Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi: “Azərbaycan sərhdlərini açacaq və miqrantlar axın edəcəklər” – MÜSAHİBƏ
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
– Yaxın Şərqdə konfliktlər başladıqdan sonra Avropa, Türkiyə böyük miqrasiya axını ilə üzləşdi. Beynəlxalq Miqrasiya Təşkilatının perspektivə dair proqnozları nədən ibarətdir? Miqrant böhranı davam edəcəkmi, yoxsa nə zamansa bunun qarşısı alınacaq?
– İlk növbədə problemi yaradan səbəbləri aradan qaldırmaq lazımdır ki, miqrant böhranı öz həllini tapsın. Bu insanlar bir yerdən başqa yerə köçmək məcburiyyətində qalırlarsa, sözsüz ki, buna səbəb olan bəzi məsələlər var. Bu problemin mənşəyi aradan qalxandan sonra ümid edirik ki, miqrasiya axını dayanacaq. Amma axın dayandıqdan sonra necə olacaq?! Bunu da düşünmək lazımdır. Bu qədər insan öz vətənlərindən gedib. Bir yanda problem dayanınca, hətta bütün tərəflər öz səhvlərini etiraf edib “Biz çox yanlışlıqlara yol verdik, biz bir-birimizdən üzr istəyirik” desələr belə, həmin miqrantların hamısının öz ölkələrində yerləşdirilməsi mümkün olmaz. Həmin insanların evləri dağılıb, yurd-yuvaları yerlə-yeksan olub. Bir kəndi sıfırdan inşa etmək çox maliyyə tələb edir. Halbuki, söhbət daha böyük coğrafi ərazilərdən gedir. Bunların hamısının nizama salınması 10 illər vaxt apara bilər. Buna görə də, təəssüflər olsun ki, müharibə dayansa belə, həmin yerlərdə məktəblərin, xəstəxanaların inşası asan məsələ deyil.
– Qaçqınların məskunlaşdıqları ölkələrdə işsizlik problemi ortaya çıxır. Onların işlə təmin olunması üçün Beynəlxalq Miqrasiya Təşkilatı iş görməmiş deyil. Amma maraqlıdır ki, həmin işləri hansı kateqoriyaya bölmək olar?
– Əsas etibarı ilə bu vəziyyətdə olan insanların getdikləri ölkələrdə əmək bazarlarına çıxışının təmin edilməsi çox yaxşı olardı. Çünki qapılarını qaçqınlara açan ölkələr düşünməlidir ki, həmin adamların boş-boş gəzməməsi, işsiz olması əlavə iqtisadi problemlər yaradır. İnsanların davamlı inkişafınının təmin edilməsi üçün onların işlə təmin olunmasının faydası çoxdur. Onların peşə və digər sahələrdə təhsil almalarında fayda var. Beynəlxalq Miqrasiya Təşkilatı olaraq düşünürük ki, bu insanlar müvəqqəti sığınacaqlarda məskunlaşdırıldıqları zamanlarda vaxtları boş keçməsin, bu istiqamətdə onlara dəstəklər göstərilsin. Onlar əmək bazarlarına çıxarlarsa, istehsal artar. Bəlkə də miqrantlar yeni ideyalarla çıxış edərlər və bununla da innovativ yanaşmalar tətbiq oluna bilər. Həm də vergi sisteminə daha çox insanın cəlb olunması həmin dövlətlərin büdcəsinə xeyir gətirər.
– Beynəlxalq Miqrasiya Təşkilatının 162 üzvü var. Sizin təşkilat üzv dövlətlərə miqrantlarla bağlı konkret hansı proqramlar verir? Və ya onların atdığı addımların sizin təkliflərinizə adekvat olurmu?
– Miqrasiya böhranından müəyyən dövlətlər öz payını alıb. Bu ölkələrdə qaçqınların əmək bazarlarına çıxışının təmini ilə bağlı qanunvericilikdə tənzimləyici mexanizmlər olduqda, bilik və təcrübə, texniki dəstək verildikdə, həmin ölkələrdə olan bizim nümayəndəliklərimizə təkliflər gəlir. Beynəlxalq Miqrasiya Təşkilatı da donorları vasitəsi ilə mümkün olan dəstəyi verməyə cəhd edir.
– Azərbaycana qonşu Türkiyədə qaçqınların sayı 2 milyona yaxınlaşır. Regionda gedən proseslərin təsir arealı heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. Gələcəkdə miqrantların Türkiyədən Azərbaycan keçməsini proqnozlaşdırmaq olarmı?
