Xocalı soyqırımı ilə bağlı Niderland parlamentinə müraciət edildi
“Connect” təşkilatı Niderland parlamentinə Xocalı soyqrımı ilə bağlı müraciət ünvanlayıb. Modern.az xəbər verir ki, müraciəti təşkilatın sədri Vüqar Abbasov və onun təşkilatdakı həmkarı Vim van Embden imzalayıblar.
V. Abbasov bildirib ki, müraciət İkinci Kamerin (Niderland parlamenti) 16 fraksiya rəhbərinə göndərilib: “Müraciətdə 1992 – ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində yüzlərlə insanın erməni-rus hərbi birləşmələri tərəfindən qətl edildiyi, bir çox insanın yollarda donaraq öldüyü, Qarabağın hələ də Ermənistanın işğalında olduğu və .s. öz əksini tapıb”.
Məktubda daha sonra deyilir: “Hər hansı bir siyasi və yaxud digər səbəblərdən bu soyqrımı görməzdən gəlməməyinizi sizdən xahiş edirik. Sizin bu soyqrımı parlamentdə anmanız gələcəkdə bu kimi cinayətlərin baş verməməsinə zəmin yarada bilər”.