Ştaynmayer: Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır
Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu “İnterfaks”a müsahibəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
O bildirib: “Sözün düzü bu münaqişələrin dondurulmuş adlandırılması ilə barışmaq istəməzdim. İldən-ilə onlardan insanlar əziyyət çəkir, müvafiq regionların inkişafı ləngiyir. Kiçik, lakin konkret addımlarla atəşkəs rejimini stabilləşdirməyi, etimadı möhkəmləndirməyi və yerlərdə insanların gündəlik həyatını yüngülləşdirməyi – məsələn, iqtisadi mübadilənin gücləndirilməsi yolu ilə – planlaşdırırıq”.
XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında sərhəddə təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur: “Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır”.
O əlavə edib ki, atəşkəs rejiminin pozulması şəraitini araşdırmaq üçün mexanizmin yaradılması vacib addım ola bilərdi.