“Davudoğlunun açıqlaması Azərbaycan hakimiyyətini çətinə salmayacaq”
Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı işğalçılıqda ittiham etməsi müzakirə mövzusudur.
Qeyd edək ki, Əhməd Davudoğlu Rusiyanın Ermənistana dəstək verdiyinə görə, Azərbaycanın da ərazi bütövlüyünün təhlükə altında olduğunu deyib.
Türkiyə hökumət başçısının bu bəyanatı Azərbaycanı dilemma qarşısında qoya bilərmi?
“Atlas” araşdırmalar mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bu mövzuda Modern.az saytına danışıb.
Ekspert bildirib ki, onsuz da, Azərbaycan hər zaman Ermənistanın Dağlıq Qarabağ və ona bitişik rayonları təkbaşına işğal etmədiyini bəyan edir.
“Düzdür, Azərbaycan rəsmiləri açıq şəkildə demirlər ki, Rusiyanın yardımı ilə Ermənistan Azərbaycan ərazilərini zəbt edib. Amma düşünürəm ki, bağlı qapılar arxasında hər zaman bu məsələ müzakirə olunur”.
Elxan Şahinoğlu qeyd edib ki, Əhməd Davudoğlunun açıqlamasının Azərbaycan hakimiyyətini çətin vəziyyətə salacağını düşünmək düzgün deyil.
“Azərbaycan hakimiyyəti Rusiya ilə də normal münasibətlər qurmağa çalışır. Hamımız bilirik ki, Rusiya Ermənistana təsir etsə, Qarabağ ətrafındakı torpaqlar boşaldıla bilər. Rusiya sadəcə olaraq bunu istəmir”.
Politoloqun fikrincə, Rusiyanın və Türkiyənin Azərbaycanı öz tərəfinə çəkmək cəhdləri normaldır.
“Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Türkiyə həmişə Azərbaycanı yanında görmək istəyir. Bu, o demək deyil ki, Türkiyə Azərbaycanın Rusiyaya düşmən olmasına çalışır. Azərbaycanın özünün müstəqil xarici siyasəti var”.
Ötən ilin noyabrında Türkiyə hava məkanına daxil olan Rusiyaya məxsus döyüş təyyarəsini vurduqdan sonra Ankara ilə Moskva arasında siyasi gərginlik yaşanıb. Tərəflərin bir-birlərinə qarşı sərt tonda səsləndirdikləri ittihamların hələ də ardı-arası kəsilmir.