Kremlin ideoloqu Azərbaycana qarşı: “Narahat olmayın, ermənilər”
Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin Azərbaycan-İran-Rusiya yaxınlaşması, regionda yeni iqtisadi münasibətlərin formalaşması və bunun Ermənistana zərərlərini şərh edib.
Publika.az xəbər verir ki, Kremlin ideoloqu Ermənistan KİV-nə müsahibəsində Bakı-Tehran-Moskva üçlüyü haqda danışarkən, daha çox Ermənistanı təsəlli edən fikirlərlə çıxış edərək, bu üçlüyün, əksinə, İrəvan-Tehran-Moskva olacağı proqnozunu verib.
Duqin “siz narahat olmayın” deyə erməni jurnalisti təsəlli edir: “İrana qarşı sanksiyalar götürüləndən sonra regionda yeni siyasi və iqtisadi münasibətlər sisteminin əsası qoyulur. Mən hesab edirəm ki, 2013-cü ilin dekabr ayında Ermənistan və Rusiya arasında təbii qazın idxalı ilə bağlı bağlanmış müqavilə yenidən gözdən keçirilə və İran qazının da bura qoşulması təmin oluna bilər”.
Qeyd edək ki, bu müqavilənin şərtlərinə görə, Ermənistanın Rusiyadan başqa hər hansı ölkədən qaz idxalı qadağandır.Lakin A. Duqin hesab edir ki, strateji maraqlar bu müqavilənin dəyişdirilməsini asanlaşdıracaq.Onun sözlərinə görə, bu gün regionda Rusiya, İran və Ermənistanın ümumi maraqları eynidir.
“İran hazırda Qərbə doğru açılsa da, hesab edirəm ki, Rusiya ilə münasibətlərini yüksələn xətlə davam etdirəcək. Cənubi Qafqazda Rusiya və İranın maraqları faktiki olaraq eynidir. Diqqət edin, Ermənistan Rusiyanın müttəfiqidir. Bu müttəfiqlik xristianlıq, tarixi və hərbi nöqteyi-nəzərdən möhkəm iplərlə bağlıdır. Ermənistan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Eyni zamanda, İran Ermənistana doğru müsbət mənada köklənib. Ermənilər və iranlılar milli, tarixi və mədəni planda çox yaxındır. Bu baxımdan, İrəvan-Tehran-Moskva oxu mükəmməl görünür. Bakı-Tehran-Moskva oxu görünsə də, siz narahat olmayın, bir çox siyasi səbəblərə əsaslanaraq, bunun davamlı olacağını demək çətindir”, – deyə o bildirib.
Dağlıq Qarabağ münaqişəsində İranın aktiv iştirakı haqda danışan Kremlin ideoloqu bildirib ki, Tehran bu münaqişədə Rusiya ilə birlikdə hərəkət edəcək: “Biz bilirik ki, İran Ermənistana həm iqtisadi, həm enerji, həm də Dağlıq Qarabağ məsələsində kömək edib. Bu baxımdan, əməkdaşlıq davam edəcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri və ardınca gündəmə gələn Bakı-Tehran-Moskva iqtisadi əməkdaşlıq formatı Ermənistanda ciddi təşvişə səbəb olub. Duqinin açıqlamaları isə daha çox Kremlin onun dili ilə erməniləri sakitləşdirməsinə bənzəyir.