“Azərbaycan Ordusunun müharibədə gücünü göstərməsini arzulamırıq”
“Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlar və hərbi texnika ilə təchiz olunub. Həqiqətən də, Azərbaycan bu gün güclü hərbi dövlətdir”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin “Vestnik Kavkaz” saytına açıqlamasında “Global Firepower” hərbi portalının dünyanın ən güclü ordularının illik indeks reytinqini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hərbi texnika ilə yanaşı, hər bir ordu üçün peşəkar heyətin hazırlığı da əsas götürülür: “Azərbaycan Ordusu hələlik özünü müharibə meydanında göstərməyib. Onlar daha çox hərbi poliqonlarda təlimlər zamanı güc nümayiş etdirir. Müşahidələr Azərbaycan Silahlı Qüvvələrinin möhkəm olduğunu göstərir”.
Ekspert onu da vurğulayıb ki, bu gün Cənubi Qafqazda müharibənin olmaması yaxşıdır: “Çünki hərbi təlimlərdə orduların ümumiyyətlə güclü olduğunu görürük, amma onların bu gücü müharibə meydanında sınamasını heç kəs arzulamır”.
Qeyd edək ki, “Global Firepower” hərbi portalının 126 ölkənin hərbi potensialı-canlı qüvvəsi və hərbi texnikasının sayı, hərbi sənayesinin inkişaf gücü nəzərə alınan reytinqində Azərbaycan ordusu 1,5221 indeks xalı ilə dünyanın ən güclü 64-cü ordusu seçilib. Ermənistan ordusu Azərbaycan Ordusundan 10 pillə aşağıdır.