Türkiyə Xocalı soyqırımını qeyd-şərtsiz tanımalıdır! – SORĞU
26 Fevral tarixi Azərbaycan xalqının, eləcə də bütün Türk Dünyasının bəxtinə qara hərflərlə yazıldı. 24 il əvvəl məhz bu gündə Ermənistan ordusu Rusiyanın həmin dövrdə Xankəndi civarında yerləşən 366-cı motoatıcı diviziyasının birbaşa dəstəyi ilə Xankəndi şəhərinə hücum elədi, qoca-cavan, qadın-uşaq bilmədən əhalini ucdantutma qətlə yetirdi. O vaxtdan sonra dünyanın bir çox ölkəsi Xocalı faciəsini soyqırımı olaraq tanıyıb, hətta ABŞ-ın 20-dən artıq ştatı bu qətliamı əsl adı ilə adlandırıb. Amma nədənsə qardaş Türkiyə bu məsələdə tərəddüd edir. Türkiyə Böyük Millət Məclisi (TBMM) Xocalı soyqırımına əsl adını vermir və əsas gətirir ki, onlar, ümumiyyətlə, soyqırımlara qarşı çıxırlar…
Türkyə ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələri ilə söhbətləşib, TBMM-in nəyi gözlədiyini soruşdum. Fikirlər bir az sərtdir, amma əksəriyyətin sözünün sonu bir nöqtədə kəsişir. Hansı nöqtədə, buyurun, deyilənlərlə tanış olun:
Varol Esen, Böyük Turan Hərəkatı Partiyasının başqanı:
– Ulu öndər Atatürk deyirdi ki, “Sizi idarə edənlərin əsil-nəcabətinə fikir verin!”. Bu mənada, Xocalıda qətlə yetirilənlərin hamısı türkdür, onları öldürənlər isə türkün düşmənləri. Bu gün TBMM-də oturanlar da türkün düşmənləridir. Erməni “soyqırımı”na görə üzr istəyən və muxtar Kürdistan qurulmasına çalışan millət vəkilləri Xocalı soyqırımını tanımırlar. Anayasanı dəyişib, türkçülüyü oradan çıxaran millət vəkilləri Xocalı soyqırımını tanımayacaq. Çünki orada soyqırıma uğrayan, qətl edilənlər türklərdir. Amma tarixdə görünməyib ki, türkün qanı yerdə qalsın. Xocalıda soyqırıma uğrayan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm. İntiqamınızı mütləq alacağıq, dünyanın bütün millətləri dönüb baxacaq bu qisasa və başa düşəcəklər ki, türkün qəzəbi böyükdür.
Ozan Köklünar, Tokat Qazi Osman Paşa Universitetinin tələbəsi:
– Xocalı Azərbaycan və Türkiyənin ortaq dərdidir. Bizlər elmli türk gəncləri olaraq, bu faciəni araşdırıb-oxuyur və hər dəfə də ürək ağrısı ilə yeni məlumatlar əldə edirik. Dövlətimiz indiyədək Xocalı soyqırımını tanımayıb, amma əminəm ki, mütləq ədalətli qərarını verəcək. Biz beynəlxalq ictimaiyyətin mövqe bildirməsi üçün fəaliyyətimizi artırmalıyıq. Bütün dünya “3 meymun”u oynasa da, bizlər hər kəsin gözünü, qulağını, dilini açmalı və qəbul etdirməliyik. Şəxsən mən tarix fakültəsinin tələbəsi olaraq, ötən il Xocalı soyqırımı ilə bağlı geniş məqalə yazdım və “Kümbet” dərgisində çap etdirdim. Hər il universitetlərimizdə, elmi mərkəzlərdə müəllimlərimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil edilir ki, biz tələbələr də öz proqramımızla ora qatılırıq. Düşünürəm, əgər soyqırımı biz tanıyırıqsa, dövlətimiz də uyğun qərar qəbul eləməlidir.
Abdullah Uluyurt, ziyalı:
– Xocalı əsl soyqırımıdır. Soyqırımı edənlərin isə gərək nəsli kəsilsin. Türkü boylara ayırmaq zamanı keçib, bir olmalıyıq. Vətənimiz birdir, adı da Turandır. Soyqırımı tanımaq adi sözdür, əsas olan odur ki, bu soyqırımı törədənlər cəzasız qalmasınlar.
Sadəttin Molla, Bayırbucaq Xəbər Agentliyinin rəhbəri:
– Biz öz adımızdan hər il qətliamın baş verdiyi tarixdə qardaş Azərbaycan xalqına başsağlığı mesajımıız bəyan edirik. Allah onların da, elə bizim də şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, ruhları şad olsun. Bayırbucaq elindən Azərbaycan xalqına salam göndərir və bildiririk ki, sizin acınız bizimkidir. Bayırbucaq türkləri sizin yanınızdadır, biz bu soyqırımı tanıyır və düşünürük. TBMM-in də tanıması lazımdır.
