Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Yaxın tarix. “Müsavat agenti” Beriya Bakıda…

1953-cü ilin 26 iyununda Lavrenti Beriya həbs edilərkən ona qarşı irəli sürülən ittihamlardan biri də 1919-1920-ci illərdə Müsavat partiyasının əks-kəşfiyyat idarəsində (“Əksinqilabla mübarizə təşkilatı”) işləməsi ilə bağlı olur. “Müsavat agenti Beriya”dan Kommunist Partiyasının 20-ci qurultayında söz açan Nikita Xruşşov bu barədə deyir:

“Siqnallar vardımı ki, Beriya partiyaya düşmən adamdır? Bəli, vardı. Hələ 1937-ci ildə Mərkəzi Komitənin Plenumunda səhiyyə naziri Kaminski çıxış edərək Beriyanın Müsavat kəşfiyyatına işlədiyini söyləyir. Plenum işini bitirməmiş Kaminski həbs olunur və güllələnir. Stalin Kaminskinin bəyanatını yoxlayırmı? Yox, çünki Beriyaya inanırdı…”

Yeri gəlmişkən, Qriqori Kaminski ilə bağlı epizoddan tarixçi və trotskiçi Vadim Roqovinin 1990-cı illərdə yazılmış “Güllələnənlərin partiyası” kitabında daha geniş şəkildə söz açılır. Onu da qeyd edək ki, Kaminski 1920-1921-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi, 1921-ci ilin avqustunda isə Bakı Sovetinin sədri olub, Beriya haqqında gəzən söhbətləri də ona Bakı bolşevikləri danışıb.

Beləliklə, 1953-cü ilin 23 dekabrında Lavrenti Beriya həm də Müsavat agenti kimi güllələnir.

Burada həqiqətin payı nə qədərdir? – mübahisələr hələ də davam edir. Ancaq o faktdır ki, Beriya doğrudan da Müsavatın əks-kəşfiyyat idarəsində işləyib. Sadəcə, bunu bolşevik partiyasının göstərişi ilə edib.

***

1915-ci ildə 16 yaşlı Lavrenti Beriya Suxumidən Bakıya gəlir və burada orta mexanika-texniki inşaat məktəbinə daxil olur. Onunla bərabər Bakıda anası və lal-kar bacısı da məskunlaşır.

Beriya 1916-cı ildən Nobel kompaniyasının baş idarəsində praktikant kimi çalışmağa başlayır. Habelə, oxuduğu inşaat məktəbində marksist dərnəyinə daxil olur və dərnəyin xəzinədarı seçilir. Birinci Dünya müharibəsinin sonlarına yaxın Rumıniya cəbhəsinə yollanır, xəstəliyi ilə əlaqədar tezliklə cəbhədən tərxis olunaraq yenidən Bakıya qayıdır. 1918-ci ilin fevralından Bakı Sovetinin katibliyində və bolşeviklərin şəhər təşkilatında fəaliyyət göstərir. Bakı Kommunasının məğlubiyyətindən və şəhərə türk qoşunları daxil olandan sonra gizli fəaliyyətə keçir. 1918-ci ilin oktyabrından 1919-cu ilin yanvarına qədər “Ağ şəhər Kaspi cəmiyyəti” zavodunda işləyir.

1919-cu ilin payızında Bakı bolşeviklərinin rəhbərlərindən olan Anastas Mikoyanın tapşırığı ilə Beriya ADR Dövlət Müdafiə Komitəsi yanındakı əks-kəşfiyyat təşkilatının agenti olur.

Bu faktı gizlətməyərək Beriya 1923-cü ildə qələmə aldığı avtobioqrafiyasında yazır: “Türk qoşunları Bakıya daxil olanda mən zavodda işləyirdim. 1919-cu ilin payızında “Hümmət” partiyasından Müsavatın əks-kəşfiyyatına xidmətə keçdim. Orada yoldaşım Musəvi ilə bərabər çalışmışam. 1920-ci ilin martında, Musəvi qətlə yetiriləndən bir müddət sonra əks-kəşfiyyatdan ayrılmış və qısa müddət Bakı gömrüyündə işləmişəm”.

