Rusiya 25 ilin ən iri nüvə sınağına hazırlaşır: 16 raketi birdən buraxacaq
Rusiya yaxın vaxtlarda son 25 ilin ən irimiqyaslı nüvə sınağını həyata keçirməyə hazırlaşır.
Virtualaz.org xəbər verir ki, bu haqda Almaniyanın “Bild” qəzeti hərbi mənbələrə istinadən yazıb. Bildirilir ki, Rusiya eyni vaxtda 16 uzaqmənzilli nüvə raketi buraxacaq. Raketlərin Arktikada dislokasiya olunmuş iki sualtı qayıqdan buraxılacağı gözlənilir. Rəsm versiyaya görə Rusiyanın məqsədi Şimal donanmasının döyüş hazırlığını yoxlamaqdır, lakin heç kim şübhə etmir ki, bu sınaq ABŞ-a güc nümayişidir.
Ekspertlərə görə Rusiyanın bu sınağı ABŞ-ın “Minuteman” uzaqmənzilli ballistik raketini sınaqdan keçirməsinə cavabdır. Rusiya mənbələrinin xəbərinə görə, “Borey” tipli atom sualtı qayıqları bu günlərdə Arktikaya yola düşüb. Söhbət “Yuri Dolqorukiy” və “Vladimir Monomax” strateji raketdaşıyanlarından gedir.
Rusiya mətbuatı Şimal dənizində “strateji nüvə qüvvələrinin sınağının keçiriləcəyi” haqda yazıb. Təlimlərin əsas məqsədi sualtı qayıqların şərti düşmənin nüvə zərbələrinə cavab nüvə zərbələri endirmək imkanının yoxlanılmasıdır. Plana görə iki sualtı qayıqdan eyni vaxtda 16 uzaqmənzilli nüvə raketi buraxılacaq.
Bu cür kütləvi raket sınağı sonuncu dəfə 1991-ci ildə keçirilib. O vaxt “Novomoskovsk” raketdaşıyanı 1 dəqiqə yarım ərzində “Skif” ballistik raketlərindən ibarət bütün döyüş ehtiyatını sərf edib. Raketlərin hamısı Kamçatkadakı Kura piloqonundakı şərti hədəfləri vurub. Bu, dünya hərbi-texniki rekordu kimi tarixə düşüb.
Son vaxtlar Rusiya nüvə silahından istifadəyə dair tez-tez eyham vurur, strateji nüvə qüvvələrinin manevrlərini həyata keçirir.