“Kişilər düşmən çəpəridir” deyirlər. Vətəni, ailəni qorumaq onların borcudur. Lakin Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstəriblər. Tarix boyu bu torpaq qəhrəmanlar yetişdirib. Bu gün onlar unudulmur, xalqımız öz qəhrəman qadınlarını hər zaman hörmətlə anır.
8 mart beynəlxalq qadınlar günü münasibəti ilə Qarabağ müharibəsinin qadın qaziləri Şəhidlər Xiyabanına yürüş edib. Bu günü hər il olduğu kimi öz döyüş yoldaşlarını yad edərək keçirən Qarabağın zərif qəhrəmanları bu dəfə kədərli də olsa döyüş yoldaşlarının məzarına sarılaraq onları təbrik etdilər.
Gültəkin Əsgərova, şəhid jurnalist Salatın Əsgərova kimi neçə-neçə şəhid qadınlarımız var və xalqımız onları unutmur.
Bu gün onlar həyatda olmasalar da bu qəhrəman qadınlar xalqımızın müstəqillik yolunda ən ağır günlərini keçirdiyi zaman qanları, canları bahasına tarixə, xalqımızın qan yaddaşına qəhrəman Azərbaycan qadınları adını yazmağı bacardılar.
Onlar silaha sarılaraq Azərbaycanın igid oğulları ilə bərabər cəbhədə qorxmadan qanlı döyüş yolunu seçir və vətən uğrunda ən ağır döyüşlərə qoşulurlar.
Bu gün döyüşlərdə iştirak etmiş Qarabağ qazilərinin gözlərinə baxdıqda Azərbaycan qadınının nə qədər güclü və uca zirvədə olduğunu bir daha dərk etmək olar.
Onlar cəbhədə ən dəhşətli hadisələrin canlı şahidi olsalar da hər biri hər an müharibəyə hazır olduğunu qorxmadan dilə gətirdilər.
Hər il hərbi formasını geyinərək Şəhidlər Xiyabanına üz tutan Solmaz Əliyeva Ağdamda döyüş yolu keçmiş qəhrəman qadınlardan biridir.
Kəşfiyyat rotasında snayperçi olan Solmaz xanım atasının xeyir-duası ilə döyüşə yollandığını, hazırda ehtiyatda olan hərbçi olduğunu, hər an döyüşməyə hazır olduğunu böyük fəxr hissi ilə dilə gətirdi.
Solmaz xanımın təbirincə desək, cəbhədə olan hər bir qadın silah tutmağı bacarmasa belə, döyüşçüdür.
Elə Orucova Təranə xanım kimi. O, Ağdamda gedən gərgin döyüşlərdə ön cəbhədəki tibb bölümünədə tibb bacısı kimi xidmət göstərib. N saylı hərbi hissədə xidmət göstərən Təranə xanım yaralılara kömək etdiyi zaman özünün iki dəfə zədə aldığını bildirdi. Yaxınlıqda mərminin partlaması nəticəsində torpağn altında qaldığnı deyən Təranə xanım müharibənin nə qədər ağrılı olmasına baxmayaraq hər an döyüşə getməyə və orada yaralılara xidmət göstərməyə hazır olduğunu dilə gətirdi.
Yazıçı-jurnalit Zemfira Məhərrəmli də ön cəbhəyə yollanan azərbaycanlı qadınlardandır. O da qaynar bölgələrə yollanaraq baş verən dəhşətləri bütün dünyaya tanıtmaq üçün əlindən gələni edib. Döyüşçü qadınlara bir çox kitablar həsr edən Zemfira xanım öz yazılarında Azərbaycan qadınlarının əzmkar döyüş yolundan bəhs etdiyini bildirdi.
Döyüş bölgəsinin dəhşətlərini öz gözləri ilə görmüş xanımlardan biri də jurnalist Firuzə Əsədullayevadır. Vətən qarşısında vəzifə borcunu layiqincə yerinə yetirən Firuzə xanım 90 qarabağ şəhidi haqqında kitab yazdığını, onlardan 7-nin qadın olduğunu söyləyərək bildirdi ki, “hansı qadının və kişinin müharibə bölgəsinə ayağı dəyibsə, o insanı milli qəhrəman hesab etmək olar”.
Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyinin sədri və Qarabağ müharibəsində böyük döyüş yolu keçmiş Radə Abbas müharibədə döyüşmüş, onun əzab-əziyyətlərini görmüş qadınları xüsusilə təbrik etdi. Ön cəbhədə qeyd olunan bayramlardan danışan Radə xanım 1993-cü ildə 8 mart münasibəti ilə komandirləri tərəfindən 40 qadına ağ kəlağayının hədiyyə edildiyini söylədi. Həmin kəlağayını indi də saxlayan Radə xanım bu hədiyyəni həyatının ən gözəl, ən qiymətli hədiyyəsi adlandırıb. Cəbhədə hətta iki döyüşçü yoldaşlarının toyunu da qeyd etdiklərini söyləyən Radə xanım böyük fəxr hissi ilə öz xatirələrini bizimlə bölüşdü.
Həmin döyüşçü xanımlar hazırda elmlər doktoru, həkim, polkovnik rütbəsinə sahibdir. Sevda Səfərova, Mərziyyə Quliyeva, Gültəkin Quliyeva, Mətanət Abbasova, Fəridə Hicran, Xatirə Məmmədova, Ruhəngül Hüseynova kimi neçə-neçə igid xanımlarımızı və dünyasını dəyişmiş şəhid xanımlarımızı heç vaxt unutmayacağıq.