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edib və Havay Ştat Senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırıb.
Rəsmi bəyanatın verilməsindən sonra, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Havay Ştat Senatının rəhbərliyi ilə yenidən əlaqə saxlayaraq, belə prinsipiallığa və ədalətli mövqeyə görə onlara təşəkkür edib.