Gürcüstan dövlət büdcəsini 5% azaldır – Azərbaycana görə
Gürcüstan bu ilki dövlət büdcəsinə yenidən baxmalı olacaq.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, maliyyə naziri Nodar Xaduri qonşu ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi göstəricilərinin ləngiməsi və qarşıdan gələn vergi islahatları fonunda dövlət xərclərini 5% azaltmağı planlaşdırdığını deyib.
Bununla belə, Xaduri 2015-ci ilə nisbətən bu il ölkəyə cəlb olunacaq birbaşa investisiyaların daha çox olacağını deyib.
Milli valyutası larinin devalvasiyasında və ölkəyə ötürülən valyuta vəsaitlərinin azalması fonunda Gürcüstan rəhbərliyi vergi islahatına başlamaq qərarı verib.
Yeni islahat dövlət büdcəsinin gəlirlərini azaltsa da, iqtisadiyyatın gələcək inkişafı üçün əlavə stimul olacaq.
“Yeni vergi dəyişikliklərindən sonra dövlət büdcəsi 300-400 milyon lari daha az gəlir götürəcək. Amma digər tərəfdən həmin pul biznesdə qalacaq və inkişafa əlavə stimul olacaq”.
Xaduri 15%-lik gəlir və əlavə dəyər vergilərinin ləğvini nəzərdə tutan vergi qanununun parlamentdə müzakirə olunduğunu deyib.