Tarixin sirləri: Qızının toy günü həbs olunan qəhrəman və Mikoyanın küçədən oğurlatdığı uşaq
Stalinin məşhur “Oğul ataya görə cavabdeh deyil” ifadəsinin necə yaranması barədə müxtəlif fikirlər dolaşır. Bəzi məlumatlara görə, Stalin bu ifadəni Leninqradın mühasirəsi zamanı görünməyən qəhrəmanlıq göstərmiş, blokadaya alınan şəhərin mühasirədən çıxması üçün çox şey edən və daha sonra güllələnən Aleksey Kuznetsovun oğlu barədə demişdi. Cebhe.info xəbər verir ki, dahi rəhbərin qəzəbinə tuş gələn Kuznetsovun oğlu Valeri Kuznetsov atasının faciəli taleyi haqqında Rusiya mətbuatna danışıb.
Stalinin siqaretə yazdığı məktub
-Atam Novqorod quberniyasındandır. Orada komsomol hərəkatının lideri olub. Kirov onu kəşf edib və Leninqrada aparıb. 1938-cü ildə atamı Jdanovun birincü müavini təyin etdilər. Jdanov o zaman şəhər icraiyyə komitəsinin katibi idi. Müharibə illərində Leninqradın bütün çətinliyini daşıyırdı. O, bu şəhər üçün çox şey etdi. Yayda atamın tapşırığı ilə kartof və yerkökü əkirdilər. Mən də onlarla bərabər bütün blokadanı yaşadım, o zamanları yaxşı xatırlayıram. Atam atışmadan qorxmayaraq bütün şəhəri gəzirdi, zavodlarda çıxış edirdi, cəbhəyə gedirdi. 5 yaşım var idi, məni də özü ilə bərabər aparırdı. Mənə xüsusi olaraq hərbi paltar tikdirmişdi. Başımda kaska da vardı. Cəbhədə səngərdə yaşayırdıq. Leninqradda isə Smolnıda.Məni də bacılarım və nənəm kimi şəhərdən çıxara bilərdi. Onları Çelyabinskə göndərmişdilər. Ancaq məni atam öz yanında saxladı. Düşünürdü ki, insanlar bunu görsələr, qələbə ümidləri yaranar. Yəni əgər şəhər rəhbərinin oğlu şəhərdə qalırsa, deməli, blokadanı yaşayacağıq. Jdanov bombalanmanı psixoloji olaraq yaşaya bilmirdi. Dərhal bunkerdə gizlənirdi. Günün çoxunu Smolnıdakı bunkerdə keçirirdi. Jdanov özü Stalinə etiraf etmişdi ki, nadir hallarda bunkeri tərk edir, yuxarıda isə Kuznetsov işləyir. Stalin birbaşa atama zəng etdi. Daha sonra siqaret qutusunun üstünə “Aleksey, bütün ümid sənədir. Vətən səni unutmayacaq” yazıb atama göndərdi. Siqareti atama Merkulov çatdırdı. O adətən hamıya “siz” deyə müraciət edərdi. Ancaq atama “sən” dedi. Çünki onunla münasibəti tamamilə fərqli idi. Müharibədən sonra atam bu siqareti hamıya göstərirdi. 1949-cu ildə atamı “Leninqrad işi”nə görə həbs etdilər.O zaman gəlib evdə axtarış apardılar, Stalinin yazdığını istəyirdilər”.
