Bu gün yel çərşənbəsidir
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bu bayramı çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Novruz bayramından öncə isə xalqımız su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsini qeyd edir. Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbə-yel çərşənbəsidir. Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır.
Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir.
Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılmış, canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox “yel baba” mifik obrazında konsentrasiya olunmuşdur. Bəzi hallarda mənfi semantemdə də xatırlanan yel baba əksərən müsbət obrazda özünü göstərir.