Qaçqın şəhərciklərinə 2,3 milyard dollar xərclənib
Azərbaycan Dövlət Neft Fondu 2015-ci üzrə gəlir və xərclərini açıqlamasından sonra iqtisadçı Rövşən Ağayev ən az və ən çox vəsait sərf edilən sahələr üzrə şərh verib.
Modern.az saytının məlumatına görə, iqtisadçı bildirib ki, Neft Fonduna gəlirlərin daxil olduğu 2000-2015-ci illərdə 124.8 milyard dollar (101.5 milyard manat) vəsait əldə edilib:
“Gəlirlərin 95. faizi 2008-2015-ci illərdə formalaşıb. Ötən dövrdə Fondun bütün gəlirlərinin təxminən 70 faizi – 86.5 milyard dolları (70.5 milyard manat) xərclənib. Yerdə qalan 30 faizi ehtiyatlar kimi saxlanıb”. R.Ağayev qeyd edib ki, xərclənən vəsaitlərin 91 faizi – 78.4 milyard dolları dövlət büdcəsinə transfert edilib:
“İkinci ən böyük xərc maddəsi qaçqın və məcburi köçkünlər üçün şəhərciklərin salınması olub – 2.3 milyard dollar. Ən az vəsait xaricdə təhsilə xərclənib ki, bu da 190 milyon dollar təşkil edib.
Qəbələ-Oğuz su kəmərinə 960 milyon dollar, Samur-Abşeron su kanalı layihəsinə 1.5 milyard dollar, “Star” neft emalı kompleksinin tikintisinə 735 milyon dollar, Cənub Qaz Kəməri layihəsinə 700 milyon dollar xərclənib”.