Ceyhun Hacıbəylinin “Milli Azərbaycan” sevgisi
Azərbaycanın tanınmış ziyalı mühacirlərindən ictimai-siyasi xadim, mütəfəkkir Ceyhun Hacıbəylinin (1891- 1962) dünyagörüşündə Azərbaycan milli ideyası-azərbaycançılıq üç mərhələdə – Cümhuriyyətəqədərki, Cümhuriyyət və mühacirət dövründə öz əksini tapıb.
Cümhuriyyətəqədərki dövr. Onun Cümhuriyyətəqədərki dövrdə “Kaspi”, “ İrşad”, “Tərəqqi”, “Proqres” və “Baku” qəzetlərində dərc olunan məqalələri diqqəti cəlb edir. Hacıbəyli «Kaspi» qəzetində dərc olunan «Həsən bəy Məlikovun xatirəsi» (1912-ci il) və «Yeddi il» adlı məqalələrində (1914-cü il) Həsən bəy Zərdabinin timsalında Azərbaycanın milli simasını ifadə etməyə çalışmışdır. «Həsən bəy Məlikovun xatirəsi» məqaləsində C.Hacıbəyli yazırdı ki, Zərdabi qaranlıqlar üzərinə əsil ziyalı kimi getmişdir: “Onun məramı, məqsədi o qədər möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya bilməzdi. Həsən bəy çörək qədər həyati məsələlərdə belə öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda – yəni Qafqazdan kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi”. C.Hacıbəyli məqaləsində Zərdabinin nə şəxsiyyəti və tərcümeyi-halını, nə də Türk-Müsəlman cəmiyyətinin onun əməyini necə qiymətləndirməsini deyil, Azərbaycan xalqı üçün müqəddəs bir insan olmasından bəhs etmişdir. Hacıbəyli yazırdı: “Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz Bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə yaratmaq olar. Elə bil ki, Həsən bəyin həyatı da, ölümü də cəmiyyət üçün qurbanlıq idi”. C.Hacıbəyli Zərdabiyə həsr etdiyi «Yeddi il» adlı məqaləsində də yazırdı ki, müsəlmanların-azərbaycanlıların mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olsa da, hələ də Zərdabinin ortaya atdığı millət yolu nəinki yetərincə iləri getmiş, üstəlik Zərdabinin özü belə az qala unudulmağa başlamışdır. Ancaq Hacıbəyli hesab edirdi ki, xalq öz ziyalısına sahib çıxmalı və onu lazımınca dəyərləndirməlidir.
Cümhuriyyət dövrü. Azərbaycan Cümhuriyyəti dövründə nəşr olunan “İttihad” və “Azərbaycan” qəzetində redaktor işlədiyi dövrdə bu və ya digər formada Azərbaycan Milli İdeyasını özündə əks etdirən məqalələr yazmışdır. Bizcə, “Azərbaycan” qəzetində redaktor işlədiyi dönəm Hacıbəylinin “Azərbaycan” milli ideyasını mənimsəməsi baxımından çox önəmli olmuşdur. Artıq o, “Azərbaycan” qəzetində yayımlanan məqaləsində “Azərbaycan”, “azərbaycanlı”, “Azərbaycan türk milləti”, “Azərbaycan milləti” kimi ifadələrə yer verirdi
Onun Cümhuriyyəti dövründə Azərbaycan Milli ideyası istiqamətində gördüyü ən mühüm işlərdən biri də Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etdiyi zaman Parisdə “Azərbaycan ilk müsəlman Respublikası” kitabını nəşr etdirməsidir. O, bu əsərində “Azərbayan” ideyasını geniş şəkildə açıqlayaraq dünya ictimaiyyətinə, o cümlədən Versal sülh konfransının iştirakçılarına çatdırmağa çalışmışdır. Burada başlıca məsələ Azərbaycanın müstəqillik yolunda atdığı addımlar, eyni zamanda ilk müsəlman və türk ölkəsi kimi respublika yolunu seçməsi idi.
Mühacirət dövrü. C.Hacıbəyli Parisdə yaşadığı ilk illərdən bacardığı qədər Azərbaycan Milli ideyasını özündə əks etdirən milli ruhlu məqalələr yazmışdır. Onun mühacirət dönəmində qələmə aldığı əsərləri arasında “Azərbaycan mətbuat tarixi” və “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları” adlı iri həcmli tədqiqat əsərləri də mühüm əhəmiyyət kəsb edir. Bu onun göstəricisidir ki, C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə Azərbaycan milli ideyası amalından dönməmiş, son nəfəsinədək Sovet imperiyasına qarşı ideoloji mübarizə apararaq Azərbaycanın istiqlalı uğrunda mücadilə vermişdir. O, 1950-ci illərdə Fətəli bəy Düdənginskiylə birlikdə Milli Birlik Məclisinə rəhbərlik etmiş, Azərbaycanın istiqlalına çalışmışdır. Düdənginski Hacıbəyli haqqında yazırdı: “sovetlər… bu gün Milli İstiqlal Hərəkatımızı idarə edən C, Hacıbəylini isə xalqımıza büsbütün unutdurmağa qərar veriblər”.
