“NATO Qarabağ münaqişəsinin həllinə qarışa bilər”
NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bizim yeganə istəyimiz odur ki, NATO işğalçını öz adı ilə çağırsın və ona təzyiq və təsir göstərsin ki, işğalçılıq siyasətindən əl çəksin. NATO eyni zamanda Minsk qrupunun üzvü olan Rusiyanın işğalçını silahlandırmasına da münasibət bildirməlidir. Əgər Ermənistan regionda gərginlik yaratmasaydı, bu region, bəlkə də bütün sahələr üzrə dünyanın ən inkişaf etmiş nöqtəsinə çevrilərdi.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, NATO hazırda dünyanın ən güclü hərbi-siyasi təşkilatıdır və onun alternativi yoxdur. NATO çalışır ki, Gürcüstandan sonra digər Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı daha sıx etsin. Eyni zamanda, həm regionda, həm də Ukrayna, Suriyada baş verən hadisələr Azərbaycanı NATO ilə əməkdaşlığı daha da intensivləşdirmək yönümdə danışıqlar prosesinə cəlb edir.
Ekspert qeyd edib ki, bu təşkilatın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, regionda sülhün bərqərar olması istiqamətindəki addımları çox önəmlidir: “NATO rəsmiləri Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəklədiyini deyib. Hərçənd, Azərbaycanın Minsk qrupu ilə bağlı müəyyən fikirləri var və onların fəaəliyyətindən narazılıq həm dövlət başçısı, həm də XİN səviyyəsində bildirilib. ATƏT-in Minsk qrupu 20 ildən artıq müddətdə münaqişənin həlli istiqamətində heç nəyə nail olmayıb. Ortaya qoyduqları yeganə məsələ cəbhə xəttində monitorinqlərin keçirilməsidir ki, onların da heç bir əməli nəticəsi yoxdur, yenə də əvvəlki kimi hər iki tərəfdən itkilər var. Bir sözlə, NATO Qarabağ probleminin həllində fəal olmalıdır”.
Ü.Cəfərovun fikrincə, bu məsələdə artıq gizlədiləsi heç nə yoxdur və burada İran, Rusiya faktorunun olması da anlaşılan olsa da, bu məsələlərin də öhdəsindən gəlmək olar: “Düzdür, NATO-nun bölgədə öz maraqları var, amma o, Qarabağ məsələsinin həllində daha aktiv olmalıdır. Aydın məsələdir ki, NATO bu münaqişədə tərəf deyil. Amma Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdırsa, NATO-ya lazımi dəstəyi verirsə, onda nədən NATO öz etibarlı tərəfdaşına lazım olan dəstəyi verməsin? Düzdür, onlar bizim Hərbi Dəniz Qüvvələrimizin formalaşmasında yaxından iştirak edir, müəyyən naviqasiya avadanlıqları verir, eləcə də qaçaqmalçılıq və terrorizmlə mübarizədə dəstəyini göpstərirlər. Amma bu kifayət deyil. NATO daha aktiv olmalı və Dağlıq Qarabağ probleminin həllində Minsk qrupuna çox güvənməməlidir. Əgər Minsk qrupu bu münaqişəni həll edə bilməsə, regionda çox böyük narahatlıq yaranacaq. Təmzimləmədə Minsk qrupunun imici zədələndiyi üçün ola bilər ki, sonradan NATO da bu prosesə qoşulsun, amma o zaman artıq gec olacaq. Ona görə də çox yaxşı olardı ki, Azərbaycan NATO-ya töhfə verdiyi kimi, NATO da Dağlıq Qarabağ məsələsində adekvat münasibət sərgiləsin və bu gözləniləndir. Ən azından, gözümüzün qarşısında Balkanlar, Gürcüstan, Ukrayna nümunəsi var. Hətta münaqişəyə cəlb olunmasına baxmayaraq, Gürcüstanın yaxın zamanlarda NATO-ya üzv olması gözlənilir. NATO qardaş Türkiyə vasitəsilə Gürcüstana güclü dəstək verir. Baxmayaraq ki, Rusiya buna etiraz edirdi, amma NATO-nun regional Təlim-Tədris Mərkəzi də məhz Gürcüstanda açılıb. Azərbaycanın həssas bölgədə yerləşdiyi anlaşılandır. Biz həm cənubumuzu, həm şimalımızı nəzərə almalıyıq. Amma biz bütün dövlətlərin ərazi bütövlyüyü və suverenliyinə hörmətlə yanaşırıq və həmin dövlətlərdən də eyni yanaşmanı gözləməyə haqqımız var. Ona görə də ümid edirəm ki, həmin dövlətlər də bizi başa düşəcək”.
Qeyd edək ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana davam edən səfəri zamanı keçirdiyi görüşlərdə hər iki tərəf NATO-Azərbaycan əməkdaşlığının davam və inkişaf etdirilməsində maraqlı olduğunu ifadə edib.