-Azərbaycan onsuz da Dağlıq Qarabağ münaqişəsi səbəbindən qaçqın problemi ilə üzləşdi. Bilirsiniz ki, burada 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bu, Azərbaycanın digər ölkələrdən öncə də üzləşdiyi bir problemdir. Təəssüflər olsun ki, hələ də davam edən sancılı bir problemdir. Allaha çox şükürlər olsun ki, Azərbaycanın çox böyük şansı, insan resursu, təhsilli insanları, dinamik əhalisi var. İkincisi, Azərbaycanın təbii sərvətləri olduğu üçün öz ayağı üzərində dura bildi. İnsanlara müəyyən imkanları verə bildi və hələ də bu siyasəti davam etdirir. Bu səbəbdən, Azərbaycanı həqiqətən də təbrik etmək lazımdır. Başqa dövlətlər Azərbaycanı örnək götürə bilərlər. Mən təklif edirəm ki, qaçqın problemi ilə üzləşən ölkələrin nümayəndələri Azərbaycana gəlsinlər və bu böhranı necə həll etmək üçün Azərbaycanın təcrübəsindən yararlansınlar.
– Bəzi iddialarda bildirilir ki, Azərbaycanda Suriyadan, Liviyadan olan qeyri-qanuni miqrantlar gəlməyə başlayıb. Sizin nümayəndəliyin bununla bağlı bir statistikası varmı?
-Biz bütün statistik məlumatları hökumətin verdiyi məlumatlar əsasında toplayırıq. Çünki rəsmi olmayan informasiyaların nə qədər inandırıcı olduğunu müəyyən etmək çətindir. Sizə deyim ki, Azərbaycandakı qanunsuz miqrantlarla əlaqədar bizim təşkilata heç kim tərəfindən müraciət edilməyib. Nə suriyalı, nə iraqlı, nə də liviyalı. Azərbaycanın Dövlət Miqrasiya Xidməti var və sığınacaq məsələlərinə də bu qurum məsuldur. Mən əminəm ki, Miqrasiya Xidməti o insanlara yardım edər və onlara qaçqın statusu verilər.
– Ümumiyyətlə, Azərbaycanın miqrant dayanıqlılığı indeksini necə qiymətləndirmək olar?
– Ümid edək ki, Azərbaycan çox ciddi sayda miqrant axını ilə üzləşməsin. Niyə buna ümid edək? Bu o anlama gəlməməlidir ki, Azərbaycanın onlara dəstək vermək imkanı olmayacaq. Bizim arzumuz odur ki, problemlər olmasın. İndi dünyanın dörd bir tərəfində böhran var. Biz sizinlə insanların, konfliktlərin səbəb olduğu miqrant böhranından danışırıq. Lakin bundan başqa təbii fəlakətlər də miqrant problemini ortaya çıxarır. Xatırlayırsınızsa, İndoneziyadakı sunamidə çox böyük insan itkisi oldu. 2011-ci ilin mart ayında Yaponiyada sumani oldu. Bütün bu amilləri nəzərə alıb hər ölkə, həmçinin Azərbaycan miqrasiya böhranına hazır olmalıdır.
Bu gün insanların yerdəyişməsi tarixdə misli görünməmiş, analoqu olmayan bir səviyyədədir. Yer üzündə 2010-2012-ci illərdə 1 milyarddan çox miqrantın olduğu bildirilirdi. İndi isə təkcə 250 milyondan artıq beynəlxalq miqrant var. Miqrantların sayı azalmır, azalmayacaq. Azalmalı da deyil. Çünki miqrasiyanı pis bir şey kimi də görmək düzgün deyil. İnsanlar var ki, yoxsulluqdan, problemlərdən qaçmaq üçün öz doğma yurdlarını tərk edirlər. Və ya onlar müharibə olduğuna görə vətənlərindən gedirlər.
Buna bamayaraq miqrasiya pis bir şey deyil. Lakin miqrasiya planlı, proqramlı şəkildə olmalıdır. Biz düşünürük ki, insanların planlı, tənzimlənmiş şəkildə yerdəyişməsi problem gətirməz, əksinə, çox müsbət nəticələrə gətirib çıxarar. Burada söhbət qeyri-qanuni yollardan getmir. Qanunsuz miqrasiya isə problemlər yaradır. Hər şey qanuna uyğun tənzimlənməlidir.
Bir az əvvəl dediyim kimi, bütün dövlətlər böhranlara hazır olmalıdır. Azərbaycan kimi qonaqpərvər, tolerant ölkələr təbii ki, insanlara qayğı göstərər. Proseslərin texniki tərəfi də dövriyyəyə girməlidir. Allah eləməsin, əgər qonşu ölkələrdə təbii fəlakət olsa, oranın insanlarının üz tutduqları yer Azərbaycan olacaq. Bu zaman Azərbaycan deməyəcək ki, bu adam gəlsin, bunlar yox. Burada insani bir vəziyyət var. Azərbaycan sərhədlərini açılacaq və insanlar axın edəcəklər. İnsanlar gəlincə, ilkin yardım göstəriləndən sonra, onlar işə başlayacaqlar.
