Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Aktauda rəsm müsabiqəsi keçirilir
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət istəyirik” mövzusunda rəsm müsabiqəsi keçirilir.
Bu barədə Konsulluqdan məlumat verilib.
Rəsm müsabiqəsində Aktau şəhərinin və ətraf rayonların beş rəssamlıq məktəbindən 300 yaxın yeniyetmə iştirak edir.
Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqədə iştirak edəcək rəsmlər qiymətləndiriləcək, 8-11, 12-14 və 15-19 yaş qruplarında 1-ci, 2-ci və 3-cü yerlər müəyyənləşdiriləcəkdir. Ən yaxşı rəsm isə müsabiqənin qran-pri mükafatına layiq görüləcəkdir.
Qaliblər Baş konsulluq tərəfindən fəxri fərmanlar, Azərbaycanla bağlı kitablar və hədiyyələrlə mükafatlandırılacaqlar.