Burada söhbət ADR Dövlət Müdafiə Komitəsinin sədr müavini, “hümmətçi” və parlament üzvü Mirfəttah Musəvidən (1891-1919) gedir. O, 1919-cu ilin sentyabrında Bakıda, “Novıy svet” meyxanasında dostu Haşım Əliyevlə birlikdə müsavatçı Səlimbəyov tərəfindən qətlə yetirilib və onarın dəfn mərasimi izdihamlı siyasi aksiyaya çevrilib (Hər ikisi Fəxri Xiyabanda dəfn olunub).

***

“Əksinqilabla mübarizə təşkilatı”nın rəisi Nağı Şeyxzamanov 1920-ci ildən sonra Türkiyədə mühacirətdə yaşayarkən yazdığı memuarlarında Beriyanın fəaliyyətini xatırlayır. Şeyxzamanov təsdiqləyir ki, Beriyanı işə “Hümmət” partiyasının təklifi ilə götürüb:

“Beriya Bakıda anası ilə yaşayırdı. Ehtiyac içində idi. Onu təşkilata operativ işçi kimi götürdüm. 20 yaşlı əməkdaş iş qabiliyyəti və məsuliyyəti ilə fərqlənirdi”.

Beləliklə, 20 yaşlı Beriya ADR-in əks-kəşfiyyatında bolşeviklərin agenti kimi fəaliyyətə başlayır.

Şeyxzamanov yazır:

“O, bir dəfə söylədi ki, anası ilə birlikdə yaşayır, nə atası, nə qardaşları var, maddi durumları isə çox çətindir. Mən onu senzura şöbəsinə rəis təyin etdim. Artıq o vaxtlar Beriya qəddarlığı ilə seçilirdi. Yadımdadır, bir dəfə 17 yaşlı rus oğlanı saxlamışdılar. O, anasına məktubunda bolşeviklərlə tanış olduğunu, bolşeviklərin çox təmiz insanlar olduğunu və onlara qoşulduğunu yazmışdı…

Mən biləndə ki, oğlanı sorğu-sual üçün gətiriblər, onu dəvət etdim, Bakıdan çıxıb getməyini, bolşeviklərlə əlaqələrini qırmağını, ehtiyatlı olmağını təklif etdim. Elə bu vaxt otağa Beriya daxil oldu və etiraz etdi:

– Sizin ürəyiniz yumşaqdır. Düşməni azad etmək olar?

– O ki uşaqdır.

– Bunun əhəmiyyəti yoxdur. O, bolşevikdir.

– Lavrenti, eşitmişəm, sən dostlarına Amerikaya köçüb getmək və orada qanqster olmaq arzunu söyləmisən. Biz qanqster deyilik. Bizə adamları öldürmək olmaz…”

17 yaşlı yeniyetmə ilə bağlı epizodun Şeyxzamanov tərəfindən nə dərəcədə gerçək təsvir olunduğunu onun öz məsuliyyətinə buraxaraq onu qabartmalıyıq ki, bu yazılanlar Beriyanın ADR əks-kəşfiyyatında həqiqətən də xidmət etdiyinə şübhəsiz bir dəlildir.

Şeyxzamanov onu da xatırlayır ki, Beriya ilə bir daha Aprel inqilabından sonra Tiflisdə rastlaşırlar. Bu da faktdır: Sovet hakimiyyətinin qələbəsindən sonra Beriya partiya tərəfindən Gürcüstana göndərilir. Kutaisidə onu bolşevik xəfiyyəsi kimi tuturlar. Həmin vaxt Moskvanın Gürcüstandakı menşevik hökumətində nümayəndəsi Sergey Kirov idi. İyulun 9-da Kirov baş nazir Noy Jordaniyaya Beriyanın azad olunması xahişi ilə müraciət edir. Azadlığa çıxan Beriya Tiflisə yollanır və menşeviklərin kəşfiyyatı ilə əlaqə qurur. Bu xəbər Kirova çatanda, Beriya dərhal Bakıya dönür, Kirov isə onun ardınca Bakıya, 11-ci Qızıl Ordunun xüsusi şöbəsinə teleqram vurur: “Tiflisdən xain Beriya qaçıb. Dərhal onu həbs edin”.

Beriyanı həbs edib Azərbaycan ÇK-sının zirzəmisinə salırlar, ancaq tezliklə də azad edirlər.