Baxacaqlar ki, məsələn, gələn vətəndaşın ölkəsinin burada səfirliyi yoxdur. Məsələn, Azərbaycanın Flippində səfirliyi yoxdur, həmçinin Flippinin də Azərbaycanda səfirliyi yoxdur. Flippinin akkreditasiyadan keçmiş səfirliyi Ankarada yerləşir. Ankara hara, Bakı hara? Yəni yaxın məsafə deyil. Hamı medalın o biri üzünü də fikirləşməlidir. “Problem yox ikən hər şey çox yaxşı olur, bəs problem yaransa necə davranılacaq” deyə düşünülməlidir. Bunun üçün Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycandakı vəziyyəti təşviq edir. “Miqrasiya problemləri zamanı fəaliyyət çərçivəsi” deyilən bir şey var. Bu bizim təşkilatın Şurası tərəfindən 2012-ci ildə yekdilliklə qəbul edilib. Şura üzv dövlətlərdən ibarətdir. Bütün üzv ölkələr, o cümlədən Azərbaycan bir araya gələrək bunun çox yaxşı ideya olduğunu bəyan edib və sənədi qəbul ediblər. Buna görə də, Azərbaycan miqrant axını ilə üzləşsə, onda Beynəlxalq Miqrasiya Təşkilatı bu sənədin əsasında Azərbaycana dəstək verə bilər.
– Çox maraqlı məqamlara toxundunuz və fikirlərinizə qüvvət demək olar ki, miqrasiya axını qarşısıalınmaz bir prosesdir. Nə qədər sərt, inzibati tədbirlər həyata keçirilsə də, bu, belədir. Ona görə belə bir sual yaranır: Miqrantların sayını elə bölüşdürmək olmazmı ki, bir dövlətin üzərinə ağır yük düşməsin, bu məsuliyyət ədalətli şəkildə paylansın. Məsələn, miqrantların bir hissəsini İrana yönləndirmək mümkündürmü?
– Buradakı əsas məsələ dövlətlərarası əməkdaşlıqdan asılıdır. Bu sazişlərə baxmaq lazımdır. Elə ölkələr var ki, deyir ki, mümkün olduğu qədər miqrantları qəbul edə bilər. Bəyan edirlər ki, onlara daha çox dəstək verilsə, daha çox miqrant qəbul edə bilərlər.
Bəzi dövlətlər isə bildirir ki, onlar miqrantlar üçün maliyyə dəstəyi vermək gücündədirlər, amma onları qəbul edə bilməzlər. Bunlar ikitərəfli, çoxtərəfli mexanizmlərdə müzakirə olunacaq məsələlərdir. Beynəlxalq Miqrasiya Təşkilatı heç bir dövlətə deyə bilməz ki, sən bu miqrantları ölkənə burax, bunları yox. Belə şeylər həm də dövlətlər arasındakı müqavilələrdən asılıdır.
– Miqrasiya özü ilə terror dalğası da gətirir. Sizin təşkilat terror risklərini necə müəyyən edir?
– İstər terrorizm, istərsə də başqa bir təhlükənin qarşısı alınmalıdır. Qanuni, tənzimlənmiş miqrasiya olmalıdır. Bununla da ölkələr öz ərazisinə kimi buraxmaqla bağlı özü qərar verir. Məsələn, “Azərbaycanın ərazisinə kim girəcək, kimlərə qadağa qoyulacaq” məsələsini dövlət özü müəyyən edir. Lakin ölkəyə buraxılan hər adamı tanımaq da mümkün deyil. Miqrasiya sərhəd idarəçiliyi mütəxəssislərinin tətbiq etdiyi mexanizmlər var. Məqsəd riskləri minimuma endirməkdir. Terror risklərinin azaldılması üçün mütəxəssislərin canla-başla işləməsi lazımdır.
– Azərbaycanın işğal atlındakı bölgələrinə qeyri-qanuni şəkildə Livandan, Suriyadan gələn ermənilər yerləşdirilir. Qanunsuz, süni məskunlaşdırma ilə bağlı ATƏT-in Faktaraşdırıcı Missiyası araşdırmalar aparır. Bəs sizin əlinizdə hər hansı statistik məlumat varmı?
– Bizdə heç bir statistik məlumat yoxdur. Amma bu mövzu ilə əlaqədar olaraq deyə bilərəm ki, Beynəlxalq Miqrasiya Təşkilatının mövqeyi çox qətidir. BMT-nin 4 qətnaməsi var və bu, yerinə yetirilməlidir ki, problem sülh yolu ilə həll edilsin.