Bakıdan sərt reaksiya: 3 böyük ölkəyə xəbərdarlıq
Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir qeyd edib ki, Azərbaycan bütün fəaliyyəti ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olmayan Minsk qrupunun fəaliyyətindən narazıdır.
E.Məmmədyarov əlavə edib ki, rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət üzrə məruzəyə baxılması ilə bağlı bəyanatını digər ölkələrə təzyiq kimi qiymətləndirir.
Nazir qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) öz narazılığını həmsədr ölkələrin xarici siyasət idarələrinə çatdırıb.
"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Tələb edirik ki, Minsk Qrupu fəaliyyətini bu istiqamətdə qursun. Azərbaycanın torpaqları işğal altındadır. BMT TŞ-nin üç daimi üzvü Minsk Qrupuna rəhbərlik edir, lakin heç bir irəliləyiş olunmayıb. Həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür. Mən Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinə məktub ünvanlamışam və Bakının mövqeyini onların diqqətinə çatdırmışam.
Azərbaycanın istənilən məsələni beynəlxalq arenada qaldırmaq kimi suveren hüququ var və heç kimin ölkənin suveren işlərinə qarışmaq haqqı yoxdur. Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə bilməzlər. Onlar Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir", – deyə nazir bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrləri