Qaradağlı – Qəhrəman kənd – Son gecə, son döyüş…
Qaradağlı faciəsindən 24 il ötdü. Bu faicənin yaşının üstünə bir yaş da gəldi. Bir az da yuyuldu hadisənin acı izləri. Bir az da azaldı faciə qurbanlarına ağlayanların sayı. Amma əsla azalmayan şeylər də var: qəlbimizdəki torpaq sevgisi, vətənimizə dönmək istəyi, son gülləsi qalanədək döyüşən mətin müdafiəçilərin əziz xatirəsinə hörmət.
“Torpağınızı qoyub qaçdınız”. Biz məcburi köçkünlər bu cümləni əvvəllər lap tez-tez eşidirdik. Yarızarafat, yarıciddi, tam zarafat, tam ciddi çox deyiblər üzümüzə bu sözləri. Özü də bunu deyənlər başqa bir millətin nümayəndəsi deyil, canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız olublar.
Hələ orta məktəbdə oxuduğum illərdə mənə və qulağım eşidə-eşidə başqa bir köçkünə bu sözləri söyləyəndə cavablarını yerindəcə verirdim. “Bizdə nə təqsir var, torpağı yuxarıdakılar satdı”, “biz silahsız idik, ermənilərə ruslar kömək göstərirdi”, “bizimkilər sona qədər kişi kimi vuruşdular, lakin düşmən bizdən silah-sürsat və canlı qüvvə cəhətdən qat-qat üstün idi” deyə verdiyim cavablar indi də qulağımda cingildəyir. Hətta bəzən mübahisənin sonu dava-dalaşla nəticələnirdi. Təbii ki, mənə və doğmalarıma qorxaq deyənlərə anında cavab vermək boynumun borcu idi.
Əvvəlki kimi tez-tez olmasa da, indi də bizə belə deyənlər, bizim haqqımızda bu cür düşünənlər var. Bu yazı mənim “torpağı qoyub qaçdınız” deyənlərə Qaradağlı kəndinin nümunəsində cavabımdır.
Xocavənd rayonunun Qaradağlı kəndi düz 4 il düşmənlə mübarizə aparmış, bu mübarizədə 78 sakinini qurban vermişdir. Yuxarıların diqqətindən kənarda qalmalarına, ermənilər yaşayan kəndlərlə əhatə olunmalarına, silah-sürsat və canlı qüvvənin sayı cəhətdən təcavüzkarlardan qat-qat geridə olmalarına baxmayaraq kənd sakinlərindən ibarət özünümüdafə dəstəsi doğma torpaqlarının müdafiəsi naminə böyük əzmkarlıq və qətiyyət nümayiş etdirərək kəndin düşmən əlinə keçməməsi üçün son güllələri qalanadək döyüşmüşdür. Qaradağlı müdafiəçiləri öz şücaətləri, dönməzlikləri, qəhrəmanlıqları ilə xalqımızın mübarizə və hünər tarixində yeni səhifə yaratdılar. Nə qədər ki, Azərbaycan xalqı var Qaradağlı müdafiəçilərinin bu mübarizliyi, qəhrəmanlığı həmişə fəxrlə anılacaq və gələcək nəsillərə nümunə göstəriləcəkdir.
Qaradağlı kəndi çox böyük müsibətlərlə üzləşib. Qarabağ hadisələri başlayandan həmişə düşmənin hədəfində olub bu kənd. Bura dəfələrlə hücumlar olunub, iri çaplı silahlardan atəşə tutulub, evlər, fermalar yandırılıb, dinc insanlar qətlə yetirilib. Amma ermənilər kənd sakinlərinin iradəsini, mübarizə əzmini qıra bilməyiblər. Kəndin qorxmaz oğulları həmişə düşmənin cavabını layiqincə verib, vurduqları zərərin əvəzini ikiqat çıxıblar.
Bu yazıda təkçə axırıncı 3 gün – 1992-ci il fevral ayının 15-i, 16-sı və 17-si tarixlərində gedən qeyri-bərabər döyüşdən söz salacağam. Bu o döyüş idi ki, düşmən 100-dən artıq adamını itirmişdi. Ermənilərin də etiraf etdiyi kimi, onların Dağlıq Qarabağda keçirdiyi ən ağır döyüş əməliyyatı Qaradağlı kəndində olmuşdu.
