Xocalıya həsr olunmuş anım konserti London LİVE TV-də
Londonun “St. Paul’s Church” kilsəsində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım konserti 6 mart tarixində London LİVE televiziya kanalında yayımlanıb.
Publika.az xəbər verir ki, sözügedən tədbir bu ilin fevralın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib. Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konsertində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib.
Anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (piano), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, G.Perqolesinin, J.Massenetinin repertuarından musiqilər səsləndirilib.
London LİVE kanalında yayımlanan proqrama, həmçinin, Böyük Britaniya Parlamentində fevralın 24-də keçirilmiş ilk “Xocalı Sülh Mükafatı” nın təqdimat mərasimindən və rəsm sərgisindən görüntülər də daxil edilib. Reportajda əsas diqqət Xocalı qətliamına öz münasibətlərini incəsənət vasitəsilə ifadə edən Böyük Britaniya sənətçilərinə yönəlib.
Konsertə London LİVE Televiziyasının onlayn xidməti vasitəsi ilə aşağıdakı linkdə baxmaq olar:
http://www.londonlive.co.uk/programmes/khojaly-classical-concert-2016