“Ankara terroru Ərdoğan-Əliyev görüşünə maneçilik məqsədilə törədildi” – ŞƏRH
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində Ankarada dəhşətli terror hadisəsi törədildi.
Buna görə də, Ərdoğan Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında planlaşdırılan iştirakını təxirə saldı.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Modern.az saytının suallarını şərh edib.
Ekspert bildirib ki, Ankaradakı terror aktı böyük ehtimalla Türkiyə rəhbərinin Azərbaycana səfərinin qarşısını almaq məqsədi ilə törədilib.
“Çox güman ki, bu terror həm də Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşünə mane olmaq üçün törədilib. Çünki bu görüşdə çox ciddi məsələlərin müzakirə ediləcəyi gözlənilirdi. Terroru həyata keçirənin kimliyi bəlli olub. O, milliyətcə kürddür və PKK-nın Suriya qanadı olan PYD-nin üzvüdür”.
Qabil Hüseynli hesab edir ki, PKK kimi terror təşkilatlarına böyük güclər tərəfindən sifarişlər verilir. Onun sözlərinə görə, rəsmi Ankaranı hədələyən böyük güclər yavaş-yavaş Türkiyənin daxilində terror aktlarının sayını çoxaltmaq istəyirlər.
“PKK liderlərindən biri Murad Karayılan da bəyan etmişdi ki, terroru artıq iri şəhərlərə keçirmək lazımdır”.
Siyasi şərhçi Rusiya amilindən də söz açıb.
“Əlimizdə fakt olmasa da, Rusiyanın bu terrorda iştirakını istisna etmirəm. Çünki hamı bilir ki, PKK-ya hərbi dəstək göstərən ölkələrdən biri də Rusiyadır”.
Qeyd edək ki, ötən gecə Ankarada bomba yüklü avtomobilin partladılması nəticəsində 28 nəfər həlak olub, 61 nəfər isə yaralanıb.
Türkiyə KİV-ləri terroru həyata keçirən şəxsin kimliyi barədə məlumat yayıb. Bildirilib ki, Suriya vətəndaşı olan kamikadze PKK-nın qanadlarından biri olan PYD-nin üzvüdür.