1991-ci il noyabrın 19-da Xocavənd rayonun Xocavənd kəndi ermənilər tərəfindən işğal edildikdən sonra Qaradağlıda vəziyyət daha da ağırlaşdı. Kənd mühasirə vəziyyətinə düşdü. 15-dən artıq ermənilər yaşayan kəndlə əhatə olunmuş bu yaşayış məntəqəsində vəziyyət daha da acınacaqlı hal aldı. Yerli sakinlərdən ibarət özünümüdafiə dəstəsi düşmənin aramsız hücumları qarşısında mərdliklə dayanmasına baxmayaraq silah və sürsatın az olması onları narahat etməyə başlamışdı.
1992-ci il fevralın 15-də Qaradağlı kəndinə hücum edən erməmi hərbi birləşmələri müdafiəçilərin güclü müqavimətinə rast gələrək geri çəkildilər. Həmin vaxt kənddə 117 nəfər var idi. Onlardan 13 nəfəri Qaradağlılara kömək məqsədi ilə ayrı-ayrı rayonların özünümüdafiə batalyonlarından göndərilmişdi. 104 nəfəri isə kənd sakini idi.
Düşmənlər fevralın 16-da səhər saatlarında daha böyük qüvvə ilə yenidən hücuma keçdilər. Kəndin içərilərinə soxulmuş təcavüzkarlarla müdafiəçilər arasında baş verən toqquşmada hər iki tərəfdən ölənlər və yaralananlar oldu. Düşmənin Xocavənd şəhəri (keçmiş Martuni) istiqamətindən olan həmlələrinin qarşısının alınması məqsədi ilə təşkil olunuş 1 saylı gözətçi postuna rəhbərlik edən Qaradağlı özünümüdafiə dəstəsinin qorxmaz üzvü Nobil Zeynalov postda keşikdə dayanmış Xanalı Hüseynov və Altay Həsənovla birlikdə igidliklə vuruşaraq həlak oldu. Qaradağlı Milis bölməsinin cəsur əməkdaşı Əliqismət Kərimov döyüş yoldaşları ilə bərabər əzmlə döyüşür, heç nədən qorxmayaraq həlak olanların cəsədlərini kolxozun və kənd sovetliyinin inzibati binasına gətirirdi. Yaşının 60-ı keçməsinə baxmayaraq çevik hərəkətləri ilə cavanlardan heç də geri qalmayan Şahmurad Hüseynov, kənd özünümüdafiə dəstəsinin komandiri Ədalət Məmmədov, Qaradağlı Milis bölməsinin üzvləri Qərib Mustafayev, Nəsimi Kazımov və Füzuli Vəliyev, hərbi xidməti başa vuran kimi doğulub böyüdüyü kəndə qayıdıb özünümüdafiə dəstəsinə üzv yazılan Nəbi Quliyev, Faiq Tağıyev, Elmidar Bayramov, Zakir Tağıyev, Mobil Vəliyev, Eldar Dadaşov, Mikayıl Dadaşov, Rəhim Doluxanov, Zahid Əliyev, Fazil Vəliyev, Fehruz Hüseynov, Mirzəli Quliyev, Həbib Hüseynov, Nahid Hüseynov, Alov və Atəş Əzizovlar mərdliklə döyüşürdülər. Silah sürsat cəhətdən qat-qat üstünlüyə malik qəsbkarlar bu dəfə də kəndi ələ keçirə bilmədilər. Bir ovuc insanın böyük bir qüvvə qarşısında bu qədər dayanması həqiqətən də ağılasığmaz qəhrəmanlıq idi.
Fevralın 17-də səhər saat 05:00-da erməni hərbi birləşmələri bir neçə istiqamətdən Qaradağlıya sonuncu və daha geniş miqyaslı hücuma keçdilər. Hücum edənlər arasında ermənilərlə bərabər xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar və Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgər və zabitləri də var idi. Kəndə soxulmuş qəsbkarlarla mətin müdafiəçilər arasında təxminən 11 saat davam edən qanlı savaş başlandı. Sayca müdafiəçilərdən dəfələrlə çox olan, müasir silahlarla silahlanmış təcavüzkarlar kəndin içərilərinə doğru irəliləyirdilər. Müdafiəçilər az saylı və pis silahlanmış olsalar da doğma kəndlərini düşmənə təslim etməməkdə israrlı idilər. Telman Tağıyev, Sərvər Abbasov, Ərəstun Məmmədov, Arif Bayramov, Rafiq Quliyev ən qaynar nöqtələrdə vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirirdilər.
Döyüşçülərin sürsatı tükənirdi. Onların özlərinə istehkam seçdikləri kolxozun və kənd sovetliyinin inzibati binası mühasirəyə alınmışdı. Güllələr yağış kimi binanın üzərinə yağırdı. Hər tərəfi barıt qoxusu bürümüşdü. Ətraf toz-duman içərisində idi.