Beriyanın qəzəb küpü
1949-cu ilə qədər heç kəs düşünməzdi ki, Kuznetsovu repressiya gözləyə bilər. Müharibədən sonra Stalin onu Moskvaya çağırıb Mərkəzi Komitədə Malenkovun yerinə kadrlarla iş üzrə katib təyin etdi. Bundan başqa ona təhlükəsizlik orqanlarının, prokurorluğun kurasiyası da etibar edilmişdi. O zamana qədər bu vəzifəni Beriya yerinə yetiridi. Onun yataq otağında Kremllə birbaşa telefon əlaqəsi vardı:
-Mən hərdən bazar günləri onun otağına qaçır və telefonu götürüb qışqırırdım: “Lavrintin, hamama gedib tərləyəkmi?” Daha sonra atama bunu irad tutdular. Dedilər ki, onun oğlu özünə çox şey rəva görür. Atam tez -tez Stalinin bağ evində olardı. 1947-ci ildə Abxaziyada Stalin Siyasi Büronun 5 üzvünü- Molotov, Kaqanoviç, Beriya, Malenkov, Mikoyanı çağırdı. Atam da dəvət olunmuşdu. Orda dedi ki, özündən sonra cavan, enerjili varis lazımdır. Hamının içində elan etdi ki, atamı varis kimi görür. Bu, Malenkov və Beriyanın xoşuna gəlmədi. Stalinin bu bəyanatında sonra onlar ikisi “Leninqrad işi”ni qaldırdılar. Stalinə bildirdilər ki, onun güvəndiyi gənc, perspektivli rəhbər mərkəzi Moskvada olan Rusiya Kommunist Partiyasına qarşı çıxır. Bu, Stalinin hakimiyyətinə qarşı əsl təhdid idi. Satqınlıq üçün başqa maddələr də qoymuşdular.
Qızının toy günü cəzalandırılan ata
Kuznetsovun oğlu xatırlayır ki, atası ilə birlikdə Kirovun dul qalan xanımını ziyarət edirdilər:
– O qadın ağlını demək oar ki, itirmişdi, kuklalarla oynayır, yanındakı heç kəsi tanımırdı. Atam 30-cu il repressiyasının qurbanlarının taleyi ilə maraqlanır, sənədləri götürüb oxuyurdu. O, repressiyaya qarşı idi. Bunu təkcə Stalinə demişdi, çekistlərə də bildirirdi. Bunu ona “Leninqrad işi”ndə xatırlatdılar. Stalin deyilənlərə qulaq asdı, onu işindən, partiya fəaliyyətindən uzaqlaşdırdı. Bu, mənim bacımın tou günü baş verdi. O, Mikoyanın oğlu ilə evlənirdi. Mikoyan atamı toya gəlməyə vadar edirdi.
Kaqanoviç bunu eşidəndə atama dedi:
-Sən ağlını itirmisən?
Atam toyda özünü adi qaydada aparırdı, şənlənirdi. Sonra atamı Kremlə çağırdılar. Biz onun arxasınca pəncərədən baxdıq və daha sonra onu bir daha görmədik”.
Mikoyanın küçədən oğurladığı uşaq

Bundan sonra Kuznetsovun arvadı da tutuldu. Onu Vladimirovskdəki qadın həbsxanasına göndərdilər. Ora xanım Kuznetsova, Lidiya Ruslanova, Zoya Fedorova və Qalina Serebryakova ilə bir kamerada qalırdı. Kuznetsovun 12 yaşlı oğlu isə Mikoyanın evində yaşayırdı. Onu demək olar ki, küçədən oğurlamışdılar və bir il ərzində bağda gizli olaraq saxladılar. Buna görə uşaq hətta məktəbdən də məhrum oldu. Stalin uşağın Mikoyanın bağında olduğunu bilirdi, amma buna heç bir reaksiya vermirdi. Hətta deyirlər ki, Stalin məşhur “Oğul ataya görə cavabdeh deyil” sözlərini bu hadisə ilə bağlı deyib. Stalin gözlərini yumub və bu sözləri söyləyib. Daha sonralar oğluna atasının taleyi barədə bəzi detallar məlum oldu. Kuznetsovun onurğa sütununu elə zədələmişdilər ki, o, hətta yerindən qalxa bilmirdi. Deyilənə görə, işgəncələr altında o, günahlarını “etiraf etdi”. Hökm oxundu və Leninqradın müdafiəçisi edam olundu. Onu Piter ətrafında adsız məzarda dəfn etdilər. Həmin məzarlıqda Stalin repressiyalarının 50 minə yaxın qurbanı dəfn olunmuşdu. Kuznetsovun arvadı da repressiyaların qurbanı oldu. Onun da qismətinə Moskva ətrafında adsız məzar düşdü.




mənbə
Cebhe.info