Milli Birlik Məclisinin əsas mətbu orqanı C.Hacıbəylinin və F.Düdənginskinin redaktorluğuyla 1950-ci illərdə Almaniyada-Münhendə yayımlıanan “Azərbaycan” jurnalı idi. Bu jurnalın əsas məqsədi SSRİ imperiyasına qarşı təbliğat işləri aparmaq, kommunist ideologiyasının zərərli ideologiya kimi gec-tez məhvə məhkum olmasını göstərməklə yanaşı, Azərbaycan milli ideyasını yaşatmaq idi.
“Azərbaycan” jurnalının ilk sayında Ceyhun Hacıbəyli “Azərbaycan davam edir” baş məqaləsində yazırdı ki, bundan 32 il əvvəl idarə etdiyi milli “Azərbaycan” qəzetini qardaşı Üzeyir Hacıbəyliyə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəlmişdi. Hacıbəyli yazırdı: “Nəcib Azərbaycan – türk milləti yabançı bir düşmən əlinə keçdi. 27 nisan faciəsinin təfərrüatı gələcək Azərbaycan tarixində qara bir səhifə tutacaq. O faciənin təhlilinə vətəndə başlamaq üzrə indilik açıq yaramızı qurdalamağı özümüzə rəva görmədiyimizdən sükut edirik. Məqsədimiz milli birliyi qurmaqdır və birlik mühacirətdə başlamalıdır. Bütün azərbaycanlıları istisnasız olaraq bu bu birliyə dəvət edirik”. Şübhəsiz, burada əsas qayə də Azərbaycan milli ideyasını-Azərbaycançılığı bir an olsun unutmamaq və yeni nəsilə ötürmək idi.
C.Hacıbəyli bildiridi ki, o, Azərbaycan istiqlalı uğrunda mübarizə aparan heç bir partiyanın, təkilatın əleyhinə deyildir. Çünki həddi-buluğa yetmiş bir millət olan Azərbaycan Türk milləti içərisində müxtəlif cərəyanlar ola bilir. Hacıbəyli yazırdı: “Biz bu cərəyanların gəlişməsini və vətənimizə faydalı olmasını yurdumuzun quruluşundan sonra ancaq düşünə bilirik. Mühacirətdə bizi düşündürməsi lazım gələn və bizi düşündürən ancaq və ancaq gözəl yurdumuzun qurtuluşu olmalıdır. Bu qurtuluşu qolaylaşdırmaq və bu məqsədlə uğraşmaq hər bir Azəri-Türk cocuğu və ya fərdi üçün müqəddəs bir vəzifədir. Bu yolda hər bir vəsilədən istifadə etməliyik, çünki millətimiz böyük bir təhlükə içində yaşayır… Biz bütün vətəndaşlarımıza hörmət və sevgi bağlarıyla bağlıyız. Onun üçün bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri-Türklərinin hamısını üç rəngli bayrağımız altında toplanıb hamımız bərabər bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir”.
1953-cü ildə “Azərbaycan” dərgisində yayımlanan “Bir millətin namusu” adlı məqaləsində isə C. Hacıbəyli yazırdı ki, 28 may həm milli istiqlalımızın anımı, həm də əzilən bir millətin haqq səsidir: “May ayı yalnız milli istiqlalımızın anım günü kimi deyil, eyni zamanda Azərbaycan-Türk millətinin düşmən tərəfindən tapdalanan və əzilən haqqının qorunması və yüksəldilməsi ayı kimi də anılır. Məşum 27 aprel hadisəsinin nəcib millətimizi nə qədər rəzalətə düçar etdiyi hər kəsə bəllidir. Bəzi fitnəkarların etdiyi əməllərə rəğmən, əvvəlcə də söylədiyim kimi, bu tarixi faciəyə səbəb olan məqamları burada xatırlamaq istəmirəm. Çünki bizimlə ünsiyyətdə olan əcnəbilərə – istər dost, istərsə də düşmən olsun – öz zəif nöqtələrimizi açıb göstərməkdən çəkinirəm. Lakin bu faciənin nəticələrini hamılıqla bildiyimizdən, hər bir Azərbaycan türkü, hadisənin anılması qarşısında heyrət və nifrətini saxlamaqdan çəkinməz”.
