2016-cı ilin Qarabağ PROQNOZU: Nə danışıqlarda irəliləyiş olacaq, nə də müharibə başlayacaq…
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların yarıtmaz mövqeyi onlara olan etimadı sıfıra endirib. Hüquqi sənədlərdə ədalətli prinsiplərin işləməsinə baxmayaraq, reallıq tam əksini göstərir. Dünyanın münaqişə ocaqlarından biri olan Cənubi Qafqaz regionu hələ də qərəzli yanaşmalara tamaşa edir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllindən daha çox münaqişənin uzanmasına səy göstərir. İşğalçı dövlətə qarşı “dərin hörmət” bəsləyən beynəlxalq qurumun işi pafoslu vədlər verməkdən ibarətdir. Axı, nə vaxta qədər?! 2016-cı ildə Dağlıq Qarabağ münaqişənin taleyi necə olacaq?! Münaqişənin həllinə ümid varmı?!
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında deyib ki, Minsk qrupu münaqişənin həllinə çalışmır.
“ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində münaqişənin həlli sürətlənməyəcək. Yeganə alternativ yol atəşkəsin pozulması və işğalçıya müxtəlif zərbələrin endirilməsidir ki, işğalçı dövlət getdikcə zəifləsin. Amma danışıqlar prosesində ciddi irəliləyişlərin olacağını gözləmirəm. 2015-ci ildə də münaqişənin həlli ilə bağlı ümidim yox idi. Çünki hadisələrin gedişi ümid üçün əl yeri qoymurdu. Ötən il də atəşkəsin intensiv şəkildə pozulması halları baş verdi.
Prezidentlər bir dəfə görüşdülər. Məhz Bern görüşü də nəticəsiz qaldı. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona bir neçə dəfə səfər etsə də yeni ideya yox idi”.Politoloq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı səsləndirdiyi yeni sənədin olmaması fikrinin doğruluğunu təsdiqləyib. “Əslində, Lavrov, münaqişənin həlli ilə bağlı yeni sənədin olmaması deməkdə haqlıdır. Çünki elə bir ciddi sənəd və təklif yoxdur. Bir Madrid prisipidir ki, o da neçə illərdir masa üzərində qalıb. İrəliyə doğru heç bir addım atılmır. Necə ki, 2015-ci ildə heç bir irəliləyiş olmadı, eləcə, 2016-cı ildən də ciddi irəliləyişin olacağını gözləmirəm”.
Ekspert indiki vəziyyətdə müharibənin olacağı fikrini qəbul etmir.
“Çünki Avrasiya bölgəsində vəziyyət qarışıqdır. Üstəgəl, Azərbaycan böyük layihələri- tranzit, nəqliyyat enerji layihələrini həyata keçirmək istəyir. Belə bir ərəfədə toqquşmanın başlanması böyük problemlər yarada bilər. Bizim üçün ən böyük sual odur ki, torpaqlarımızı güc yolu ilə azad etməyə başlasaq, Rusiya və İranın mövqeləri necə olacaq?! Çünki bu iki dövlətin Ermənistanla sıx əlaqələri var.
Ona görə də nə danışıqlarda irəliləyiş olacaq, nə də müharibə başlayacaq. Vəziyyət belə də davam edəcək. Sadəcə, atəşkəsin pozulması halları baş verəcək. Bu yolla çalışacağıq ki, Ermənistanın insani və maliyyə potensialını azaldaq. 2016-cı ildə də atəşkəs intensiv şəkildə pozulacaq. Amma müharibənin olacağını da ehtimal etmirəm”. Elxan Şahinoğlunun sözlərinə görə Minsk qrupu bundan sonrakı proseslərdə də ciddi addımlar atmayacaq. “Fikir verin, 2015-ci ildə atəşkəsin pozulması zamanı ağır texnikadan istifadə edildi. Həmin ərəfədə ATƏT-in Minsk qrupu nəsə edə bilirdimi?! Yalnız həyəcanverici açıqlamalar verdilər. Ermənistan narahat olduğunu bildirdi. Prezident İlham Əliyev deyib:
“ATƏT-in Minsk qrupu münaqişənin həllində maraqlı deyil. Bizə qarşı ikili standart var”. Deməli, o, vəziyyəti bizdən yaxşı bildiyinə görə bu qənaətə gəlib. Bu gün danışıqların əsas predmeti odur ki, Dağlıq Qarabağ bir yana, heç kənar rayonlar da boşaldılmır.
Bu da o deməkdir ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər heç olmasa bir neçə rayonun boşaldılması üçün Ermənistana təzyiq göstərmirlər. Belə olan təqdirdə vəziyyət stabilləşər. Azərbaycan da hansısa qarşılıqlı addımlar atar. Ermənistan ilkin addımlar atmadığına görə nə Madrid planı işləyir, nə də bölgədə sülh yaratmaq mümükün olur. İndiki vəziyyətdə Minsk qrupu heç bir təsir etmir.
Əksinə, Fransa ermənipərəst qanun layihəsini gündəmə çıxarmağa hazırlaşır. Fransa prezidenti Olland da deyir ki, ola bilsin həmin sənədi imzalasın. Bu, qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza mexanizminin tətbiqidir. Əslində həmsədr dövlətlər də tərəfsiz olmadıqlarını biruzə veriblər”.