Komitə sədri mübahisəli məsələlərə aydınlıq GƏTİRDİ
Mərc oyunlarına nəzarət “Maliyyə Bazarlarına Nəzarət Palatası ” publik hüquqi şəxsə veriləcək.
Bu bərədə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov parlamentin iclasında deyib.
Deputat qeyd edib ki, idman mərc oyunlarına nəzarət funksiyasının yeni orqana verilməsi “Bədən tərbiyəsi və idman haqqında” qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb.
“Dəyişikliyə əsasən, “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir.
Digər dəyişikliyə görə isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir”.
F.Muradov qeyd edib ki, bu dəyişiklik dünən komitədə müzakirə olunarkən fikir ayrılığı yarandı ki, mərc oyunlarına nəzarət Gənclər və idman Nazirliyindən alınıb.
“Burada məsələ ondan getmir ki, hansısa icra hakimiyyətinin işi əlindən alınır. Bizim bundan əvvəlki təcrübəmizdə Gənclər və İdman Nazirliyinə həmin mərc oyunlarından müəyyən faizlər daxil olurdu. O faizlər çərçivəsində bizim idmançılarımız müəyyən yarışlarda iştirak edirdi və bir çox xərclər o fazilərdən maliyyələşirdi.
Bu qalır, sadəcə Maliyyə Bazarlarına Nəzarət Palatasına nəzarət funksiyası verilir ki, gələcəkdə idman mərc oyunlarına ümumi nəzarət həyata keçirilsin”.