Deputat: “İşğalçı ölkəni silahlandırmaq yolverilməzdir”
“Rusiyanın Ermənistana silah verməsi yolverilməzdir. Bu addım Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mənfi təsir göstərir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, millət vəkili, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib.
Deputat deyib ki, Rusiyanın Ermənistanı silahlandırması birinci hal deyil.
Onun sözlərinə görə, Rusiyanın bu bölgədə öz maraqları var: “Ermənistan işğalçı dövlətdir. İşğalçı ölkəni silahandırmaq heç bir dövlətə başucalığı gətirməz. İstənilən halda işğalçı ölkəni silahlandırmaq yolverilməzdir. Düşünürəm ki, Rusiya bu addımı öz maraqları baxımından atıb”.
R.Rzayev qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir: “Ona görə də Rusiyanın bu regionda maraqları daha çoxdur. Yəni, Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında ən maraqlı dövlət olmalıdır. Əgər Rusiya buna uyğun addım atsa, daha ədalətli olardı. Ancaq çox təəssüf ki, real vəziyyət heç də belə deyil. Dünyada baş verən son proseslərə görə Rusiya bu bölgədə öz mövqeyini gücləndirməyə çalışır. İşğalçı Ermənistanın bu qədər silahlanması yaxşı hal deyil”.