Tuncer Ertana, Türkiyə Təhsil Nazirliyinin əməkdaşı:
– Mən bütün canımla ülkücüyəm, ürəyim hər zaman türkçülüklə çırpınır. Həmişə arzulamışam ki, Türk Dünyası birləşib bütünləşsin. Biz ülkücülər Azərbaycan xalqının yasını öz yası olaraq qəbul edir, çünki canımız, qardaşımızsınız. TBMM-in isə indiyədək soyqırımı həqiqi adı ilə adlandırmaması onun böyük qüsurudur. Tarixboyu imperiyaların istəyi türkçülük ruhunu, birliyini türk millətinin ürəyindən silmək olub. Bir millətin övladlarını bir-birindən ayırmaq üçün isə onların dilini qarışdırmağa çalışıblar. Düşünməyin ki, Türkiyədə bütün proseslər türk millətinin istədiyi kimi gedir, əsla belə deyil. İxtiyarımız öz əlimizdə deyil ki, qərarımızı verə bilək. Bu gün TBMM-də erməni də oturub, yunan da, ərəb də – türkəm deməyə qorxacaq qədər zəif vəziyyətə düşmüşük. Fikirləşirsiniz, ruslar uzun zaman sizi öz milliliyinizdən ayırıblar? Doğrudur. Amma bizim kimi məşəqqət yaşamadınız. Adı Türkiyə olan bu böyük ölkədə türkçülük qüruru ilə öyünməməkdən böyük əzab ola bilməz. İcazə verin, 60 illik ömrümün 38 ilini milli təhsil sistemində çalışan, eyni zamanda, 40 ildir yerli mediada yazan biri olaraq sizə kiçik bir xatirə danışım. 1980-ci ildə dövlət çevrilişi olarkən, Hacı Abdullah qəsəbəsindəki məktəbdə dərs deyirdim. Mən sosial elmlər dərsinə, məktəbin direktoru isə riyaziyyat və din dərsləri keçirilən sinfə girirdik. Yeri gəlmişkən, o vaxt mən və məktəbin direktoru cavan və subay adamlar idik, bir ev tutub birlikdə qalırdıq. O vaxt hərəni bir bəhanə ilə həbs edirdilər. Bir gün məktəbin direktoru din dərsini keçərkən şagirdlərdən biri “Müəllim, 99 faizi müsəlman olan ölkəmizdə niyə hər şey xristianların istədiyi şəkildə olur?” – deyə soruşur. Qalır mat-məəttəl və harasa zəng vurmaq adı ilə sinifdən çıxır. Məni dəhlizdə görüb bunları danışdı. Sonra da dedi ki, Kahramanmaraşdandır, nə desə yanlış başa düşülər və ona görə də xahiş elədi ki, sinfə girim, şagirdin sualını cavablayım. Belə də elədim, guya, direktorun vacib işi var və dərsi mənim davam etdirəcəyimi dedim. Bu vaxt həmin şagird eyni sualı mənə yönəltdi. Sual verdim ki, kəndimizdə ən çox hansı heyvan yaşayır, cavab verdilər: eşşək. Doğrudan da, qəsəbəmiz dağlıq ərazidə olduğundan, çoxlu eşşək saxlayırdı adamlar. Onlara dedim ki, Anadolu insanları, əslində, həmin eşşəklərdir, bellərindəki palan isə əmanətdir. Yüyənini tutan da nə türkdür, nə də müsəlman. İndi də qəsəbədə məni kimsə görəndə o məsəli xatırladır. İndi mən sizdən soruşuram: TBMM necə tanısın Xocalı soyqırımını, axı yüyəni başqalarının əlindədir…
Musa Akar, Böyük Turan Hərəkatı Partiyası Afyonkarahisar vilayət şöbəsinin sədri:
– Bilirik ki, Xocalı şəhərinə basqın edən ermənilər 600-dən çox günahsız mülki insanı vəhşicəsinə qətlə yetirib. Amma təəssüf ki, üstündən uzun müddət keçsə də, bu dəhşətli qətliamın əsl qiyməti verilməyib. Bu gün orada yaşanan soyqırımın qurbanlarını ürək ağrısı ilə anırıq. İndiyədək TBMM bu soyqırımı tanımasa da, əminəm ki, gec-tez tanıyacaq. Buna baxmayaraq, türk xalqı hər il 26 Fevral tarixini Xocalı soyqırımı günü kimi xatırlayacaq.
Kasım Alcan, yazar, araşdırmaçı:
– Turkiyə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Birliyi Assambleyasının toplantısında Xocalı soyqırımını, sadəcə, qınamaqla kifayətlənib. Adam bu yerdə istəyir desin: “Hamımız erməniyik” deyənlər haradasınız? Avropa İnsan Haqları Məhkəməsi, haradasan, insanlıq deyilən anlayış, haradasan?! TBMM mütləq bu ayıbdan qurtulmalıdır. Okeanın o tayındakı Meksika belə tanıdığı halda, TBMM-in Xocalı soyqırımına həqiqi qiymətini verə bilməməsi anlaşılan deyil. Bilmək lazımdır ki, bu faciə 1915-ci ildə deyil, cəmi 24 il öncə, bəşəriyyətin gözləri qarşısında baş verib.