C.Hacıbəyli o fikirlə razılşamırdı ki, Sovet Rusiyası Azərbaycanı müqavimətsiz işğal etmişdir. Yəni Azərbaycan türklərinin vətənlərini Sovet Rusiyasına asanlıqla, müqavimət göstərmədən, etirazlar etmədən buraxması fikri doğru deyildir. O, buna nümunə kimi Gəncə üsyanını göstərirdi: “Gəncə üsyanı millətimizin tapdanmasına qarşı olan bir qəhrəmanlıq dastanıdır. Eyni zamanda şəxsi mənfəətləri naminə şöhrət qazanmaq istəyən siyasilərlə Azərbaycan türkünün fərqini göstərən bir olaydır. Hər halda Gəncədə may aylarında axan türk qanı, – belə deyək – 27 aprel “hadisəsi” zamanı millətimizə atılan ləkəni silib götürdü. Doğrusu, verdiyimiz qurbanlar çox ağır oldu. Başqa şərtlər altında, başqa zamanda, ayrı-ayrı cəbhələrdə eyni vaxtda müqavimət göstərmiş olsaydıq, nəticə bu qədər ağır olmazdı. Lakin, nə etmək olar, “təqdiri qəza” belə imiş. Hər halda belə ağır qurbana amadə olan qəhrəmanlarımız tərəddüd etmədilər”.
Deməli, 28 Mayda istiqlala qovuşan Azərbaycan türkləri 2 il sonra Azərbaycanın istiqlalını qorumaq üçün də Sovet Rusiyası ilə savaşmışlar. Bu anlamda Azərbaycan türkləri üçün 28 may yalnız Milli İstiqlalımızın yaranması günü kimi yox, eyni zamanda Vətən uğrunda şəhid verdiyi gündür. Hacıbəyli yazırdı: “Cavad xanların istehkamı olan qoca və gözəl Gəncəmizdə Azərbaycan Türklərinə məxsus gələnəkləri qəhrəmancasına müdafiə edən Cahangir bəylər, Cavad bəylər, Məhəmməd Mirzələr, Hüsrəv Mirzələr, Mirzadələr, Sarı Ələkbərlər, Qaçaq Qənbərlər, Qara Mehdilər və onlar kimiləri millətimizin şərəfli əsgərləridir. Lakin bunların heç bir partiya ilə əlaqələri yoxdur. Bu qəhrəmanlar şeflik iddiasında deyillər. Bununla bərabər, onlar öz milli vəzifələrini fədakarlıqla yerinə yetirməkdən də çəkinmədilər. Milli namusumuz yolunda Şəhid olan bu qəhrəman yurddaşlarımıza Ulu Tanrıdan min rəhmət diləyir, sağ qalanlara isə can sağlığı arzu edirik. Ey qəhrəman və əziz Şəhid övladlarımız, Azərbaycan milləti dünyada tək bir azərbaycanlı türkü qalana qədər sizləri unutmayacaq. Yatdığınız ana torpaqlarda rahat-rahat uyuyun!”.
C.Hacıbəyli vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayıaraq Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulamışdır. Hər cür qruplaşmaya qarşı olduğunu bildirən Hacıbəyli sanki dostuna vəsiyyət edirdi ki, mühacirləri bir yerə toplamaq lazımdır. Bununla bağlı «Mücahid» jurnalının 1963-ci il nömrəsində «Ceyhun bəyin vəsiyyəti» adlı məqalə də dərc olunub.
Ceyhun Hacıbəylinin Azərbaycanın Milli İstiqlalını hədəfləyən bütün təşkilatların Milli Birlik ideyası ətrafında birləşmə məsələsi simvolik idi. Çünki Milli birlik ideyası mücərrəd mahiyyətlidir. Müxtəlif əqidəli insanların məhz özünəməxsus yolla Azərbaycanın müstəqilliyinə çalışmaları başa düşüləndir. Burada əsas məsələ hansı ideyaya tapınmasından asılı olmayaraq Azərbaycan ideyasına sadiq qalmaq idi. Ceyhun Hacıbəyli də Azərbaycan ideyasına sadiq mütəfəkkirimiz olub. Vaxtilə Məhəmməd Əmin Rəsulzadənin Parlamentin ilk iclaslarından birində ifadə etdiyi kimi Azərbaycan Cümhuriyyəti yaranmamışdan öncə Azərbaycan ideyasını sağdakılar İslam dünyasının, soldakılar isə Böyük Rusiyanın parçalanması kimi dəyərləndilkləri halda, çox keçmədən hər hansı ideyaya üz tutmasından asılı olmayaraq hamı “Azərbaycan” ideyası ətrafında biləşib. Mühacirət dövründə də bütün ziyalılarımız, o cümlədən M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, H.Baykara, C.Hacıbəyli və başqalarının əsas hədəfləri Azərbaycan ideyasını yaşatmaq və Azərbaycanı yenidən istiqlala qovuşdurmaq olub. Bizcə, əgər mühacir ziyalıların əsərləri bugünkü Azərbaycan nəslinə bütövlükdə çatdırılarsa, o zaman Azərbaycan xalqı Azərbaycançılığın-Azərbaycan türkçülüyünün hansı mərhələlərdən keçməsini bilməklə yanaşı, eyni zamanda onların əməklərini də sözün həqiqi mənasında dərk etmiş olacaqlar.
Faiq Ələkbərov