“Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır. Bütün beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, bizə qarşı etnik təmizləmə aparılıb”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı zamanı bildirib.
Prezident bildirib ki, ərazimizin 20 faizinin işğalı hələ də davam etməkdədir. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr həyata keçirilməyib.
Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.
Dövlət başçısı bəyan edib ki, bu gün danışıqlar prosesi davam edir və burada hər hansı bir uğur yoxdur. Bunun başlıca səbəbi isə Ermənistanın sülh istəməməsidir. Onlar işğal edilmiş ərazilərin özlərinin qeyri-qanuni nəzarətində saxlanılmasını və status-kvonun dəyişməz olaraq qalmasını istəyirlər.
Bu isə mümkünsüzdür – status-kvo dəyişməlidir. Danışıqlar prosesində həmsədrlik edən üç ölkə – Təhlükəsizlik Şurasının daimi üzvü olan üç dövlət dəfələrlə çıxış edərək status-kvonun qəbuledilməz və dəyişməli olduğunu bəyan etmişdir. Buna nail olmaq üçün Ermənistan işğal edilmiş əraziləri tərk etməli və işğala son qoymalıdır. XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalı və danışıqlar prosesinin əngəllənməsi tamamilə anormal haldır.
Hesab edirəm ki, münaqişənin həlli üçün ilk olaraq Azərbaycan daha da qüdrətli olmalıdır və proses davam edir. İkincisi isə beynəlxalq ictimaiyyət, xüsusilə də bu münaqişə ilə məşğul olmaq mandatına sahib dövlətlər siyasi iradə nümayiş etdirməli və təcavüzkarı işğala son qoymağa məcbur etməlidirlər. Necə ki, biz bunu dünyanın bir çox yerlərində görürük – təcavüzkar dayandırılır, cəzalandırılır, sanksiyalara məruz qalır və işğala son qoyulur.
İşğal edilmiş ərazilərimizdə hər şeyin darmadağın edildiyini deyən İlham Əliyev bildirib ki, ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərib və hər iki halda onların hesabatları real vəziyyəti əks etdirib. Bu, bizə də məlumdur. Bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılıb.
Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir – eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.
1990-cı illərin əvvəlində üzləşdiyimiz bu vəziyyətə və humanitar böhrana baxmayaraq, Azərbaycan uğurla inkişaf etmişdir. Yeri gəlmişkən deyim ki, həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici bizdə idi – 1 milyondan artıq insan doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O zaman bizim əhalimizin sayı təqribən 8 milyona bərabər idi. Yəni, biz humanitar böhranın öhdəsindən gəlməyi bacaran ölkəyik.