Azərbaycan prezidentinin Tehran səfəri: sənədlər imzalandı
İran və Azərbaycanın dəmir yolları 2016-cı ilin sonuna birləşdiriləcək.
Bunu İran Prezidenti Həsən Ruhani Tehranda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında deyib.
H.Ruhani bildirib: “Tranzit məsələlərinə və “Şimal-Cənub” dəhlizinə gəlincə, Astara (İran) və Astara (Azərbaycan) dəmir yollarının cari ilin sonunadək birləşməsi vacib hadisə olacaq”.
“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. O, Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşməsi üçün birləşdirici hissə olacaq.
* * *14:19
Fevralın 23-də Tehranda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında görüşdən sonra prezidentlərin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.
Ümumilikdə, 11 sənəd imzalanıb.
İmzalanan sənədlər arasında Azərbaycan hökuməti və İran hökuməti arasında fövqəladə halların aradan qaldırılması və məhdudlaşdırılması, Azərbaycan və İran arasında gömrük, kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlıq haqqında sənədlər, elektrik enerjisinin satışı haqqında çərçivə sazişi, Azərbaycan və İran dəmir yollarının fəaliyyətinin əlaqələndirilməsi haqqında çərçivə sazişi, ailə, qadın və uşaq məsələlərində əməkdaşlıq, səhiyyə və tibb elmi haqqında əməkdaşlıq haqqında anlaşma Memorandumu, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İranın Əmək və Sosial Rifah Nazirliyi arasında anlaşma Memorandumu, SOCAR və İranın Milli Neft Şirkəti arasında neft və qaz sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu və SOCAR-la QƏDR investisiya şirkəti arasında anlaşma Memorandumu var.