Müdafiçilər son güllələrini atdılar. Saat 16 radələrində onların son sığınacağı düşmənin əlinə keçdi. Beləliklə, köməksiz qalan Qaradağlı kəndi işğal edildi. Sağ qalan 100-dən artıq adam girov götürüldü. Birinə gənclərin, digərinə isə yaşlıların mindirildiyi “Kamaz” markalı maşınlar Xankəndinə (keçmiş Stepanakert) doğru istiqamət aldılar. Ermənilər qisas məqsədilə yol boyu harada erməni öldürülübsə, orada maşınları saxlayaraq girovları güllələyirdilər.
İçərisində əsirlərin olduğu maşınlar növbəti dəfə Qaradağlı kəndinin 2 km-də “Bəylik Bağı” adlanan ərazidə dayandı. Silahlılar girovların bir hissəsini burada güllələmək niyyəti ilə gənclərin mindirildiyi maşından 10 nəfərin könüllü olaraq düşməsini tələb etdilər. Bu müraciətdən sonra maşındakı igidlərin bir qismi “Qarabağ bizimdir”, “bu torpaqlar heç vaxt sizin kimi əclafların olmayacaq!”, “etdiklərinizin qisasını alacaqlar!” şüarlarını və düşmənin ünvanına müxtəlif söyüşlər səsləndirərək maşından yerə atılmağa və ermənilərə tərəf yeriməyə başladılar. Bu onların ağzından çıxan son kəlmələr oldu. Düşmənin silahından açılan güllələr onların sinəsini dəlmə-deşik etdi. Elə həmin vaxt cəsur döyüşçü Telman Tağıyev gizlədib saxladığı qumbaranı hazırlıq vəziyyətinə gətirib düşmənin cəm halda dayandığı yerə atdı. Bu Telmanın özünün və neçə-neçə erməninin ölümü ilə nəticələndi. Burada qətlə yetirilmiş 30-da artıq adamın meyiti silos quyusuna atılaraq üzərinə torpaq töküldü. Girovların bir qismi də ermənilər yaşayan Ningi kəndində və Xankəndi türməsində işgəncə verilərək qətlə yetirildi. Girovluqdan qayıdanların bəziləri də aldıqları zərbələrin, işgəncələrin təsirindən sonradan dünyasını dəyişdi.
Əsirlikdən azad olunanları dinləyərkən insanı dəhşət bürüyür. Ermənilərin törətdikləri vəhşiliklər, girovlara verdikləri işgəncələr insanın qəlbini nə qədər ağrıtsa da, peşəkar hərbçi olmayan kəndlilərin göstərdikləri şücaət və igidliklər, onların düşmənə qarşı dirənişi insanı bir o qədər də qürurlandırır. Doğrudan da peşəkar qatillərdən ibarət böyük bir silahlı dəstə qarşısında bu qədər dayanmaq, kəndi düşmənə təslim etməmək üçün uşaqlı, böyüklü, qadınlı, qocalı mücadilə aparmaq, sonadək döyüşmək olduqca heyrətamizdir. Təpədən dırnağadək vətən sevgisi ilə silahlanmış bu məğrur insanlar öz mübarizlikləri ilə şanlı bir səlnamə yaratdılar. Tarixə QƏHRƏMAN KƏND olaraq yazdılar Qaradağlının adını.
İndi mən bizə torpağı qoyub qaçmış, onu ermənilərə satmış, qorxaq insanlar kimi aşağılayıcı nəzərlərlə baxan, bizə kinayə və rişxəndlə, sanki lağ edirmiş kimi “qaçqın”, “köçkün”, “didərgin” deyən həmvətənlərimə səslənirəm: rəhbərliyin diqqətindən kənarda qalmasına, ermənilər yaşayan kəndlərin əhatəsində olmasına baxmayaraq düz 4 il öz gücünə düşmənlə mübarizə aparan, 78 övladını şəhid verən, canlı qüvvənin sayı, silah-sürsat və hərbi texnika cəhətdən özündən qat-qat üstün olan düşmənlə sonadək mərdliklə vuruşan, yuxarıda adlarını çəkdiyim qorxubilməz oğulları olan bu kəndin sakinlərinə hansı haqla “torpağı qoyub qaçdınız” deyirsiniz?
Mən Qaradağlı kəndində doğulduğuma görə fəxr edirəm. Məcburi köçkün statusunu daşıdığıma görə duyduğum utanc hissi bu qəhrəman kənddən olduğuma görə duyduğum qürur hissindən aşağıda dayanır.
Aslan Quliyev