ABŞ-ın Ohayo ştatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
“Xocalıya ədalət” kampaniyasına dəstək və Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş qətliam ilə bağlı həqiqətlərin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə fevralın 26-da Ohayo ştatının Deyton şəhərində anım mərasimi keçirilib. Axıska Türkü-Amerikanlar Cəmiyyəti Mərkəzi tərəfindən Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə birgə təşkil edilmiş tədbirdə Ohayo ştatında yaşayan axıska türkü, türk və azərbaycanlı icmaların nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri, o cümlədən Martin Luter Kinq Assosiasiyasının Deyton üzrə rəhbəri Entoni Vaytmor (Anthony B. Whitmore) iştirak ediblər.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə iştirakçıları salamlayan Axıska Türkü-Amerikanlar Cəmiyyəti Mərkəzinin rəhbəri İslom Şahbəndərov çıxışında əslən Azərbaycanın dilbər guşəsi Şuşa şəhərindən olduğunu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş işğalçı və vandal aktlara ürək ağrısı ilə canlı şahidlik etdiyini vurğulayıb və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və sözügedən münaqişə nəticəsində öz tarixi torpaqlarından didərgin düşün azərbaycanlıların tezliklə doğma yurdlarına geri dönəcəyinə əminliklə inandığını ifadə edib.
Daha sonra Azərbaycanın Xocalı və Şuşa şəhərindən məcburi köçkün olmuş axıska türkləri və Ohayo ştatının türk diaspor üzvləri çıxış ediblər. Xocalı şəhərindən məcburi köçkün olmuş axıska türkü Xəlil Çaxalidze çıxışında 1992-ci il fevralında Xocalıda erməni terrorçuları tərəfindən qəddarcasına törədilmiş vəhşiliklərdən, ailəsi ilə birlikdə digər Xocalı sakinləri kimi ermənilərin dözülməz və qeyri-insani aktlarının qurbanı olmasından bəhs edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Emil Səfərov Xocalıya dair təqdimatla çıxış edib, Xocalı qətliamına ədalətli beynəlxalq hüquqi qiymətin verilməsi və bu qətliam qurbanlarının xatirəsi üçün Azərbaycan tərəfinin qisas deyil, ədalət tələb etdiyini bəyan edib. E.Səfərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, bir milyon Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə bağlı faktları və xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğaldan azad etməsini qətiyyətlə tələb edən BMT, AŞPA və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər barədə tədbir iştirakçılarına məlumat verib. O, eyni zamanda Xocalı faciəsinin dünyanın bir sıra dövlətləri və eləcə də ABŞ-ın 20-yə yaxın ştatının qanunverici orqanları tərəfindən tanınmasını diqqətə çatdırıb.
Martin Luter Kinq Assosiasiyasının Deyton üzrə rəhbəri Entoni Vaytmor öz çıxışında Xocalı qətliamı ilə bağlı ictimai maarifləndirilmənin ən doğru mübarizə üsulu olduğunu bildirib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, həmçinin Xocalı faciəsindən bəhs edən film, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində tərtib edilmiş materiallar nümayiş etdirilib.