Ermənistan əhalisi sürətlə azalır:Hər gün azı 31 nəfər ölkəni tərk edir
Ermənistan müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərini bu günə qədər həll edə bilməyib. Bir digər təhlükəli olan demoqrafik problemi bütün ciddiyyəti ilə hələ də özünü göstərir və mənfi tendensiya olaraq qalmaqda davam edir.
2015-ci ilin ikinci yarısında Birləşmiş Millətlər Təşkilatının ölkələrin demoqrafik proqnozları ilə bağlı hazırladığı məruzədə 3 milyon 18 min olan Ermənistan əhalisinin 2030-cu ildə 2 milyon 992 min, 2050-ci ildə 2 milyon 729 min nəfərə qədər azalacağı və 2100-cü ildə isə 1 milyon 700 min nəfər olacağı qeyd edilib.
Ermənistan Milli Statistika Xidmətinin Əhalinin siyahıya alınması şöbəsinin müdiri Karine Kuyumcuyanın verdiyi məlumata görə, 2015-ci ilin birinci yarısında Ermənistan əhalisinin təbii artımı 4 min 91 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (4 min 477) 8,6 faiz aşağıdır. Həmin dövrdə Ermənistanda 18 min 719 uşaq doğulmuşdur. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə (19 min 249) 2,8 faiz azdır. 2015-ci ilin birinci yarısında 9 min 563 nigah qeydə alınmışdır ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə (9 min 563 nikah) 10,3 faiz azdır.
“Joxovurd” qəzeti Milli Statistika Xidmətinin 1992-2014-cü illərlə bağlı verdiyi məlumatlara əsaslanaraq, Ermənistanı 1 milyon 500 min nəfərin tərk etdiyini bildirir.
1 yanvar 2016-cı il ildə Ermənistan əhalisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min nəfər azalıb. Bununla yanaşı son beş ildə Ermənistan əhalisi 35,9 min nəfər, müstəqillikdən bu günə qədər isə, 634,7 min nəfər azalıb. Şəhər əhalisi (1.907,4) 5,5 min nəfər azalıb. Azalma əsasən İrəvan, Lori və Şirak əyalətlərində müşahidə edilib. Kənd əhalisi isə (1,091,2) 6,5 min nəfər azalıb. Ümumən, ölümlər 0,4 faiz artsa da, 2015-ci ilin yekununa görə, əhalinin təbii artımı 13 min 980 nəfər olub.
2016-cı ildə Ermənistan əhalisinin dəyişmə əmsalının belə olacağı ehtimal edilir:
– doğum: gündə 105 uşaq, saatda 4,37 uşaq;
– ölüm: gündə 69 nəfər, saatda 2,87 nəfər;
– miqrasiya: gündə 31 nəfər, saatda 1,28 nəfər;
Əhalinin yaş qrupuna görə ayrılması:
– 15 yaşından aşağı: 523 min 200 nəfər (kişi – 285 min 125; qadın – 243 min 335);
– 14 yaşından yuxarı, 64 yaşdan aşağı: 2 milyon 153 min 966 nəfər (kişi – 1 milyon 009 min 236; qadın – 1 milyon 144 min 730);
– 64 yaşından yuxarı: 299 min 75 nəfər (kişi-113 min 288; qadın – 185 min 887);
İldə təxminən 200 min Ermənistan vətəndaşı mövsümlük işlər üçün Rusiyaya gedir. Uzunmüddətli iş üçün ölkəni tərk edən ermənilərin 70 faizi yenə də Rusiyanı seçir.
Ermənistan əhalisinin azalmasında ən ciddi səbəblər iqtisadi və sosial problemlərin həll olunmaması və Dağlıq Qarabağ probleminin hələ də davam etməsidir.
İqtisadi və sosial problemlərin həll edilməməsi əhalinin azalma tendensiyasının davam edəcəyini göstərir. Ermənistan əhalisinin azalması problemini Yaxın və Orta Şərqdə yaşanan böhran nəticəsində Suriya Livan, İraq və digər ölkələri tərk edən ermənilərin hesabına həll etməyə çalışsa da, bu, istənilən nəticələri vermir. Adıçəkilən ölkələri tərk edən ermənilərin iqtisadi vəziyyətinin yaxşı olanları Ermənistana deyil, Avropa və ABŞ-a köçürlər. Ermənistana gələnlərin əksəriyyəti isə olduqca kasıb təbəqənin nümayəndələridir və əslində Ermənistan hökuməti üçün əlavə sosial və iqtisadi problemlərə səbəb olurlar.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
Newtimes.az