Məcburi köçkünü evindən çıxarmaq istəyirlər
Bakının Şüvələn qəsəbəsi Ordubadi küçəsində yaşayan Əhmədova Sevinc Zakir qızı evindən çıxarılır.
ANS PRESS-in məlumatına görə, S.Əhmədova 1996-ci ildən Bakıda məcburi köçkün kimi məskunlaşıb. Gəldiyi vaxtdan “Bağlar” deyilən yerdə yaşayan Sevinc Əhmədovanı 2 il əvvəl peyda olan və həmin ərazinin ona məxsus olduğunu iddia edən Emin Quliyev Natiq oğlu ərazidən çıxarmaq istəyir.
Şikayətçi deyir ki, 1992-ci ildən bu evdə yaşayır, indiyənədək heç kim ona ərazinin kiməsə məxsus olduğunu deməyib. “İki il bundan əvvəl Emin adında bir nəfər peyda oldu ki, bura mənimdir. Sonra pulu olduğu üçün bu torpağı öz adına keçirdi. İndi də mənə deyirlər ki, biz burada bağ evi tikirik, sənə də üç gün vaxt veririk ki, evi tərk edəsən. Mən demirəm ki, burada ev tikməsin, gəlsin, tiksin. Amma məni evdən çıxarmasın. Gedəsi başqa yerim yoxdur, uşaqlarım var”, – deyə qadın bildirdi.
Məcburi köçkün deyir ki, heç olmasa ona başqa bir yerdə yaşamağa imkan yaradılmayana qədər evindən çıxarmasınlar. Sevinc Əhmədovanın sözlərinə əsasən, onun yaşadığı ev onsuz da yaşamaq üçün əlverişli deyil, amma yenə də yaşamağa başqa yeri olmadığı üçün gedəcək yeri də yoxdur.
Əlində ərazinin rəsmi sənədi olduğunu iddia edən Emin Quliyevlə əlaqə saxlaya bilməsək də, onun vəkili Vahid müəllimlə danışdıq. Vəkil həqiqətən də həmin ərazinin Emin Quliyeva məxsus olduğunu bildirdi. “Bizim əlimizdə sənəd var. İş məhkəməyə qədər gedib və məhkəmə Emin tərəfə qərar çıxarıb. Düzdür, biz də istəmirik xanım küçədə qalsın. Mən şəxsən onunla birgə bu məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (QMKİDK) də getmişəm, həmin ərazidə qaçqınlar üçün düşərgə var. Özüm komitədən xahiş etdim ki, Sevinc xanımı orada yerləşdirsinlər, biz də bacardığımız qədər maddi yardım göstərərik”, – deyə vəkil qeyd etdi.
Vəkil onu da vurğuladı ki, QMKİDK məsləni həll edə bilər, amma sanki qadını başından edirlər. “Buna görə Emin Quliyev niyə əziyyət çəkməlidir ki, o da şəxsi torpağında ev tikmək istəyir. Hətta, bu yaxınlarda lazımı texnikanı həmin əraziyə gətirib tikinti işlərinə başlayacaq, belə vəziyyətdə həmin qadının ailəsi orada necə qalacaq?”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) bildirdilər ki, prezidentin sərəncamına əsasən 1992-1998-ci illərdə məcburi köçkün kimi gəlib məskunlaşan insanları heç kim yaşadığı yerdən çıxara bilməz: “Əhmədova Sevinc Zakir qızının məsələsini araşdıracağıq. Amma həqiqətən əgər dediyi kimi o, 1996-cı ildən orada yaşayırsa, onu həmin evdən heç kim çıxara bilməz, hətta, əlində sənəd olsa belə”.
Ümumiyyətlə, 1991-ci ildən bu günə qədər Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 3,5 milyard dollar vəsait sərf olunub: “Bu vəsaitin 1,5 milyardı Neft Fondunun, 820 milyonu isə beynəlxalq humanitar təşkilatların hesabına olub. İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər üçün müasir tipli 67 qəsəbə tikilib. Həmin qəsəbələrə 20 min məcburi köçkün ailəsi, başqa sözlə, 100 min əhali köçürülüb. Bu qəsəbələrdə müasir tipli 126 məktəb binası tikilib. Məcburi köçkünlər üçün tikilən qəsəbələrin 70-80 faizi Ağdam-Füzuli ərazisindədir. Bu, məqsədyönlü şəkildə belə edilir ki, gələcəkdə köçürülmə baş verəndə problemlər yaranmasın. Qeyd edək ki, 1992-98-ci illərdə məcburi köçkünlər harada məskunlaşıbsa, öz yurdlarına qayıdana və ya həmin şəxslərə yeni şəraitdə mənzillər təklif olunana qədər o mənzillərdən çıxarılması dayandırılır. Ölkə prezidentinin bununla bağlı sərəncamı var.
Bu gün bütün dünyada qaçqınların çox olduğu bir vaxtda, bəzi ölkələr onlara hörmətlə yanaşmasa da, bəziləri nəinki, onların gəlişinə sevinir, hətta, öz evlərində də onların qalması üçün şərait yaradırlar. Məsələn, ötən ilin sentyabr ayında Finlandiyanın baş naziri Yuxa Sipilya bildirib ki, miqrantlara, hətta, öz evini belə verməyə hazırdır.
Avropa Birliyi ölkələrinə nümunə göstərmək üçün Finlandiyanın baş naziri Yuxa Sipilya miqrantlara şəxsi evinin qapılarının açıq olduğunu vurğulayıb.
Bundan əvvəl belə bir addımı Macarıstanın baş naziri Ferens Dyurçan atıb. O, öz evində bir qrup qaçqınları yerləşdirib. Onları lazımı qidalar, geyimlə təmin edib.
Dünyanın bütün konflikt zonalarında olan qaçqın və məcburi köçkünlərə olduğu kimi, ölkəmizdə də bu kateqoriyadan olan insanlara Prezident İlham Əliyev tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir. Bir halda ki, ölkə başçısının məcburi köçkünlərlə bağlı sərəncamı var, demək, hamı bu sərəncama əməl etməlidir. Sevinc Əhmədovanı isə narahat olmamağa çağırırıq. Bir halda ki, o, 1996-cı ildən yaşadığı yerdə məskunlaşıb, demək, onu həmin ərazidən heç kim çıxara bilməz.