“Gələcəyə Körpü” və Yaponiyanın Azərbaycandakı səfirliyi Gəncə şəhərində yeni layihələrə imza atdılar
29 yanvar tarixində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində həyata keçiriləcək olan “Gəncə şəhər 25 saylı uşaq bağçasının təmiri” və “Gəncə şəhər 5 saylı xəstəxananın təmiri” layihələrinin qrant müqavilələrinin imzalanması mərasimi təşkil olundu.
“Gəncə şəhər 25 saylı uşaq bağçasının təmiri” layihəsinin əsas məqsədi qeyd olunan bağçada uşaqlar üçün nümunəvi şərait yaratmaq, “Gəncə şəhər 5 saylı xəstəxananın təmiri” layihəsi isə Gəncə sakinləri üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq, 5 saylı xəstəxananı əsaslı surətdə təmir etməkdir.
Layihələr Yaponiya səfirliyinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” vasitəsilə maliyyələşdirilir. Proqramın məqsədi bələdiyyələr, tibb institutları və QHT-lərin Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması ilə bağlı olan layihələri dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə keçirilə bilər.