Argentinalı jurnalist Xocalı soyırımından yazdı
Geniş oxucu kütləsinə malik ispandilli informativ-analitik xəbər portalı olan “United Explanations”da argentinalı jurnalist Vanina Soledad Fattorinin müəllifi olduğu “Xocalı Soyqırımı: Dağlıq Qarabağın qaranlıq və tanınmamış səhifəsi” (El genocidio de Jodyali: oscuro y desconocido capitulo de Nagorno Karabaj) adlı məqalə dərc olunub.
Publika.az sözügedən məqalənin qeyri-rəsmi tərcüməsini oxuculara təqdim edir:
XOCALI SOYQIRIMI: DAĞLIQ QARABAĞIN QARANLIQ VƏ TANINMAMIŞ SƏHİFƏSİ
İkinci Dünya Müharibəsindən sonra beynəlxalq ictimaiyyət İnsan Hüquqları və dövlətlərin müdafiəsinə yönəlmiş beynəlxalq təcrübə qaydalarını sistemləşdirərək dövlətlərarası münasibətlərin qanunun aliliyinə əsaslanaraq idarə olunması üçün geniş konsensus əldə edib. Buna baxmayaraq bu böyük addım silahlı münaqişələrə son qoya bilməyib ki, Azərbaycanın qərbində yerləşən bir şəhər- Xocalıdakı hadisə buna bir nümunədir.
“Aclıq və qorxu keçirdim, izlənildim, ailəmi itirdim və yenidən həyata başlamağa məcbur oldum” – bu minlərlə qurbanı olan və soyqırım kimi təsnif olunan bir silahlı münaqişənin canlı şahidi Anar Orucovun hekayəsidir.
26 fevral 1992-ci il – Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində baş vermiş faciəvi silahlı qarşıdurma ilə yadda qalan bir tarixə nəzər salırıq. Hər il 26 fevral – Milli Matəm Günü zamanı Azərbaycan xalqının Xocalıya ədalət sorağı əsasında Qarabağda yerləşən və artıq bu gün xəritədən silinmiş bu kiçik şəhərin qanlı tarixindən danışılır.
Dağlıq Qarabağ Qafqaz regionunda Azərbaycanla Ermənistan arasında yerləşən və sonuncu tərəfindən, Avropa Şurasına istinadən, qeyri-qanuni şəkildə işğal olunmuş münaqişəli ərazidir.
Baş verənlər Azərbaycan dövləti və insan hüquqları üzrə təşkilatlar, məsələn, “Human Rights Watch” (HRW), tərəfindən soyqırımı kimi təsnif olunub. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya istinadən soyqırımı bir milli qrupun düşünülmüş şəkildə tam və qismən məhv edilməsi niyyəti ilə qətliamın törədilməsidir. Bu qarşıdurmanın qurbanlarının sayı burada baş verənlərin həcmini əks etdirir. Azərbaycan tərəfinin məlumatına əsasən 613 nəfər mülki vətəndaş, o cümlədən, 106 qadın və 63 uşaq qətlə yetirilib. Minlərlə insan yaralanıb, eyni zamanda faciə gecəsi 1275 nəfər əsir düşüb, onların böyük əksəriyyəti işgəncələrə məruz qalmış və qətlə yetirilib, 150 nəfər insan itkin düşüb və indiyədək barələrində heç bir məlumat yoxdur.
Azərbaycan və HRW beynəlxalq müşahidəçilərinin nöqteyi nəzərinə əsasən, qətliam erməni silahlı qüvvələri tərəfindən törədilib. Hadisələr barəsində hesabatında HRW qeyd edir ki, Xocalıda baş verənlər Ermənistan və Azərbaycan arasındakı münaqişə dövrü ərzində ən dəhşətli qətliam olub. Digər tərəfdən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2015-ci ildəki qətnaməsində qeyd edir ki, azərbaycanlılar erməni döyüşçülərinin hücum edərək işğal etdiyi şəhərdən qaçmağa məcbur olmuşdur. Bu səbəbdən, Xocalıda baş verənlər müharibə cinayətləri və insanlığa qarşı cinayətlər olan xüsusilə ağır cinayət əməlləri kimi qiymətləndirilib.
Digər tərəfdən, erməni tərəfi qeyd edir ki, ölüm hadisələri müharibə zəminində həyata keçirilən hərbi əməliyyatların nəticəsində baş verib və bəyan edir ki, hadisə qurbanlarının yüksək sayına səbəb Azərbaycan ordusunun mülki vətəndaşlara qarışması və hərbçilərlə mülki vətəndaşları ayırmağın mümkünsüzlüyü olub. Buna baxmayaraq, HRW və Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzi müvafiq olaraq hesabatlarında qeyd ediblər ki, bu bəyanatlar inandırıcı deyil, belə ki, kütləvi sayda qətlə yetirilməyə heç bir şəkildə bəraət vermək mümkün deyil.