Məntiqə görə, əgər Beriya Gürcüstanda yerli menşeviklərlə yaxınlaşmışdısa, onlar bu faktdan nə vaxtsa öz xeyirlərinə yararlanmalı idilər. Ancaq bu cür fakta rast gəlinmir. Sonralar Parisdə yaşayan, 2-ci Dünya müharibəsindən sonra isə həbs olunaraq SSRİ-yə gətirilən menşevik Şalva Berişvili də izahatında Beriyanın Tiflisə bolşevik partiyası tərəfindən göndərildiyini vurğulayırdı.

***

Ümumiyyətlə, sınaqdan çıxmamış və fəaliyyəti suallar doğuran birisini bolşeviklər Bakıdakı qələbələrindən dərhal sonra çətin ki, gizli fəaliyyət üçün Gürcüstana göndərərdilər. Bu məsuliyyətli iş ancaq inanılmış adama tapşırıla bilərdi. Nəzərə alsaq ki, Beriyanın Müsavat hökumətinin əks-kəşfiyyatı ilə əməkdaşlığı “Polişinel sirri” idi və bundan partiyada çox şəxs xəbərdardı, deməli, doğrudan da o, həmin fəaliyyətini partiyanın tapşırığı ilə reallaşdırmış olur.

Daha bir fakt –  1926-cı ildə Qafqaz Dövlət Siyasi İdarəsinə (QPU) sədr təyin olunan İvan Pavlunovski (1888-1937) Stalinə məktubunda yazır:

“…Tiflisə yollanmazdan əvvəl məni söhbət üçün yanına OQPU (Birləşmiş Dövlət Siyasi İdarəsi – red.) sədri Dzerjinski çağırdı və bildirdi ki, mənim köməkçilərimdən biri olacaq Beriya vaxtilə Müsavatın əks-kəşfiyyatında işləyib, ancaq bu fakt məni qətiyyən narahat etməsin və məndə Beriyaya qarşı mənfi münasibət formalaşdırmasın. Çünki, Beriya əks-kəşfiyyatda Qafqazdakı məsul yoldaşların tapşırığı ilə çalışıb, bu haqda Dzerjinski özü də, yoldaş Serqo Orconikidze də bilirlər”.

Tiflisdə Orconikidze də Pavlunovskiyə təsdiqləyir ki, Beriyanın Müsavat kəşfiyyatında çalışdığını çoxları (o cümlədən, Kirov və Mikoyan da) bilir. Üstəlik, əlavə edir ki, bu faktdan partiyadaxili müxalifət Beriyaya qarşı istifadə etməyə dəfələrlə çalışıb. Pavlunovski yazır: “Mən soruşdum ki, bu barədə Stalin bilirmi? Serqo təsdiqlədi ki, Stalinə bu, məlumdur”.

Göründüyü kimi, üstündən 7 il keçəndən sonra da Beriyanın Müsavatın və ADR hakimiyyətinin hamisi olmuş Böyük Britaniyanın agenti olmasına dair söhbətlər aktual olaraq qalmaqda davam edirdi. Digər diqqətəlayiq cəhət ondan ibarətdir ki, Pavlunovski bu məktubu Stalinə 1937-ci ilin 25 iyununda – özünün həbsindən bir qədər əvvəl yazıb. Ancaq Beriyaya verdiyi bu müsbət xasiyyətnamə də onu həbsdən və edamdan xilas etməyib.

Beriyanın həbsindən sonra istintaq yenidən bu məsələni qabardır, hər dəfə də o, Müsavatla əməkdaşlığının partiya tapşırığı olduğunu, bunu köhnə bolşeviklərin yaxşı bildiklərini, məsələnin isə iki dəfə (1923 və 1937-ci ildə) müzakirəyə çıxarıldığını və onun nə Müsavat, nə də Britaniya agenti olmadığının təsdiqləndiyini təkrarlayır.

Əlbəttə, Beriya Sovet tarixinin ən qara və ən mənfi personajlarından biridir. Ancaq bu,  onun saysız-hesabsız cinayətlərinə etmədiklərini də əlavə etməyə əsas verirmi?..

Məmməd Süleymanov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29