Azərbaycan türklərinin ilk millətçi təşkilatı– DİFAİ
Partiya qısa müddətdə müsəlman əhalisindən silahlı dəstələr təşkil etmiş və Cənubi Qafqazda böyük nüfuza sahib olmuşdur. Silahlı dəstələrin yaradılmasında məqsəd həm silahlı hücumlardan qorunmaq, həm də türk-müsəlman əhalisinin mənafeyini təmin etmək üçün hökümət orqanlarına güc yolu ilə təzyiq göstərmək olmuşdur. Partiya bu məqsədlə rus dövlət məmurlarına və ermənilərə satılmış şəxslərə qarşı fərdi terror aktları da həyata keçirmişdir. Lakin bu faktlar “Difaini”nin terrorçu trəşkilat olduğunu deməyə əsas vermir. Belə ki, bu təşkilat əsasən siyasi təşkilat olmuş və onun silahlı mübarizəsi və fərdi terrora əl atması məcburi, özünümüdafiə və terrora cavab xarakteri daşımışdır.
“Difai”nin “Qarabağ Birlik Məclisi”nin təşkilatçılığı ilə 1906-cı il noyabrın 8-də erməni-müsəlman münaqişəsində erməni tərəfinə dəstək verən general-qubernator V.N.Qoloşşapov Tiflisdə qətlə yetirilmişdir. Bundan az sonra “Difai” bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş (poroklamasiya yazılmış vərəqələr gizli şəkildə küçələrin divarlarına yapışdırılırdı) və bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Qafqaz müsəlmanlarına ünvanlanmış proklamasiyada deyilirdi:”İki güllə yarası almış general Qoloşşapovun mənfur və sizin üçün rəzil həyatı başa çatmışdır. Qarabağda törətdiyi mənfur əməllərinə görə “Difai” partiyası tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda “Difai”nin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş, evsiz-eşiksiz sərgərdan gəzib dolaşan minlərlə sakini az da olsa rahat nəfəs alacaqdır. Yaşasın Difai!” (yenə orada, səh.-131).1907-ci ilin aprelindəQoloşşapovun sabiq dəftərxana müdiri Kleşşinski də qətlə yetirilmişdir. “Difai” öz fəaliyyəti dövründə digər sui-qəsd aktları da həyata keçirmişdir.
“Difai”nin fəaliyyəti yalnız silahlı hücumlara və qırğınlara qarşı türk-müsəlman əhalisinin silahlı müqavimətini təşkil etməklə məhdudlaşmamışdır. Partiya maarifçilik və təhsilin inkişafı, xeyriyyəçilik, kəndlilərin torpaq məsələsində üzləşdikləri haqsızlıqların aradan qaldırılması, məhkəmə işlərinin ədalətli aparılması və b. məsələlərin həlli, həmçinin, milli birlik və milli azadlıq ideyalarının təbliği ilə məşğul olmuşdur.
Partiyanın qəbul etdiyi 52 maddədən ibarət proqrama görə hərbi işlərdən, xarici siyasət, ümumi qanunvericilik, dövlət vergiləri, yüksək vəzifəli dövlət məmurlarının təyini və bəzi ciddi cinayətlərə dair məhkəmə işlərindən başqa bütün ictimai-iqtisadi, mədəni-maarif və dini-əxlaqi işlər, həmçinin müsəlmanların mülki və şəriət məsələləri, yerli və ali orqanlara nümayəndələrin təyini, məktəb və mətbuat işləri və s. partiyanın və onun göstərişi ilə hərəkət edən idarələrin və məclislərin ixtiyarına verilirdi (Xəqani Məmmədov, Azərbaycan Milli Hərəkatı (1875-1918-ci illər). Bakı-1996. səh. 89-90). Partiyanın pul gəlirləri isə üzvlük haqlarından, əhalidən və imkanlı şəxslərdən xeyriyyəçilik məqsədi ilə toplanan puldan, həmçinin müəyyən olunmuş qaydaları pozanlara tətbiq edilən cərimələr nəticəsində yığılan vəsaitdən formalaşmışdır. Bir sözlə, “Difai” xalqımızın ən ağır günlərində sözün həqiqi mənasında ona sahib çıxmış, I rus inqilabı (1905-1907) zamanı kənd bölgələrində Çar Rusiyasının dövlət strukturlarının fəaliyyətinin zəiflədiyi bir dövrdə “yarımdövlət” funksiyasını yerinə yetirmişdir. Partiya qeyri-leqal, gizli fəaliyyət göstərmiş, partiya sıralarına qəbul edilən şəxslərlə xüsusi danışıqlar aparılmaqla onlara and da içdirilmişdir.
