“Türkmənlər Suriyanı tərk etməməli, lazım gəldiyi anda Türkmən dövlətini qurmağa hazır olmalıdırlar”
“Bu gün Suriya Türkmənləri Suriyada ölüm ya da qalım ugrunda mücadilə verirlər. Suriya Türkmənlərinin bu zor durumunda Türk Dünyası, konkret olaraq Türksoylu dövlətlərin toplumlarının, təşkilatlarının, Türk aydınlarının səssiz qalması doğru deyildir. Bizcə, bu gün Suriya Türkmənlərinə ən azından mənəvi dəstək veməyənlər türklük şüurundan, türk genindən çox uzaqdırlar” Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, doç,.dr. Faiq Qəzənfəroğlu son zamanlar Suriyada yaşayan 4 milyona, bəzi bilgilərə görə 6-7 milyona yaxın Türkmənin həyati təhlükəsinin artması, onlardan bir qisminin Türkiyə sərhədlərinə üz tutmasıyla bağlı bildirib. Onun sözlərinə görə, Suriya Türkmənlərinin acınacaqlı vəziyyəti nə ABŞ və onun tərəfdarlarını, nə də onlara tərs görünən Rusiya və İranı maraqlandırır. Əksinə, Suriya Türkmənləri məhz ABŞ, Rusiya, İran kimi dövlətlərin təhdidi altındadır. Çünki Türkmənlərin Suriyada bir güc sahibi olmasını demək olar ki, Türkiyə istisna olmaqla həmin dövlətlər, eləcə də başqaları ya maraqlı deyillər, ya da loyal münasibət göstərirlər.
Faiq Qəzənfəroğlu hesab edir ki, Türksoylu ölkələr olan Azərbaycan, Qazaxıstan, Türkmənistan və başqalarının bu məsələylə bağlı bir dəfə də olsun, hər hansı səviyyədə bir araya gəlib ortaq mövqe nümayiş etdirməməsinin səbəbkarı da Rusiyadır: “Rusiya bəzən açıq-aşkar şəkildə, bəzən dolayısıyla da olsa bu dövlətləri Suriya türkmənləri, o cümlədən onlara dəstək olmağa çalışan Türkiyəyə münasibətdə səssiz qalmağı məsləhət görür. Biz, Suriya Türkmənləri, o cümlədən onlara dəstək olduğu üçün kəskinləşən Türkiyə-Rusiya münasibətləri məsələsində vaxtilə Sovetlər Birliyinin tərkibində olmuş Türksoylu dövlətlərin hakimiyyətlərinin səssiz qalmasını anlasaq da, amma bu toplumların öndə gedən təşkilatlarının, aydınlarının əsasən susqunluğu dogru deyildir. Bizcə, Türk qanı, Türk ruhu daşıyan hər bir kəs nə olursa olsun, Suriya Türkmənlərinin məhvinə, öz yurd-yuvalarından didərgin qalmasına səssiz qalmamalıdır”.
Azərbaycan Türk aliminin fikrincə, bu anlamda Türkiyənin həm öz milli bütünlüyünü, həm də Suriya Türkmənlərinin Suriyadakı milli varlığı üçün verdiyi mücadilə daha doğru addımdır. Özəlliklə, Suriya Türkmənlərinin tamamının Türkiyəyə köç etməsini dogru hesab etməyən F.Qəzənfəroğluna görə, Türkmənlər üçün bu çıxış yolu ola bilməz. Çünki ABŞ, Rusiya və İran kimi dövlətlərin marağı da odur ki, Türkmənlər Suriyanı tərk etsinlər: “Suriya Türkmənləri Suriyanı tərk etməməli, lazım gəldiyi anda Türkmən dövlətini qurmağa hazır olmalıdırlar. Hər halda ABŞ, Almaniya, Rusiya, İran kimi dövlətlər başqa məsələlərdə fikir ayrılığına sahib olsalar da, ancaq Suriya Türkmənlərinin ya məhv olmasında, ya da Türkiyəyə köç etməsində ortaq mövqedədirlər. Bəlkə, Türkmənləri öz əliylə bombalaya bilməyən ABŞ, Almaniya kimi dövlətlər Rusiya və İranın Suriyada olmasına, məhz bu amilə görə göz yummuşdur. Eyni zamanda, Rusiya və İranın da Suriya Türkmənlərini açıq şəkildə bombalamasının altında daha başqa amillər də vardır. Ən əsası odur ki, ABŞ, İran və Rusiya Türkiyə sərhədləri yanında kürd dövlətinin yaranmasında ortaq mövqe tuturlar”.
F.Qəzənfəroğlu bildirdi ki, Türkiyə sərhədlərinin yanında kürd dövlətinin yaranması isə çox təhlükəlidir. Ona görə də, Türk əsgərinin terror təşkilatı PKK-nın uzantısı olan PYD və YPG qüvvələrini bombalaması, eyni zamanda Türkmənləri Suriya ərazisində qalmasına çalışması başa düşüləndir: “Daha doğrusu, birinicisi, Türkmənlərin Türkiyəyə köçü Türkiyəyə qonşu olacaq kürd dövlətinin yaranmasının sürətləndirmək deməkdir. İkincisi, türkmənlərin Türkiyəyə köçü onların Suriyadakı milli varlığının birdəfəlik ortadan qaldırılması olacaqdır. Bütün bunlar yolverilməzdir ki, bu məsələdə Türkiyənin atdığı addımları dogru sayırıq. Bizcə, Türkiyə nə olursa olsun ABŞ, Rusiya və İranın dəstəyilə Türkmən torpaqları hesabına kürd dövlətinin yaranmasına yol verməməlidir. Çünki kürd dövlətinin yaranmasında başlıca məqsəd həm Türkiyənin dünya gücünə çevrilməsinə əngəl, həm də milli bütünlüyünə bir zərbədir. Əgər Suriyanın dövlət bütünnlüyünü bərpa etmək mümkün olmayacaqsa, Türkiyə çalışmalıdır ki, onun sərhədlərinin yanıbaşında kürd deyil, ilk növbədə Türkmən dövləti qurulsun”.
Faiq Ələkbərov