Dağlıq Qarabağ müharibəsi nəticəsində şəhərin əhalisinin sayı 7000 nəfərdən 3000 nəfərədək azalıb. Əhalinin böyük qismi dörd ay davam edən blokada səbəbindən şəhəri tərk etməyə məcbur qalıb. Xocalı qətliamından 24 il keçməsinə baxmayaraq Beynəlxalq Ədalət Məhkəməsi qarşısında cavabdehlər yoxdur. Bu səbəbdən, 2008-ci ildə “Xocalıya ədalət” adlı beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Geniş yayılan sükuta baxmayaraq, qeyd etmək lazımdır ki, Meksika, Pakistan, Türkiyə, Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Panama, Peru, Kolumbiya, Serbiya, İordaniya, Honduras, Sudan, ABŞ-nın 18 ştatınin qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı hadisələri barədə və burada beynəlxalq hüquq və İnsan Hüquqlarına istinadən törədilmiş cinayətləri pisləyən qətnamələr qəbul ediblər.
Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi kontekstində
Hazırda biz Sovet İttifaqının parçalanmasından sonra yaranan və bugünədək həllini tapmayan mürəkkəb tərkibli münaqişələrlə üzləşirik. Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişəsi buna bir nümunədir.
Münaqişə bir qrup erməni milliyyətçilərinin (həm Dağlıq Qarabağda, həm də Ermənistanda) Azərbaycana məxsus olan bu ərazini Ermənistana birləşdirmək üçün kampaniyaya başlamalarından irəli gəlir.
İlkin mərhələdə nümayişlərlə başlanan bu kampaniya daha sonra ermənilər və azərbaycanlılar arasında böyük gərginlik və zorakılıq dövrünün yaşanmasına səbəb olmuşdur. Bu müstəvidə 1991-ci ildə Dağlıq Qarabağ birtərəfli şəkildə özünü müstəqil respublika elan etmişdir; lakin de fakto. Çünki Birləşmiş Millətlər Təşkilatının üzvü olan suveren dövlətlər tərəfindən tanınmır.
Faktiki olaraq Ermənistan Respublikasının hərbi qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal etməsi ilə həyata keçirdiyi əməliyyatlar nəticəsində bu münaqişə geniş miqyaslı müharibəyə çevrilib.
Bu münaqişə sülh yolu ilə həllini tapmadan sərhədboyu mövcud daimi hücumlar və qarşılıqlı ittihamlarla davam etməkdədir.
Minsk Qrupu tərəfindən müəyyən edilmiş danışıqlar prosesi vasitəsilə diplomatik həll yolu iki ölkə arasında sülhün bərqərar olunması üçün gözlənilən nəticələri verməmiş, danışıqlar isə “ölü nöqtədə” qalmışdır ki, bu da münaqişəni “həlli uzanmış” münaqişə kimi xarakterizə edir.
Dağlıq Qarabağ münaqişəsinin aktual kursu ilə tanış olmaq istərkən nəzərə almalıyıq ki, “atəşkəs” statusu alan bir münaqişədən bəhs olunur. Belə ki, texniki baxımdan müharibə sona çatmayıb, çünki tərəflər sülh sazişi imzalamayıb, yalnız atəşkəs mövcuddur.
1993-cü ildən etibarən bu münaqişə ilə əlaqədar mühüm beynəlxalq normativ-hüquqi əsas yaradılıb:
BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri; BMT Baş Asambleyanın 2008-ci il tarixli 62/243 saylı qətnaməsi; ATƏT, Avropa Şurasının Parlament Asambleyası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi müxtəlif bəynəlxalq təşkilatların sənəd və qətnamələri Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal edilməsi faktını pisləyir. Bu sənədlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət olunmasını təsdiqləyir və Dağlıq Qarabağın Azərbaycan dövlətinə məxsus olmasını nəzərə çatdırır.
Eyni zamanda həmin qətnamə və bəyanatlar erməni qoşunlarının işğal olunmuş ərazilərdən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına zəmanət verilməsini tələb edir.
Təsadüfi deyil ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan adambaşına düşən məcburi köçkünlərinin sayına görə yüksək göstəriciyə malik olan ölkələr sırasındadır.
Kədərli nəticə bundan ibarətdir ki, hərbi qüvvələrin əli ilə çoxsaylı dinc əhalinin qətlə yetirilməsi təsdiqini tapsa da, bugünə kimi burada ədalət bərpa olunmamış və cavabdehlərin cinayət mühakiməsi baş tutmayıb.
Əgər biz beynəlxalq gündəmə ədalətli və sülh içində bir dünya arzusu ilə baxmaq istəyiriksə, Xocalı qətliamının törədilməsi faktı inkar olunmamalıdır.
Həmçinin müvafiq ədalət mühakiməsinin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin zəruri həllinin gözlənildiyi danılmamalıdır. Burada da digər hallar kimi diplomatiya davam edən zorakılığın qarşısını ala bilmir. Digər tərəfdən münaqişənin həllini tapmaması Qafqaz regionunun sabitliyini təhlükə qarşısında qoyur.
Redaktorun qeydi: Ermənistan ordusu tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı sübut edən geniş şəkillər toplusu mövcuddur. Sözügedən şəkillər özündə amansız qəddarlığı əks etdirdirir və biz insanların duyğularını zədələməmək üçün onları mətnə daxil edə bilmədik. Əgər mövzu sənə maraqlıdırsa və daha dərin məlumata ehtiyacın varsa, aşağıdakı linklərdən müxtəlif şəkilləri tapa bilərsən:
http://xocali-mks.weebly.com/xocal305-faci601si.html
http://xocali.org/en/index.php?p=photo_archive_jafarov
http://www.eylence.az/blogs/index.php/eylence/xocali_soyqirimi_foto_ureyi_zeif_olanlar