Partiyanın bəyannamələrində Qafqaz müsəlmanlarının milli birliyi və milli azadlığı ideyaları açıq təbliğ olunmuşdur. Belə ki, partiyanın yaydığı müraciətlərin birində deyilir: “Ey Qafqaz müsəlmanları, bizim xaricdəki qardaşlarımız olan Türkiyə əhalisi özləri üçün azadlıq və əmniyyət əldə etmişlər. Bəs biz nə üçün azadlıq əldə edərək bu tiranın pəncəsindən qurtulmayaq. Biz “Difai” partiyası malımızı və canımızı qurban verərək bu yolda çalışacağıq. Siz də bu ağır dəqiqələrdə maddi və fiziki köməklə bizə əl tutun”. (Yenə orada (Xəqani Məmmədov), səh.-90).
Partiya iqtisadi görüşlərdə (əsasən də aqrar məsələlərdə) sosial-demokrat təmayüllü olmuşdur. Onun üzvləri isə əsasən orta və aşağı təbəqənin (kəndlilər, tacirlər, tələbələr, vəkillər, həkimlər, bəzi liberal düşüncəli şəxslər və s.) nümayəndələri olmuşdur. Çünki, yuxarı təbəqə (müsəlman aristokratiyası) nümayəndələri əsasən rus hökuməti tərəfdarları olduğundan onlar partiyaya cəlb olunmamışdır.
Təxminən eyni dövrdə “Difai” ilə əlaqəli, eyni prinsiplərlə fəaliyyət göstərən nisbətən kiçik “Müdafiə”, “Qeyrət” və b. müsəlman-türk təşkilatları da mövcud olmuşdur.
1909-cu ildə çar hökumətinin təqib və təzyiqləri nəticəsində “Difai” partiyasının fəaliyyətinə son qoyulmuş, Ə.Ağaoğlu Türkiyəyə mühacirət etmiş, partiyanın fəal üzvləri (M.M.Axundov, A.Rəfibəyov, H.Usubbəyov, Ə.Xasməmmədov və b.) isə 5 il müddətinə Qafqazdan kənara sürgün edilmişdir. “Difai”nin gizli və passiv fəaliyyətinin 1917-ci ilə qədər davam etdiyi ehtimal edilir. Difaiçilərin əksəriyyəti öz fəaliyyətlərini Müsavat partiyasının sıralarında davam etdirmişlər. 1917-ci ildə Gəncədə yaradılmış və sonra Müsavat partiyası ilə birləşmiş “Türk Ədəmi-Mərkəziyyət partiyası” da məhz keçmiş Gəncə difaiçiləri (Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və b.) tərəfindən yaradılmışdır.
Milli hərəkat tariximizdə çox mühüm yer tutan “Difai” partiyası Azərbaycan türklərinin sırf millətçi təmələ söykənən ilk siyasi təşkilatıdır. Bu təşkilat olmasaydı bəlkə də milli hərəkatımızın sonrakı inkişafı, cümhuriyyət quruculuğu lazımı səviyyədə baş tutmazdı. Təsadüfi deyil ki, Müsavat partiyasının güclü bir təşkilata çevrilməsində keçmiş difaiçilərin mühüm rolu olmuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaradılmasında əvvəllər məhz “Difai”nin silahlı dəstələrində olmuş şəxslər bir baza rolunu oynamışdır.
Şirvani Ədilli