Hollandiyalı siyasətçi Xocalı faciəsini “soyqırımı” adlandırıb
Xocalı soyqırımı ərəfəsində əksər ölkələrdə olduğu kimi Niderlanddakı fəal diaspor üzvlərimiz də təbliğat və məlumatlandırma xarakterli görüşlər keçirirlər. Bu səpkidə görüşü Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli də Niderlandın aparıcı siyasi partiyası olan PvdA-nın millət vəkili xanım Marja Van Der Meer və partiyanın fəal üzvləri Hetty Jansen, Niels De Vries, Grietje Weeringa və s. ilə keçirib. Bu barədə Niderland-Azərbaycan Evinin Mətbuat xidməti məlumat yayıb
Niderlandın Friesland Leeuwarden şəhərindəki Hökumət Evində (Provinciya Huis) keçirilən görüşün əsas məqsədi milli diasporun fəaliyyəti haqqında məlumat vermək, Azərbaycanla Niderlandın siyasi partiyaları arasında əlaqələrin qurulması və parlamentlərarası dostluq qrupunun fəaliyyətini daha da genişləndirmək, iki xalqın bir-birini yaxından tanımasını təmin etmək olub.
Niderland-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli görüşdə Azərbaycan ərazisinin 20%-nin işğal olunması, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün düşməsi haqqında məlumat verib: “Həmçinin görüşdə Xocalıda günahsız uşaq, qadın və qocaların ermənilər və keçmiş sovet ordusunun 366-cı alayı tərəfindən necə vəhşicəsinə öldürülməsi barədə danışdım. Bu zaman xanım Hetty Jansen “bu ki genosiddir”,-deyə bildirdi. “Düzdür, genosiddir” mən də bildirdim və əlavə etdim ki, Xocalı soyqırımına dünya göz yumduğu, ikili standartlardan çıxış etdiyi üçün günahkarlar cəzasız qaldılar. Gürcüstan, Moldova, Ukraynada separatizm baş qaldırdı. Artıq separatizm, terror bütün regionu bürüyüb. Suriyadan milyonlarla insan qaçqın düşüb. Artıq avropalılar da bu separatizmdən əziyyət çəkirlər. Milyonlarla qaçqın Avropaya üz tutublar”.
Görüşdə birgə layihələrin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. PvdA rəsmiləri gələcəkdə həyata keçiriləcək layihələrə dəstək verəcəklərini bildiriblər: “Görüş qarşılıqlı xoş, mehriban şəraitdə keçdi. Sonda məni Hökumət Evini birlikdə gəzməyə və millət vəkillərinin siyasi qərarları qəbul etdikləri fəxri zala da dəvət etdilər. Siyasi partiyaların millət vəkillərinin müzakirələri haqqında səsvermələrin gedişatı haqqında məlumat verdilər. Məni yüksək səviyyədə qəbul etdiklərinə görə onlara təşəkkür etdim. Gələcəkdə birlikdə faydalı layihələrə imza atacağımıza əminliyimi bildirdim”.
Xatırladaq ki, PvdA 70 il ərzində Niderlandın aparıcı siyasi partiyasına çevrilib. Hər seçkilərdə 30-50 faiz səs toplayaraq nazirlər kabinetində bir neçə nazirliyə rəhbərlik edirlər. Uzun illər də hakimiyyəti idarə ediblər. Hal-hazırda da hakimiyyətin 50% kabinetinə rəhbərlik edirlər.