Osman Acar, iş adamı:
– Xocalıda yaşananlar insanlığa sığmayan dəhşətdir. Hesab edirəm, TBMM bu faciəni birmənalı şəkildə soyqırımı olaraq tanımalıdır. Amma bugünədək qiymət verməyə niyə çəkinib, bax, bunu başa düşə bilmirəm.
Ərcüment Yıldırım, MHP funksioneri:
– Əlbəttə ki, TBMM-in qeyd-şərtsiz Xocalı soyqırımını tanıması lazımdır. Tanımasa, Azərbaycana hansı üzlə qardaş deyəcək? Amma şəxsən mən düşünürəm ki, AKP hökuməti heç vaxt bu soyqırıma qiymət verməyəcək. Bunların işi-gücü türkə xidmət deyil, həm də Türkiyənin özünün də yarası var bu müstəvidə. Yəni dünya bizi qondarma erməni soyqırımını törətməkdə günahlandırır. O da ola bilər ki, bu gün TBMM-də erməni millət vəkilləri oturub və müəyyən sayda erməni seçiciləri var. Hər şey ola bilər…
Hasiba Şahoğlu, keçmiş diplomat:
– Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Əgər Avropa qondarma erməni soyqırımını tanıyırsa və bunun günahını türklərin boynuna yükləyirsə, TBMM də mütləq Azərbaycanı dəstəkləməli və ermənilərin Xocalı şəhərində əsl soyqırımı cinayəti törətdiyini qəbul eləməlidir.
Ahmət Kaya, Milli Mübarizə Partiyasının başqanı:
– Biz Milli Mübarizə Partiyası olaraq, hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Xatırladım ki, 2012-ci ildə keçirilmiş Taksim mitinqində ilk dəfə Xocalı soyqırımını tanımaq üçün mövqe ortaya qoyanlar məhz bizik və müəllifi də şəxsən özüməm. O vaxt bütün vasitələrdən yararlanaraq, insanları Taksim meydanına topladıq. Əlbəttə, soyqırımı baş verib Xocalıda, amma indiki hökumətin bunu qəbul edəcəyinə heç inanmağım gəlmir. Bütün şər qüvvələr, xainlər milli mübarizəmizin nəticəsi olaraq layiqli cəzalarını alacaqlar.
Zafer Kübar, yazıçı:
– Ermənilərin Xocalıda törətdiyi soyqırımı, təəssüf ki, son 200 ildə Altay dağlarından Balkanlaradək, o cümlədən, Qafqazda türk millətinə qarşı həyata keçirilmiş çoxsaylı cinayətlərdən, sadəcə, biridir. Bu gün hökumətimizin işi başından aşır və bu, azmış kimi, öz əli ilə yeni problemlər yaradır. Mühüm olanı, hökumətlərin bunu soyqırımı, qətliam olaraq parlamentlərdə qəbul etdirmələri deyil. Məncə, əsas odur ki, ağıl və vicdan sahibi ziyalılar, elm adamları, sənətçilər bunları millətimizi maarifləndirmək üçün son nəfəsinədək xatırlatmalı, yeni nəsillərə anlatmalıdır. Biz millətin yaxşılığı üçün üzərimizə düşəni etməliyik. Çalışmalıyıq ki, başqalarının hərəkət və davranışları ilə məşğul olaraq enerjimizi boşa sərf etməyək. Fikrimizi bir az konkretləşdirsək, Türkiyənin Azərbaycana açılan qapısı Zəngəzurdan keçir. Amma hücum edib, Zəngəzuru almaq və Avrasiya bölgəsi ilə birbaşa əlaqə yaratmaq niyyətimiz yoxdursa, Ermənistanla yaxın qonşu olaraq birgə yaşamaq yolu seçmişiksə və sadəcə, bu formada yolu açırıqsa, bu, ən uğurlu seçimdir. Amma bu gün həmin yol qapalı olduğu üçün Türkiyənin həm Azərbaycanla, həm də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla bağlantısı Rusiya və İran üzərindən həyata keçirilir. Onların da Suriya məsələsində Türkiyəyə qarşı ittifaqda birləşdiyini görürük.
Fikrət Dadaş, TBMM-in əməkdaşı:
– Mən TBMM-də çalışıram. Buna baxmayaraq, şəxsi baxışım millət vəkillərinin mövqeyindən fərqlənir. Mən bu məsələdə Azərbaycanla birlikdəyəm. O ki qaldı TBMM-in bu faciəyə siyasi qiymət verməməsinə, buna ancaq özləri cavab verə bilərlər…