Bu gün su çərşənbəsidir
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bu bayramı çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Novruz bayramından öncə isə xalqımız su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsini qeyd edir.
Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbə od, üçüncü çərşənbə yer, dördüncü çərşənbə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. <p”>
Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir.
Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə süyün bu keyfiyyəti-od, torpaq, hava ilə bərabər yaradılışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir. <p”>
Məsələn, Azad Nəbiyevin şərti olaraq “Qurd və su” adlandırdığı mifdə qurdun yaralanmış balası buz bulağın suyunun sakral-mifik gücü ilə yenidən həyata qayıdır. Mifik planda suyun bu yaradıcılıq, həyatvericilik funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən dörd ünsürdən biri olması ilə əlaqədardır. Azərbaycan folklorunda, eləcə də türk xalqlarının folklorunda suyla bağlı sakral görüşlər, inam və sınamlar da bununla əlaqədardır. <p”> <p”>
Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 15-nə təsadüf edir. Bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.