“Xocalı soyqırımı insanlığa qarşı törədilən cinayətdir”
“Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilən cinayətdir. Buna baxmayaraq, bəşəriyyət öz susqunluğunu qoruyur”.
Bu sözləri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
O bildirib ki, günahsız, əliyalın insanların hüquq və azadlıqlarının kütləvi şəkildə vəhşicəsinə pozulması ilə nəticələnən, bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq, bu cinayətin törədilməsində səbəbkar olan ermənilər hələ də layiqli cəzalarını almayıblar:
“Bütün çətinlik, ikili standart və haqsızlıqlara baxmayaraq bizim ölkə olaraq dayanmaq niyətimiz yoxdur.
Dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, artıq dünya birliyi Xocalıda törədilən faciə haqqında məlumatlıdır. Bildiyiniz kimi bu yaxınlarda ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıdıqları ilə bağlı sərəncam imzalayıblar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasına dünyanın bir sıra ölkələri qoşulur və təbliğat xarakterli işlər görülür. Bütün bunlar onu göstərir ki, biz səsimizi dünyaya eşitdirə bilirik”.
İnternet mediasının hökm sürdüyü bir vaxtda yaşadığımızı deyən birlik sədri qeyd edib ki, özümüzə düzgün hədəf, düzgün istiqamət götürsək, gördüyümüz işi sosial mediada düzgün təbliğ etsək səsimiz daha da uzaqlara çatacaq:
“Beynəlxalq birlik qəbul edəcək ki, Xocalı faciəsi bütün dünyaya qarşı törədilmiş bir cinayətdir və bu cinayətə göz yummaq cinayətkara yardım etməkdən başqa bir şey deyil. UBM Qrupun yaratdığı “Justice for Khojaly” bu istiqamətdə atılmış ən uğurlu addımlardan biridir. Ölkə olaraq böyük işlər görürük və mən inanıram ki, istəyimizə nail olacağıq”.
M.Seyidov əlavə edib ki, “İrəli” İctimai Birliyi olaraq onlar da bu istiqamətdə üzərlərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirməyə çalışırlar:
“İlk olaraq təşkilatımız tərəfindən hazırlanan, faciənin 24 illiyinə həsr olunmuş informativ xarakterli sosial video çarx ictimaiyyətə təqdim olunacaq. Ardınca 200-300 nəfərlə birgə yürüyüş təşkil edəcəyik.
Xocalı şəhidlərimizin xatirəsinə həsr edilmiş yürüş Dənizkənarı Milli Parkdan başlayacaq və “Ana Fəryadı” abidəsinin önünə qədər davam edəcək”.