“Qarabağda azərbaycanlı qalıb ki, ermənilər də icma yaratsın…”
“Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri olaraq erməni işğalı altında olan Qarabağda ikinci bir azərbaycanlı icmasının olması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edirəm. Bu, Ermənistan tərəfinin növbəti təxribatıdır. Əsas məqsədləri dünya ictimaiyyətini çaşdırmaqdır ”.
Bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov açıqlamasında deyib.
B.Səfərov işğal altındakı Dağlıq Qarabağ ərazisində ermənilərin azərbaycanlı icması yaratmaq cəhdlərinə belə münasibət bildirib:
“Biz neçə ildir ki, icmalar üçün görüş tələb edirik. Erməni tərəfi icma ilə görüşmür, indi isə Qarabağda hansısa 6 azərbaycanlıdan icma düzəldirlər. Heç mən inanmıram ki, orda 6 azərbaycanlı yaşasın. Çünki ermənilərin özləri hər zaman deyiblər ki, Qarabağda 1 nəfər də olsun azərbaycanlı qalmayıb”.
Bayram Səfərov bildirib ki, Azərbaycanda erməni icmasının yaradılmasına ehtiyac yoxdur:
“Bizdə erməni icması niyə yaradılmalıdır ki?… Ermənilər ilk dəfə deyil ki, yalana əl atırlar. Sizcə ermənilər orada icmaların qayğısına qalır? Bu qətiyyən mümkün deyil. Bunlar absurd məlumatdır”.
Qeyd edək ki, bu gün Ermənistan mətbuatı Dağlıq Qarabağdakı separatçı rejimin “mədəniyyət və gənclər naziri” Narine Ağabalyanın işğal olunmuş ərazilərdəki milli azlıqlarla görüş keçirdiyi haqqında məlumat yayıb.
Məlumata görə, görüşdə rus, yunan, gürcü, ukraynalı icmaların nümayəndələri iştirak edib. İşğalçı dövlət hətta Dağlıq Qarabağda azərbaycanlı icmanın da olduğunu iddia edərək, onun da bu görüşə qatıldığını bildirib.
Erməni tərəfi onu da iddia edir ki, 2005-ci ildə Dağlıq Qarabağda keçirilən siyahıyaalama zamanı bölgədə 171 rus, 22 yunan, 21 ukraynalı, 12 gürcü və 6 azərbaycanlı qeydə alınıb.