“Freedom House” növbəti dəfə Qarabağı Azərbaycandan azad adlandırdı
"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı 2016-cı il üçün dünyada vəziyyətə dair illik hesabatını hazırlayıb.
Təşkilat 195 ölkəni azad (86), qismən azad (59) və azad olmayan (50) ölkələrə bölüb.
Azərbaycan əvvəllər də olduğu kimi, bu dəfə də azad olmayan ölkələrin sırasındadır.
Hesabatda qeyd olunub ki, Azərbaycanın bu reytinqi jurnalistlər, müxalifət fəalları və hüquq müdafiəçilərinə qarşı təqiblər, ədalətli məhkəmə araşdırması hüququnun olmaması ilə müəyyən edilib.
Azərbaycanın qonşuları Gürcüstanla Ermənistan da qismən azad ölkələr sirasına daxil edilib.
O da maraqlıdır ki, bu kateqoriyaya Dağlıq Qarabağ “ərazisi” də daxil edilib.
Virtualaz.org xatırladır ki, rəsmi Bakı bir qayda olaraq “Freedom House” təşkilatını 20 ildən artıqdır ki, Azərbaycanla bağlı qərəzli hesabatlar yaymaqda günahlandırır. Bu barədə virtualaz.org olaraq biz də dəfələrlə yazmışıq. Bir daha bildiririk ki, bu qurumun idarə heyətində ermənilər təmsil olunur, onlar erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərir və Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı əleyhinə iş aparırlar. Məqsədləri isə ictimai-siyasi sabitliyi pozmaqdır.
Təsəvvür edin, onlar 20 faiz ərazimizin işğal olunmasını, bir milyondan çox qaçqın-köçkünümüzü "görmürlər". Amma bununla da kifayətlənmir, üstəlik separatçıların yaratdığı rejimi Azərbaycandan azad hesab edir və bununla həmin işğalçı rejimi faktiki olaraq tanımış olurlar.
Bir sözlə, "Freedom House” və bu tip təşkilatların ölkəmizə qarşı olan qərəzi açıq-aydın ortadadır.