15 ölkənin azərbaycanlı gəncləri bəyanat verdi
“İrəli” İctimai Birliyinin və İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı ilə İstanbulda keçirilən “Xaricdən milli baxış” mövzusundakı Forum martın 7-də işini başa çatdırıb. “İrəli” İctimai Birliyindən yknews.az saytına bildiriblər ki, tədbirin yekununda Forum iştirakçıları, o cümlədən Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Polşa, İspaniya, Macarıstan, Norveç, Türkiyə, Çexiya, İtaliya, Rumıniya, Litva, Şimali Kipr və s. ölkələrdə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının təmsilçiləri birgə bəyanat yayıblar.
Bəyanatda deyilir: “Biz, dünya azərbaycanlıları olaraq ölkəmizi xaricdə təmsil etməkdən qürur duyur və bunun məsuliyyətini hər zaman öz üzərimizdə dərk edirik. Ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi indi hər birimizin həyat devizinə çevrilib.
Məqsədimiz ölkəmizlə bağlı doğru informasiyaları, Azərbaycanın qısa müddət ərzində keçdiyi inkişaf yolunu, xalqımıza xas olan milli dəyərləri, Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı və işğalçılıq siyasətini yaşadığımız ölkələrin, eləcə də dünyanın diqqətinə çatdırmaq, ədalətin bərqərar olunmasına nail olmaqdır”.
Bu istiqamətdə aparılan dövlət siyasətini daim dəstəklədiklərini və bunu milli mənəvi borc hesab etdiklərini vurğulayan gənclər bəyanatda ifadə ediblər: “Gənclik güclü Azərbaycan dövlətinə, xalqımızın iradəsinə söykənərək dünya səviyyəsində öz sözünü deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevə güvənərək üzərinə düşən vəzifəni bundan sonra da yerinə yetirəcək.Biz, Forum iştirakçıları olaraq bütün dünyadakı azərbaycanlı gənclərə müraciət edərək bildiririk ki, indi dünyada baş verən proseslər daha yaxın olmağımızı, daha sıx birləşməyimizi, müstəqil Azərbaycan üçün daha çox işlər görməyi zəruri edir. Bundan irəli gələrək Forum iştirakçıları tərəfindən yaradılan Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurası bundan sonrakı fəaliyyətini mərkəzləşdirilmiş formada həyata keçirməyi, xaricdəki gənclər təşkilatlarının ictimai-siyasi proseslərdə mövqeyinin gücləndirilməsini qarşıya məqsəd qoyub”.
Bəyanatda yeni müraciətlərə əsasən, Koordinasiya Şurasının fəaliyyət coğrafiyasının genişləndirilməsi də əsas məqsədlərdən biri olduğu xüsusi vurğulanıb.
Qeyd olunub ki, Forum iştirakçılarının ümumi razılığı əsasında Xaricdəki Gənclər Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin əlaqələndirilməsi “İrəli” İctimai Birliyi tərəfindən həyata keçiriləcək.