ABŞ-ın Avropa komandanı Dağlıq Qarabağ münaqişəsi haqda
“Rusiya Azərbaycana silah satmaqla və eyni zamanda Ermənistanda öz ordusunun mövcudluğunu dəstəkləməklə faktiki olaraq regionda qeyri-stabilliyi artırır”.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Avropa komandanlığının komandanı Filip Bridlavın 25 fevral tarixli illik hesabatında qeyd edilir.
O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bir hissəsi olduğunu qeyd edib: “Fakt olaraq təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində son iki ildə zorakılıq halları nəzərəçarpacaq dərəcədə artıb. 2015-ci il atəşkəsin elan olunduğu 1994-cü ildən sonra ən çox ölüm hallarının baş verdiyi il olub. Mürəkkəb Dağlıq Qarabağ münaqişəsi yəqin ki, Avropadan Qafqaza qədər sülh və təhlükəsizliyin genişlənməsinin qarşısında duran ən böyük maneədir”.
Hesabatda Rusiyanın münaqişənin aid olduğu ərazilərdə öz təsirini saxlamaq üçün tərəflərə dəstək verdiyi, həmçinin diplomatik səylərdə iştirak etdiyi qeyd olunub.
F.Bridlav bildirib ki, Rusiya dondurulmuş münaqişələrdən xarici siyasət aləti kimi istifadə edir: “Rusiyanın periferiyasında olan dövlətlərdəki həlli uzadılmış münaqişələrin dondurulmuş kimi təsvir edilməsi əslində bu münaqişələrin davam edən və ölümcül olması və Rusiya tərəfindən dəstəklənməsi faktı ilə ziddiyyət təşkil edir”.