Ceyms Uorlik Corciya ştatının Dağlıq Qarabağla bağlı qərarını şərh edib
ABŞ-ın ayrı-ayrı ştatlarının hərəkətləri ölkənin xarici siyasətini əks etdirmir.
Virtualaz.org xəbər verir ki, bunu «Twitter»dəki mikrobloqunda ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən həmsədr Ceyms Uorlik yazıb.
Bununla o, Amerikanın Corciya ştatının Ermənistanın işğalı altında qalan Azərbaycan torpağı Dağlıq Qarabağın «müstəqilliyini» tanımasına münasibət bildirib.
«İradlara cavab olaraq bildirirəm ki, ştatların qanunvericilik orqanlarının Dağlıq Qarabağ ətrafında hərəkətləri icbari xarakter daşımır və ABŞ-ın xarici siyasətini əks etdirmir», – Uorlik belə yazıb.
Cümə axşamı günü Corciya ştatının Nümayəndələr palatası Ermənistanın işğalı altında qalan Azərbaycan torpağı Dağlıq Qarabağın «müstəqilliyinin» tanınması ilə bağlı qərar qəbul edib.